VAQİF ASLAN- Hürufizm postsufizm hadisəsi kimi- (davamı)


Əvvəli burada: https://yenises.ru/vaqif-aslan-hurufizm-postsufizm-hadis%c9%99si-kimi/

            3. Hürufizmin dini-ruhani dünyagörüşümüzə və ədəbi – fələsi yaradıcılığımıza təsiri

F.Nəiminin “Cavidannamə” əsində irəli sürülən kosepsiyalar qlobal düşüncələrin və özünüdərkə xidmət edən təsəvvürlərin kəsişməsi, sinkretizmi və məcmusu şəklində öz ifadəsini tapır. Zərrənin küllün  bir hissəsi, zərrə küllə qovuşduqda vəhdəti-vücud şəklində təzahür etməsi dərin köklərə malik mifik-mistik, elmi-atomistik bir görüş idi. Antik nəzəriyyə və fəlsəfi sistemlərin ərəb, xüsusi ilə Suriya ərəbcəsinə və suriyani dilinə zaman-zaman tərcümə edilməsi müsəlman aləmində sufizmə və hürufizmə zəmin yaratmışdı.

F.Nəiminin və davamçılarının “Allahın insan şəklində təzahür etmə”si  konsepsiyası əksər islam ruhaniləri tərəfindən zındıqlıq kimi qəbul edildiyindən  hürufiləri qətlə yetirdilər və ya edam etdilər.  Ancaq bir şey var idi ki, Allahın  Yer üzündə təzahürü buddaçıların “Bxaqavad-qita olduğu kimi“  adlı kitabında Allah-Ali Şəxs Krişnanın “Möminləri xilas, cinayətkarları məhv, dini prinsipləri bərpa etmək üçün mən hər minillikdən-minilliyə (Bax.Həmin kitab. dördüncü fəsil, mətn 8, s.206) zühur edirəm” şəklində öz ifadəsini tapmışdı. Xristianlıqda İsa peğəmbərin Allahın oğlu olmasına və nə zamansa zühur edəciyinə inam hökm sürürdü. Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə daha bir tarixi hadisə baş verdi. 2025-ci ilin 27-30 noyabr tarixlərində Türkiyədə səfərdə olan Katoliklərin mənəvi lideri və Vatikan prezidenti Papa XIV Leon 28 noyabr 2025-ci il tarixdə Roma, Konstantinopol, İskəndəriyyə, Antakya, Qüds dini nümayəndələrinin müşayiəti ilə  helikopterlə İznikə səfər etdi. Düz 1700 il bundan əvvəl – 325-ci ildə burada-İznik məclisində Xristian  Konstitusiyası yazılmışdı, Paskaliya-Pasxa – Diriliş bayramı, Isa Allahın oğlu və Allahla eyni zat, onun elçisi (Bax. https://hamamtimes.tv/papa-xiv-leonun-iznik-s%C9%99f%C9%99ri/) kimi  qəbul edilmişdi. Çox qəribədir ki, nəinki xristianlar, hətta, müsəlmanlar belə indi də Cəfərilikdə 14-cü məsum, qeybə çəkilib qiyamətdən öncə zühur edəcək Mehdi sahib əz zamanın qiyamət günündə İsah Məsihlə (https://az.wikipedia.org/ wiki/ %C4%B0 Imam_Mehdi) yer üzünə enəcəyi günü gözləməkdədirlər.

Onu da qeyd edək ki, İsa peyğəmbərin dülgərlik, F. Nəiminin papaqçılıq etməsi ən adi anlamda belə onların özlərindən əvvəlki mifik-mənəvi,  dini-ruhani, elmi-ədəbi-fəlsəfi sistemlərlə tanışlıqlarına mane olmamışdı. Həzrəti Məhəmməd peyğəmbərin oxumaq-yazmaq bilməməsi ona 40 yaşında ikən Məkkə yaxınlığındakı Hira mağarasında Allahdan ilk vəhy almasına (Bax. Xatəmül-Ənbiya Həzrəti Məhəmməd və həyatı, s.57-60) mane olmamışdı.   Buna görə də “Cavidannamə”də  təkcə antik yunan və Roma dövrlərinin dünyagörüşü və fəlsəfəsindən deyil, həm də onlardan çox-çox əvvəlki zamanlarda yaranmış ibtidai, mifik, mistik, arxaik, antik, həm də  Şərqi və Qərbi ehtiva edən    düyagörüşlərindən bəhrələnmə və birbaşa  “Quran’i Kərim”ə  əsaslanma öz ifadəsini tapmışdı.

Əsrlər boyunca Şərq cəhalət pərdəsinə bürünmüş kimi təqdim edilsə də, Qərb dünya tarixini Şərqdən başlamağa məcbur olurdu. Qədim yunan və Qədim Roma Şərq müstəvisində təbii görünürdü. İntibahın Şərqdən – Qərbə, Qərbdən – Şərqə yerdəyişməsi prosesində qarşılıqlı bəhrələnməni inkar etmək mümkün deyildi. Antik yunan, Roma və digər Qərb mənbələri də Şərq dillərinə tərcümə edilib yayılırdı. “Quran’i Kərim”in ərəb dilində nazil olması da bu müqəddəs kitabın şərhində ərəb dilinə tərcümə edilən Qərb və Şərq mənbələrinə istinad etmək zərurəti yaradırdı və bu qaçılmaz idi. Bu qaçılmazlıq özünü hürufi ədəbiyyatda və düşüncədə, təsəvvürdə və fantaziyada göstərməyə başladı.

Hələ e.ə. V əsrdə  poetika haqqındakı düşüncələrini  özündən əvvəlki dövrün və öz dövrünün ədəbi nümunələri  üzərində quran Demokrit  “Poeziya haqqında”,  “Şeirin gözəlliyi haqqında”,  “Xoş səslənən və xoş səslənməyən hərflər haqqında”, “Ritm və harmoniya haqqında”, “Nəğmə oxumaq haqqında” adlı əsərlərin müəllifi kimi şöhrət qazanmışdı. Demokrit səsin evfonik elementlərini (evfoniya-xoşahənglik, ahəngdarlıq, xoşavazlıq) əsas götürürdü. O, şeirin gözəlliyini ritmin və simmetriyanın gözəlliyində, uzun və qısa səslərin bir-birini növbə ilə əvəz etməsində-alliterasiyada, səsin  bu növbələşməyə uyğun olaraq qalxıb enməsində, ölçünün riyazi nisbətində  görürdü. Demokrit hecanı vahid kimi götürür, hecalardan bölgü, bölgülərdən ölçü, ölçüyə uyğun olaraq ikinci misra və beləliklə qafiyələnən qoşa misra yaranır ideyasını irəli sürürdü.  Demokrit hecanı şeirin atomu (Bax. Маковельский. Dreneqreçeskiye atomistı. Poetika. S.165-166) hesab edirdi.

 “Quran’i Kərimi”n səmaviliyinə, onun yazıldığı əlifbanın müqəddəsliyinə, ayələrinin poetizminə ilahi heyranlıq keçirən müsəlmanlar üçün “hürufizm” geniş meydanlar açdı. “Vəhy”, “Təb” və “İlham” sözləri az qala sinonim sözlər kimi qavranılmağa başladı. Qətllərə və edamlara, təqiblərə və izlənmələrə baxmayaraq sözün, hərfin, hecanın məntiqində yeni qatlar kəşf edildi.  Hürufilər insanda ilahi nuru və Tanrı saflığını gördülər. Antik ədəbiyyatda tez-tez işlənən bir istilah vardır ki, adına “Katarsis” deyirlər və onu Aristotelin (e.ə.384-322) adına bağlayırlar. Aristotelin “Poetika” əsərini Azərbaycan dilinə tərcümə edən akad. Aslan Aslanovun (1926-1995) “Aristotel və onun poetikası” adlı  “Ön söz”ündə isə belə bir qeyd vardır: “Aristotel “Politika” əsərində (VIII, 7,4, 13, 41) “Katarsis” istilahının mənasını şərh edəcəyini vəd edir, amma bu istilahın “Poetika” əsərində şərhinə təsadüf (Bax. Aristotel. Poetika. s.18) edilmir”.

Əslində təsadüf də edilə bilməzdi. Ona görə ki, Aristotelin özündən 100 il qabağa dünyaya gələn yunan müdriki – filosof-maq, həkim-loğman, natiq-təbliğatçı  Empedokl (m.ö.483-423 və ya 494-434) yazdığı “Peri fisis” (“Təbiət haqqında”) və “Katarsis” (“Təmizlənmə” – “Arınmalar”) adlı poemalarında bunu şərh etmişdi. Aristotel, olsa-olsa, Empedoklu təkrar etməli idi. Empedoklu şərh edən əcnəbi mütəxəssislər onun hər iki əsərinin həm Fəzlullah Nəiminin, həm də İ.Nəsiminin fəlsəfəsinə müəyyən təsiri olduğunu göstərirlər. Xüsusi ilə Hermann Dielsin (1848-1922) “Yunan mətnləri”, A.O. Makovelskinin (1884-1969) “Dosokratiki” (“Sələfi Sokratlar” və ya “Sokrata qədərkilər”), Henrix Yakubanisin (1879-1949) “Empedokl: filosof, loğman, sehrbaz” kitabında Empedoklun şeirləri ilə Nəsiminin bir sıra şeirlərinin müqayisəli təhlili  verilmişdir Henrix Yakubanisin əsas işi Empedoklun dörd ünsür–“Torpaq”, “Hava”, “Su”, “Od” və “İki qüvvə” – “Məhəbbət” və “Nifrət” haqqında təlimini təhlil etməkdən ibarət olmuşdur.  İ.Nəsiminin “Bu cism evinə, taleba, seyr edərək can gəlir” misrası ilə başlanan 62 beytlik poemasını (məsnəvisini) şərh edən Henrix Yakubanis “üzvi aləmin inkişafında dörd pillə haqqında Empedokl nəzəriyyəsi”nin bütünlüklə orada öz ifadəsini tapmış olduğunu göstərmişdir. Yakubanisin fikrincə, İ.Nəsimi məsnəvisində bir sıra hallarda Empedoklun uyğun fraqmentlərinin sanki hərfi   tərcüməsini vermişdir. Akademik Aslan Aslanov Əli Əjdər Seyidzadənin AzEA Fəlsəfə İnstitutunun əsərlərinin II cildinin 28-38-ci səhifələrində  1946-cı ildə çap edilmiş  “Materializm Nəsimi fəlsəfəsinin əsasıdır” adlı məqaləsinə istinad edərək 1926-cı ildə S.Mümtaz tərəfi ndən çap etdirilən Nəsimi “Divan”ının müvafiq şeirləri də Empedoklun fraqmentlərinə  tam uyğun gəlir” (Bax.Aristotel. Poetika. Poeziya sənəti haqqında. Şərhlər.  Bax.səh.142-143) fikrini bir daha təsdiq etmişdir. Hesiodun (M.Ö.750-650) “Teoqoniya”sında da Eros dünyəvi prosesin yaranışında meydana gəlmişdir, burada “məhəbbət kosmoqonik başlanğıc və hər bir əşyanın ilkin yaranış punktu  olmuşdur” (Bax. Yenə  Trençeni-Valьdapfelь. Qomer i Qesiod, s.30-31, əlavə olaraq, qeyd 29, s.111) hökmü əsas götürülmüşdür. Antik yunan rəssamlığı və heykəltəraşlığında “Erot-Eros məhəbbət allahı olaraq əlində ox və yay tutmuş oğlan uşağı” və ya “gözəl gənc” kimi (Bax. ASE, IVcild, s.94) təsvir edilir. İ.Nəsimi yaradıcılığı və hürufi fəlsəfəsi elə indinin özündə də qlobal səviyyədə diqqəti cəlb etməkdədir. 2019-cu ildə YUNESKO xətti ilə İ.Nəsiminin 650 illik yubileyi keçirilmiş, şairin əsərləri Belqradda rus dilindən  serb dilinə tərcümə edilməklə çap edilmişdir.  Şeirləri serb tərcüməçi Milan Vuçiç rus dilindən  serb dilinə (Bax. Cəlil Nağıyev. Azərbaycan-serb ədəbi əlaqələri: İmaməddin Nəsiminin poeziyası serb dilində. “Klassik Azərbaycan ədəbiyyatı: dil, üslub, ideya problemləri” adlı elmi konfransın materialları, s. 156-159) tərcümə  etmişdir. Çox təəssüflər olsun ki, sözügedən tərcümə orijinaldan edilən tərcümə deyildir-V.As..  

XIV əsrin əvvəllərindən başlayaraq XVI əsrin sonlarınadək Qərbi və Mərkəzi Avropanı əhatə edən İntibah dövrünün fərqləndirici xüsusiyyəti insanı ön plana çıxarması ilə səciyyəvi olmuşdur. “lütf”ü (“mehribanlığı”), “hüsn-cəmal”ı ilə Tanrıya bənzətdiyi insanı İ.Nəsimi belə vəsf edirdi:

Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər.
Gərci ucmaq hurisi cümlə ana can dedilər.

*
Səni bu hüsn-cəmal ilə, bu lütf ilə görən
Qorxdular Həqq deməyə, döndülər insan dedilər

*
Ey Nəsimi, dəmi-İsa deyil isə nəfəsin,
Nəfəsi doğrular ana nə üçün can dedilər?

(Bax. Nəsimi.Seçilmiş şe’rlər. Səh. 37-38)

İ.Nəsimi “mən müsəlman olmanam” deyəndə də “müsəlman olduğunu” inkar etmirdi. Bir insan kimi o özünü “küll”ün “zərrəciyi” hesab edirdi. İ.Nəsimi hürufi məntiqi ilə qədim, ən qədim, müasir və ən müasir  idi. Axı, onun Adəm şəcərəsi ilkinlikdən qaynaqlanırdı. Burada onun düşüncələri Demokritin atomizm nəzəriyyəsinə, atomun sonsuzadək bölünmə, artma və çoxalma düşüncəlirinə adekvat idi. Adəmin mahiyyəti şaman, azər, müsəlman, xristian, buddaçı, konfusi, karate, ninza   olmaqla bitmir. Adəmin mahiyyəti onun tanrıyabənzər yaradılışında və ilahi saflığındadır. Özünü  bu səviyyədə dərk edən “kamil insan”,  dərk etməyən insan isə “cahil insan”dır. Baxın ki, İ.Nəsimidə özünüdərkin səviyyəsi nə qədərdir:

Sirri-zatın gövhəriyəm,  mən müsəlman olmanam.
Əhli-imanəm, yəqinəm, mən müsəlman olmanam.
Məscidü mehrabü minbər – ol mənim sinəmdədir.
Mən onun hərfin oxuram. mən müsəlman olmanam.

Şəriətdən, təriqətdən çox kitablar oxudum.
Ol kitabı mən bilirəm, mən müsəlman olmanam.
Ol mənim atam, dəxi anam müsəlmandır, vəli.
Bu şəriət şərti ilə mən müsəlman olmanam

Kəbəni bütxanədən fərq eyləyən gəlsin bəri.
Bu sözün küfri nədir ki, mən müsəlman olmanam
Mən Nəsimi həqqi buldum, həqqə iqrar eylədim.
Çün müvəhhid mömin oldum, mən müsəlman olmanam.

                                                 (Bax. Rəhim Əliyev. Nəsimi və klassik dini üslubuntəşəkkülü.

                                                 Səh.97..Bakı, “Nafta-Press”, 2006.)

Budur, “müvəhhid mömin” – “Allaha inanan” mömin olduğunu  təsdiq edən İ.Nəsimi “müsəlman” olanadək  Adəm kimi keçdiyi yolun Tanrı xeyir-duasından  başlandığını xatırladır.  Bu başlanğıc və evolyusiya şairin digər əsərlərində də ilahi aydınlığı ilə ifadə olunur. Bu aydınlıqdakı heyranlıq Tanrının hər yerdə və hər şeydə görünməsindən yaranır. Bu heyranlığı yaşaya və görə bilmək “kamil insan”ın işidir:

Çün məni bəzmi əzəldə eylədi ol yar məst.
Ol cəhətdən görünür bu çeşmimə dəyyar  məst.

Cinn məstu, ins məstu, cümlə bu vəhşi tüyür
Xak məstu, bad məstu, kövkəbi səyyar məst.

Adəmü Həvva, məlayik, hüruyi qılmanü məst.
Kövsəri tubavü rizvan, Cənnəti didar məst.

*
Nuhu Davudu Süleymani Zəkəriyəvü Şüeyb
Musa məstu, İsa məstu, Əhmədi-Muxtar məst.

*
Qazi məstu, müfti məstu, sufi məstu, safi məst.
Cüreyi-cami-ələstdən möminü küffari

Ey Nəsimi, sirri-həqqin məhrəmi sənsən bu gün.
Söylədin qüdrət diliylən məniyi əsrar məst.

                                       (Bax.İ. Nəsmi.Məndə sığar iki cahan. S. 226-228)

Elə bu məqamda səhrada azmış dəvəsinə yol göstərən şəxsin Məcnun olduğunu bilən Leylinin dilindən deyilən 

Ey qılan şeyda məni, məndən bu istiğna nədir?
Nişə sormazsan ki, əhvali-dili-şeyda nədir?

*
Gər mənə xəlq içrə pərva qılmadın, məzursan.
Böylə tənhalıqda qılmazsan mənə pərva, nədir?

          (Bax.M. Füzuli. Leyli və Məcnun, s.153)

beytləri ilə başlanan qəzələ Məcnunun dilindən verilən cavab Tanrı eşqindən  məst və sərməst olan Adəm heyrətini necə də sufi-hürufi fəlsəfəsi səviyyəsində ifadə edir. Burada Nəimi davamı olan Nəsiminin, Nəsimi davamı olan Füzulinin Adəm anlayışının ilahiliyini görürük:

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir…
Mən kiməm, saqi olan kimdir, meyü-səhba nədir.

*
Gərçi canandan dili-şeydam üçün kam istərəm.
Sorsa canan bilməzəm kami-dili-şeyda nədir.

*
Vəsldən çün aşiqi müstəğni eylər bir vüsal.
Aşiqə məşuqdən hərdəm bu istiğna nədir?

*
Hıkməti-dünyavi-mafihə bilən arif deyil.
Arif oldur bilməyə dünyavi-mafiha nədir.
*
Ahü fəryadın, Füzuli, incidibdir aləmi.
Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?

(Bax.M. Füzuli. Leyli və Məcnun, s.155)

 Burada M. Füzulinin “Hıkməti-dünyavi-mafihə bilən arif deyil” etirafı Nəsiminin “Kamil İnsan” düşüncəsindən qaynaqlanır. Adəmə qədərki yaradılışlarda bu və ya digər elementlər məhdud sayda paylansa da, insanda insana məlum olan və məlum olmayan bütün elementlər ilahi qaydada cəm olmuşdur. İnsan daşı, torpağı,ağacı, yarpağı nə qədər bilsə də, özünü o qədər bilmir. Elə buna görə də arif olan Yaradandır. İnsanın sirrini Yaradan bilir. Kimyəvi elementləri onların atom nömrələrinə, elektron konfiqurasiyalarına və təkrarlanan kimyəvi xüsusiyyətlərinə görə sıralayan cədvəl “Elementlərin dövri sistemi cədvəli” adlanır. Bu cədvəli1869-cu ildə Dmitri Mendeleyev (1834-1907) 1369-cu ildə Şamaxıda təvəllüd edən İ.Nəsimidən düz 500 il sonra tərtib etmişdir. Özünə qədərki düşüncələrdən qidalanan və özündən sonrakı düşüncələrə qida verən Nəsimi özünün şəxsində Adəmi belə nəzmə çəkir: 

Məndə sığar iki cahan, mən bu cahana sığmazam!
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam!

Küllün kiçik  bir zərrəciyi olan Nəsimi iki cahanı ehtiva etsə də, cahana sığmazlığını, sığışdığı məkanda məkansızlığın gövhəri olduğunu etiraf edir. Yaradanın “Ol” hökmüylə yaranıb kainatda olan elementlərin məcmusundan ibarət olduğunu dilə gətirən İ.Nəsimi  bütün bunların izaha, şərhə və bəyana sığmadığını elan edir:

Ərş ilə fərşü kafu nun, məndə bulundu cümlə çun.
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam. 

Nəsimi şeirinin məntiqinə daldıqca insanın “Elementlərin dövri sistemi cədvəli”nə daxil olan və bundan sonra kəşf edildikcə daxil olacaq elementlərin məcmusu olduğunu görürsən. Elə bu məqamda Adəmin otura-dura, addımlaya-yeriyə, gülə- ağlaya, sevinə-kədərlənə, sakitləşə-qəzəblənə bilən  “Cədvəl”  olduğunu görür və heyrət edir, sanki özünü kəşf etmiş olursan. Bu “Cədəl”də elementlərin hansı proporsiya, hansı nisbət, hansı miqdar, hansı cazibə ilə əlaqələndirilməsi isə ilahi sirr olaraq qalır.


Kövnü məkandır ayətim, zatinədir bidayətim.
Sən bu nişanda bil məni, bil ki, nişanə sığmazam.

*
Kimsə gümanı zənn ilə olmadı həqq ilə biliş.
Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.
*
Surətə baxü məniyi sürət içində tanı kim,
Cismilə can mənəm, vəli, cismilə canə sığmazam.
*
Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsənciyəm.
Bunca qümaşü rəxt ilə mən bu dükanə sığmazam.
*
Gənci-nihan mənəm, mən uş, eyni-əyan mənəm, mən uş.
Gövhəri-kan mənəm, mən uş, bəhrəvü kanə sığmazam.
*
Gərçi-mühiti-əzəməm, adım Adəmdir, adəməm,
Tur ilə kün-fəkan mənəm, mən bu məkana sığmazam.
*
Can ilə həm cahan mənəm, dəhr ilə həm zaman mənəm.
Gör bu lətifəyi ki, mən, dəhrü zəmanə sığmazam.
*
Əncüm ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilini və əbsəm ol, mən bu lisanə sığmazam.
*
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm.
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
*
Zatiləyəm sifat ilə, gülşəkərəm nəbat ilə,
Qədriləyəm bərat ilə, püstə dəhanə sığmazam.

*
Şəhd ilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm.
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.
*
Tir mənəm, kəman mənəm, pir mənəm, cavan mənəm.
Dövləti-cavidan mənəm, ayinədanə sığmazam.
*
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm.
Məndən uludur ayətim, ayətə, şanə sığmazam.

                               (Bax. Нәсими. Мәндә сығар ики ҹаһан. 1973.c. 87-88.)

Budur, Nəsimi yaradıcılığında sapmalar yoxdur. “Sirri-zatın gövhəriyəm,  mən müsəlman olmanam. Əhli-imanəm, yəqinəm, mən müsəlman olmanam” “Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm. Məndən uludur ayətim, ayətə, şanə sığmazam” düşüncəsinin tamlığını etiraf edək.

Osmanlı şairləri arasında Qul Nəsimi (XVI əsr) adlı bir şairin bir çox şeirləri İmadəddin Nəsimin şeirləri ilə qarşılaşdırılır və nəticədə müəlliflik məsələsinin dəqiqləşdirilməsində çətinliklər yaranır. Sufi-hürufi məzmuna malik olan və hələlik Qul Nəsiminin adına çıxılan bu mübahisəli şeir belədir:

Mən itirdim, mən araram,
O yar mənim, kimə nə?
Gah gedərəm öz bağıma,
Gül dərərəm, kimə nə?
*
Gah gedərəm mədrəsəyə,
Dərs oxuram haqq için.
Gah gedərəm meyxanəyə,
Dəm çəkərəm, kimə nə?
*
Sufilər haram demişlər
Bu eşqin şərabına.
Mən doldurur, mən içərəm…
Günah mənim, kimə nə?
*
Bir məlamət hirqəsini
Özüm geydim əynimə.
Ari-namus şüşəsini
Daşa çaldım, kimə nə?
*
Sufilər səcdə edərlər
Məscidin mehrabına.
Yar eşiyi səcdəgahım,
Üz sürərəm, kimə nə?
*
Gah çıxaram göy üzünə
Hökm edib Qafdan Qafa.
Gah enərəm yer üzünə,
Yar sevərəm, kimə nə?
*
Sufilər belə deyərmiş
Gözəl sevmək çox günah.
Mən sevərəm sevdiyimi,
Günah mənim, kimə nə?
*
Nəsimiyə sordular ki,
Yarın ilə xoşmusan?
Xoş olayım, olmayayım
O yar mənim, kimə nə?

 (Bax.Min beş yüz ilin oğuz şeiri (Antologiya), I kitab. Səh.171)

Hürufi məzmunlu ədəbiyyat Osmanlı təkkə şairlərindən Qul Həsənin (XVII əsr) yaradıcılığında özünəməxsus yer tutdu. Bəktaşi (1210-1270) təriqətinə mənsub olan Qul Hasanın Əşrəfoğlu Rumiyə xitabən yazdığı şeirdə sufi-hürufi görüşləri diqqəti cəlb edir:

Əşrəfoğlu, al xəbəri
Bağça bizik, gül bizdədir.
Biz də Mövlanın qulyuq…
Yetmiş iki dil bizdədir.

Ərlikmidir əri yormaq,
İraq yoldan xəbər sormaq?
Cənnətdəki ol dörd irmaq
Coşqun axan sel bizdədir.

Arı vardır, uçub gəzər.
Təni təndən seçib gəzər.
Canan bizdən qaçıb gəzər…
Arı bizik, bal bizdədir.

Kimi sofu, kimi hacı…
Cümləmiz haqqa duaçı.
Rəsul-ü əkrəmin tacı…
Əba, xirqə, şal bizdədir.

Quldr Hasan, dədəm, quldur.
Mənanı söyləyən dildir.
Əlif Haqqa doğru yoldur
Ədəb, ərkan, yol bizdədir

(Bax.Ahmet Kabaklı. Türk edebiyatı. II cilt, s.431-432)

F. Nəimi ilə dini-ruhani səviyyəyə qaldırılan hürufi təlim Nəsimi ilə ədəbi-bədii-fəlsəfi müstəvidə davam etdi.  F. Nəiminin edam edilməyi, İ.Nəsiminin dərisinin soyulması, nəticədə hər ikisinin məzarının ziyarətgaha çevrilməsi Şərq, o cümlədən, türk-islam fəlsəfəsində və ədəbiyyatında davamlı olaraq yeni səviyyələr əmələ gətirdi. Bu proses İ.Nəsimidən sonra həm klassik, həm də el – aşıq ədəbiyyatında bizim günlərədək davam etməkdə və gələcək günlərə üz tutmaqdadır. Türk xalqları ədəbiyyatında özünə məxsus yer tutan “əvvəl-axırlar”, “hərflərlərlə rəmzləşdirmələr” geniş vüsət aldı. Bilgisini, dünyagörüşünü nümayiş etdirmək istəyi ilə ədəbiyyatda “Tapmacalar”, “Bağlamalar”, “Qıfılbəndlər”, “Deyişmələr” meydana gəldi. Bu dini-mistik, ədəbi-fəlsəfi proses ümümşərq, o cümlədən, Osmanlı, türkmən və Azərbaycan ədəbiyyatında özünü göstərdi.

Təxminən1397-1444-cü illərdə ömür sürmüş Osmanlı şairi Qayğısız Abdalın İ.Nəsimi ilə eyni bir zaman kəsiyində yaşaması, hürufi təlimlə tanışlığı, bir çox hadisələrə şahidliyi şəksizdir.   Qayğısız Abdal nağıllara giriş və tapmaca-qaravəlli xarakterli bir şeirində Nuh peyğəmbərin gəmidən quruya çıxmaq cəhdini rəmzlərlə ifadə edir:

Bir qaz aldım mən qarıdan.
Boynu da uzun borudan.
Qırx abdal qanın qurudan.
Qırx gün oldu, qaynadıram…
Qaynamaz.

Səkkizimiz odun çəkər.
Doqquzumuz atəş yaxar.
Qaz qaldırıb başın baxar…
Qırx gün oldu, qaynadıram…
Qaynamaz.

Qaz deyilmiş bə bu azmış!
Qırx il Qaf dağını gəzmiş.
Qanadın, quyruğun düzmüş…
Qırx gün oldu, qaynadıram…
Qaynamaz.

Qazımın qanadı selki
Dişi qoyun əmmiş tilki.
Nuh Nəbidən qalmış bəlkə?
Qırx gün oldu, qaynadıram…
Qaynamaz.

(Bax. Ahmet Kabaklı. Səh. 372)

Şeirin məzmunundan məlum olur ki, söhbət “Qırx il Qaf dağını gəzmiş” qazdan deyil, quruya çıxmaq üçün havaya buraxılmış qarğadan və göyərçindən gedir.   Rəvayətə görə, gəmisi qırx gün suyun üzündə qalandan sonra Nuh peyğəmbər əvvəlcə havaya qarğa buraxır. Qarğa qonmağa yer tapmayıb tez gəmiyə qayıdır. Daha sonra Nuh peyğəmbər havaya göyərçin buraxır. O da qonmağa yer tapmayıb tez gəmiyə qayıdır. Nuh peyğəmbər bir həftə gözləyir, yenə havaya göyərçin buraxır. Bu dəfə göyərçin axşama yaxın, lakin dimdiyində yaşıl zeytun yarpağı ilə qayıdır. Nuh peyğəmbər daha bir həftə də gözləyir. Göyərçini bir də havaya buraxır və göyərçin (Bax. La Bible. Noė sort de l’arche, pp.8, 8-12) bir daha qayıdıb gəlmir.

Şair-hökmdar Şah İsmayıl Xətai (1487-1524) isə sufi-hürufi görüşlərini belə ifadə edir:

Qırxlar meydanına vardım.
Gəl bəri, hey can, dedilər.
İzzət ilə salam verdim…
Gir, iştə meydan dedilər.

Gördüyünü gözün ilə
Bəyan etmə sözün ilə.
Andan sonra bizim ilə
lursan mehman dedilər.

“Qırx” rəqəminin müqəddəsliyi XVIII əsr türkmən şairi Abdulla Şahbəndənin (1720-1800) “Qıfılbənd”lərində öz ifadəsini tapır:

Xəbər vergil, Bəkir xocam!
O nə anddır, vallahı qırx?
Doqquz oğlan bir beşikdə
Anası dörd, Allahı qırx?

Önü yürür, izi yetməz
Yerdə-göydə məskən tutmaz.
O nə quşdur ölməz-itməz
Ayağı dörd, kəlləsi qırs?

O nə oddur, tütünü yüz
O nə sözdür, ütünü yüz
Nə məsciddir, sütünü yüz
Oğlanı üç, mollası qırx?

(Bax.Türkmən şeiri antologiyası. XVII-XIX əsrlər. s.55-56)

Abdulla Şahbəndənin müasiri Məxdumqulu Fəraqi (1733-1783/1793/1798) lirik şeirləri ilə məşhur olduğu qədər “Bağlama”ları ilə də məşhur idi:

Yer götürən sarı sığır
Bilməm neçə yaşındadır.
Dörd min dörd yüz ayağı var…
Hamısı da döşündədir.

Burnunu fərmanlı tutar
Quyruğu fələkdən ötər.
Məkkəni beldə götürər
Mədinənin tuşundadır.

Yer üzündə vardır xətti
Dünyanı tutar heybəti.
Yer teyində yatan Mehdi
Ol öküzün qaşındadır.

             (Bax.Türk xalqları ədəbiyyatı oçerkləri, səh.167)

Məxdumqulu həm də “Quran’i Kərim”lə dərindən tanış olduğunu nümayiş etdirməkdən çəkinmirdi:

Dağlar yerin mıxıdır
Təpə özün dağ sayar.
Qarğa deyər bülbüləm
Sərçə özün zağ sayar.

              (Bax.Türkmən şeiri antologiyası. XVII-XIX əsrlər. s.91)

Məxtumqulu ilə həməsri Durdu Şeyx arasındakı deyişmədə aşağıdakı sual-cavab diqqətimizi cəlb etməyə bilməz:

Məxtumqulu

Ol nəmədir, yemədilər, doydular?
Ol nəmədir uluq günə qoydular?
Ol kim idi, dabanından soydular?
Şair olsan, şundan bizə xəbər ver.

Durdu Şeyx

Ol didardır, yemədilər, doydular.
Ol nəmazdır, qiyamətə qoydular.
Nəsimini dabanından soydular.
Bizdən salam olsun, cavab şeylədir.

Azərbaycan mühitində isə Şah İsmayıl Xətainin rəsmən səlahiyyətli vəziri(Bax. Miskin Abdal, s.12), dövlətlərarası diplomatik əlaqələr işinə rəhbərlik edən Seyid  Miskin Abdal (1430-1535) sufi-hürufi görüşlərinin təsiri ilə müqəddəs əlifbanı vəsf edirdi:

“Bey”- bismillah əzbərimdi, “Hey” – xudadan, ya Əli.
Ən ibtida gəldi səda ərş-əladan, ya Əli.

Səlli –aləm, mahi-aşkar, zülmətdən var pərdəsi.
Sey”- sirridən səda gəldi, Cəbrayıl çəkdi bəhsi…

(Bax. Miskin Abdal, səh.47)

Dərin biliyə malik, müdrik və ustad aşıq Xəstə Qasım  (1684, Tikmədaş –  1760, Şamaxı) “Deyişmə”lərdə dəfələrlə qalib gəlidiyi üçün  qürrələnir və öyünürdü:

… Adəmdən xatəmə
Gərdişi-dövran mənəm.
Din mənəm, məzhəb mənəm.
Yol mənəm, ərkan mənəm.
Gül mənəm, bülbül mənəm.
Sünbülü reyhan mənəm.
Yerdə insan, göydə mələk.
Ərşdəki aslan mənəm.

                        (Bax. Xəstə Qasım. 46 şeir, s.63)

Xəstə Qasımın Ləzgi Əhmədlə  deyişmələri isə məşhur deyişmələrdir. Burada “Bağlama” və ya “Qıfılbənd” xarakterli suallardakı məntiqilik və onlara verilən cavablardakı sərrastlıq heyrətamizdir.

                                            Ləzgi Əhməd:

Səndən xəbər alım, ay Dədə Qasım!
O nədir ki, dürlü-dürlü halı var?
Nədən xəlq olundu ərşin arğacı?
O nədir ki, toxunmamış xalı var?

                                           Xəstə Qasım: 

Sənə cavab verim, ay ləzgi Əhməd!
Bahardır ki, dürlü-dürlü halı var.
Nurdan xəlq olundu ərşin arğacı.
O buluddur, toxunmamış xalı var.

                                  Ləzgi Əhməd:

O nədir ki, dayanıbdır dayaqsız?
O nədir ki, boyanıbdır boyaqsız?
O nədir ki, doğar əlsiz-ayaqsız?
Üç ay keçər ayağı var, əli var?

               Xəstə Qasım: 

Göy bir çadır, dayanıbdır dayaqsız.
Ayla-Gündü, boyanıbdır boyaqsız.
Qurbağadır, doğar əlsiz-ayaqsız.
Üç ay keçər, ayağı var, əli var.

Ləzgi Əhməd:

Ləzgi Əhməd deyər, gələr, dalalar.
Nə qumaşdır, satan olmaz, alalar?
O nədir ki, dimdiyindən balalar?
O nədir ki, qanadında xalı var?

Xəstə Qasım: 

Xəstə Qasım deyər, yaşdır, dalalar.
O ağıldır, satan olmaz, alalar.
O buğdadır, dimdiyindən balalar.
Kəpənəkdir, qanadında xalı var.

                                    (Bax. Xəstə Qasım. 46 şeir, s.56-57)

“Qıfılbənd”lər sırasında Aşıq Ələsgərin  “Qıfılbənd”ləri  məzmunu, məntiqi və hədəflənməsi ilə xüsusi seçilir. Burada özündənrazı, özünüdartan sənətkarlara açıq bir eyham da vardır:

Məğrurluq eyləyib ustadam deyən!
O hansı ağacdır, tağı yeddidir?
O ağacda bir quş yuva salıbdır…
Çarpaz sinəsinin dağı yeddidir

Bir hikmət görmüşəm, xəyalım şaşıb.
Huş başımdan çıxıb. Ağlım dolaşıb.
Şahın qabağında bir qul əyləşib…
Bədən birdir, əl-ayağı yeddidir.

Bir ali məclisdə var yeddi sağı.
Dolanır, dövr edir, yox əl-ayağı.
Nə piltəsi vardır, nə də ki, yağı…
Şölə çəkən şux çırağı yeddidir.

Onun gərdişində bir azca ləng var
Aləmə əyandır, görünür aşkar.
Bir kasa içində on dörd irəng var
Qarası yeddidir, ağı yeddidir.

Ələsgər sözlərin de, müttəsildi.
Nə oldu, dəhnədən suyu kəsildi?
İl uzunu ona bahar fəsildi
O hansı bağbandı, bağı yeddidir?

(Bax.Aşıq Ələsgər. Bütün şeirləri, səh.130-131)

Hürufi düşüncədən yaranan şeirlər içərisində şair-aşıq Molla Cumanın (1854-1920) “Əvəl-axır”ları xüsusi yer tutur.  Bütün misraları eyni hərflə başlayıb eyni hərflə qurtaran bu şeirlər müqəddəs hərflərə müqəddəs münasibətin ifadəsi kimi meydana gəlmişdir. Molla Cumanın “Xe – əvvəl-axır” divanisindən bir bəndə diqqət edək:

Xeyli vaxdı, mən naşıydım, bu qızdakı fəndə bax.
Xumarlanıb ala gözlər, ləbindəki qəndə bax.
Xoryadlardan pünhan olsun şamamaynan tər buxax.
Xoş qonçasan, mən bülbülü salıbsan kəməndə, bax!

(Bax. Molla Cuma. Ismi Pünhan. s.154)

 “Quran’i Kərim”i, hədisləri dərindən mənimsəməklə bərabər islam fəlsəfəsinin mahiyyəti və məzmuna dərindən bələd olan Molla Cuma  müqəddəs hərflərin insan əzalarını ıfadə qabiliyyətində də xüsusi məna və ilahilik görürdü.  İlahi ilham, ilahi təb sahibi Molla Cuma müqəddəs xətlərlə, hərflərlə çəkilə bilən insan surətini o hərflərin səs kimi eşidilib görüntü yaratması fonunda bir el qızının vəsfinə də müqəddəs baxışlarla baxırdı. Molla Cuma Azərbaycan ədəbiyyatında yeganə aşıq-şairdir ki, qadın gözəlliyinin vəsfində “Quran’i Kərim” əlifbasının bütün hərflərindən istifadə etmişdir:

“Əlif” – əlin ver əlimə, gedək bizim ellərə, qız.
“Bey” –baxıb güvənirəm üzündəki tellərə, qız.
“Tey”- tamam tərifini mən yayıram dillərə, qız.
“Sey”- saçın güləbatın, burubtökmüş dallara qız. 
“Cim”-  cəmalın oxşayır tər açılan güllərə, qız.

“Hey”-  hərəm sonasısan, uçub qondun göllərə, qız.
“Xey”- xumartək gözlərin üstlərində qələm düzər.
“Dal”- dilim bülbül olub oxuyuban ayət yazar.
“Zal”- zillətin mən aşığı Salıbdır dərdə, səd həzar!
“Rey”-  Rəbbim  həzrətləri hüsnünə edibdir nəzər.

“Zey” – zənən əhlilərin yanlarında ərkək gəzər.
Sin”- sinəm təhnə edərüzündəki xallara, qız.
Şin” – şükür qıl xudaya, saldın məni ahü zara.
“Sad”- səlat oxumağa boyundur sərv, minara.
“Zad”- zəm-zəm edibən zülflərin döndü şahmara.

“Ta”- düzüb düymələri, üstündə də güllü xara.
Za”- zülmünə düşənləri yaxıbsan ataşa, nara.
“Ayn”- azarın çəkməkdən yandım dürlü odlara, qız.
Qayn”- qərəz edibəni , eşqə saldın yenə məni.
“Fey”- fağır bir quluyam, qismət etsin sana məni.

“Qaf”- qadir allahımızyaratdı bir danə məni.
Kaf”- kəsib ayağımı eylədin divanə məni.
“Lam” – Leylidən dərs götürüb döndərdin Məcnuna məni.
“Mim”- mislin cəllad, məni qoymusan nə hallara, qız.
“Nun”- nola ki, göz altından bir baxasan mənə sarı.

“Hey” – həmdəmin huri-pəri, ərşdə mələk bərabəri.
“Vav”- bələd olsam sizə heç çəkməzdim intizarı.
“La” – layiq deyil pozmaq sənə əhdi, iqrarı
Yey”- yaxın çək özünə Molla Cuma vəfadarı.
Sarmaşın kəmər kimi incə, nazik bellərə, qız

(Bax. Molla Cuma. Ismi Pünhan. s.166-167)

Nəticə.

Həm islam, həm də türk-islam aləmində hürufizmə münasibət müxtəlif olsa da, insanın – Adəmin mahiyyətinə münasibət bir qayda olaraq müqəddəs olmuşdur.

Dünyanın digər mistik-mifoloji, dini-ruhani, siyasi- fəlsəfi görüşlərində də bu belədir.

Allah yaradıcılığının zirvəsi kimi  Adəm peyğəmbər səviyyəsində qəbul edilmişdir. “Həvva Adəmin 12-ci qabırğasından yaradılmışdır” düşüncəsinin təsiri ilə Həvva Adəm peyğəmbərin bir parçası olaraq anlaşılmış, nəticədə “qadından peyğəmbər olmaz” düşüncəsi dini-ruhani aləmdə ayaq tutsa da, yeriyə bilməmişdir. Sonradan dünyaya gələn hər bir peyğəmbərin anası Həvva ana olmuşdur.  

Dini-mistik, ədəbi-fəlsəfi, sosial-siyasi tariximizin müəyyən mərhələsndə – XIV əsrin sonlarında meydana çıxan hürufizm inkarı mümkün olmayan hadisədir. Hürufizm islami görüşlərə köklənmiş düşüncə tərzidir.

Məzmunca Adəmin mahiyyətini açmağa köklənmiş bu hadisə eramızın XIV əsrində baş versə də, köklənməsi baxımından animizm, fetişizm mərhələlərindən qidalanır, Şərqi və Qərbi əhatə edən mifik düşüncələrdən, ədəbi-fəlsəfi cərəyana çevrilir, intibahlardan keçib gəlir, zamanına görə əlaqəli şəkildə insanın-Adəmin mahiyyətini açmağa xidmət edir.  

Mixi və piktoqrafik yazılar, semiotik və heratik işarələr heyvan, bitki, kainatla bağlı görüntüləri nə qədər əks etdirsə də, insanla bağlı əlamətləri əks etdirmək baxımından “Quan’i Kərim”in əlifbası qədər imkanlı deyildi. Buna görə də “Quran’i Kərim”in əlifbası insanlar tərəfindən müqəddəsləşdirildi və  hürufizmin istinad nöqtəsinə çevrildi.

Səs, heca, söz, cümlə, məna zənciri idrak zənciri olduğundan səs və səslənmə, səslənmə və eşidilmə, eşidilmə və anlaşılma, anlaşılma və dərk edilmə poetizmə gedən yola çevrildi. Elə buna görə də hürufizm dini-ruhani, ədəbi-fəlsəfi cərəyana çevrildi və xəlqiləşdi.   Prof.Qəzənfər Paşayev demişkən, “Anadilli poeziyamızda fəlsəfi qəzəlin və qəsidənin, aşıq yaradıcılığında qıfılbənd(li) deyişmələrin, “Əlif-lam” və “Tərs əlifba”nın, qoşma və divani kimi janrların təkamülünə (Bax. https://manera.az/index. php?newsid=9235) təkan verdi”.

Poetik səslənmədəki incəlik, məlahət, sevinc və kədər çalarları hissi və əqli idrakın dini-ruhani, etik-estetik oyanışına, fantastik-romantik səviyyədə hərəkətə gəlməsinə təsir edir. Bu zaman ağlasığanlıqla ağlasığmazlığın poetik-fəlsəfi sinkretizmi yaranır. Bu sinkretizm Yaradanı və yaradılışı təsdiqə yönəlir. Orada  insanın hissi – emosional və əqli – idraki səviyyəsinin ən yuxarı qatı  heyrətamiz şəkildə görünməyə başlayır. Bu – sonsuzluğa hədəflənən bir yüksəlişdir.
Nəsiminin  bağlama xarakterli rübailərindən birinə müraciət edək:

“Əlləm əl-əsma” ibarətdir nədən?
“Sureyi-Taha” işarətdir nədən?
Adəmi-xaki” kinayətdir nədən?
“Lovhi-məhfuzi” bəşarətdir nədən

                          (İmadəddin Nəsmi.Məndə sığar iki cahan, s.243)

“Əlləm əl-əsma”  ərəb sözüdür, “bütün adları öyrətmək” deməkdir. “Əlləm əl-əsma ibarətdir nədən” sualının cavabı belə olmalıdr: Allah Adəmə bütün adları öyrədir ki, məlkələr də (Bax. “Quran’i Kərim”, Baqara surəsi, 31-34) ona baş əysinlər. Deməli, “Əlləm əl-əsma” Adəmin mələklərdən üstünlüyünü  bildirməkdən ibarətdir.

“Sureyi-Taha” isə “Quran’i Kərim”in 20-ci surəsidir (Bax. “Quran’i Kərim”, s.153-158) “ta” və “ha” hərfləri ilə başlayır. Surədə fironun suda üzən sandğı görməsindən, sandığı açdırdıqda orada gördüyü körpəyə qarşı qəlbində sevgi oyanmasından danışılır.

“Adəmi-xaki” – Adəmin torpaqdan yaradılmasına işarədir.  “Adəmi-xaki kinayətdir nədən” sualındakı kinayə sonda “torpaqdan xəlq olan insanın torpağa qərq olub” torpağa çevrilməsinə hədəflənmişdir. Adəmin necə yaradılması isə “Bibliya”nın “Ədən bağı” bölməsində (Bax. La Bible. Société biblique française, 1997,  p.3. Le jardin d’Eden, 7, 9) təsvir edilir. 

“Lovhi-məhfuzi” isə  “Alın yazısı” və “Allahın göstərişləri yazılmış lövhə”dən ibarətdir. Burada“yazısına pozu olmayan” lövhəni yaradan Allahın bacarığına və qüdrətinə işarə edilir.

İndi baxın ki, İ. Nəsiminin təkcə bir rübaisini açmaq və ona cavab vermək üçün necə dərin bir biliyə  malik olmaq lazımdır!

İ. Nəsiminin daha bir rübaisində isə sanki hürufi rəmzlərinin vasitəsi  ilə ədədlərin sirləri açılır.

Qaşu kiprik yeddi oldu saç ilə
Həq kitabı uş bu babdan açilə
Çün bu sirr kəşf olubən saçilə
Məğbun ola ol bu tahü taç ilə.

                                           (İmadəddin Nəsmi.Məndə sığar iki cahan, s.244)

Şairin aşağıdakı rübaisində də  “üç”ün fəsillərdəki ayların, şəxs əvəzliklərinin, mərasimlərdəki ilk günlərin, axirət evinə, cənnətə və cəhənəmə açılan qapıların, “yeddi”nin planetlərin, rənglərin, notların, həftənin günlərinin, yerin və göyün qatlarının sayına işarə olduğu rəmzi şəkildə ifadə 0lunur. Rəqəmlər haqqında dediklərimiz  İ.Nəsimi yaradıcılığına həsr edilmiş yazılarda da (Bax. Qurbanova Məhbubə. Nəsiminin əsərlərində sakramental rəqəmlər barədə qeydlər. s.126-130) qeyd edilir. “Əhli beyt ilə özü on yeddidir” misrası isə 12 imam, 4 əshabəsi ilə peyğəmbərin 17 olduğunu nəzərdə tutur.

Yeddidir, dört yeddidən bir yeddidir
Yüz igirmi dört yenə üç yeddidir
Evi bir, bacası yeddi, qapısı üç
Əhli beyt ilə özü on yeddidir.

                 (İmadəddin Nəsmi.Məndə sığar iki cahan, s.236)

Nəticə etibarı ilə hürufizm dini-ruhani təriqət, postsufizm  hadisəsi olmaqla yanaşı ədəbi-bədii-fəlsəfi cərəyan kimi daha geniş yayıldı. Hətta, materialist dünyagörüşünün siyasi-ideoloji səviyyədə yayıldığı 71 illik sovet dönəminin qanlı qadağağaları türk xalqları ədəbiyyatında, xüsusi ilə Türkiyə, Azərbaycan və Türkmənistan türkcələrində davam etməkdə olan hürufizmə xas olan modern düşüncəni sıxışdırıb aradan çıxara bilmədi, əksinə daha da daha da dərinləşdirdi. Azərbaycan mühitində Aşıq Şəmşir, Mikayıl Azaflı, Aşıq Ədalət, Aşıq Qurban, Narınc Xatun kimi aşıqlarımız   “Qıfılbənd”,  “Bağlama”,  “Deyişmə” janrlarından məharətlə istifadə  (Geniş məlumat üçün bax. Qəzənfər Paşayev. Nəsimi və aşıq yaradıcılığı. Bax. Ədəbiyyat qəzeti. 20 aprel, 2019, s.24-25. ) etdilər.

Vaqif ASLAN, Şəki-Kiş
04.03.2026