Ver əlini gedək bu məmləkətdən
Elə tutmağa əl olmadığı üçün gedə bilmirik. Sanki özümüz özümüzün taleyinin güdükçüsüyük. Sabah nə olacaq deyə gözləyirik.
Dünyada baş verənlərin köşə yazarlarının könül süzgəncindən keçirib təxmini cızdığı, amma onlara görə tam reallıq olan palitrası isə belədir. Pərviz Cəbrayıl yenilənən hadisələr və xəbərlər bolluğunda mövzu qıtlığı olmasa da “çevir tatı, vur tatı” timsallı yazılara diqqət çəkir. Anar Yusifoğlu bu informasiyaların içində yorulub, gününün stressini çıxaran gecəyə ilhamla səslənir. Özünə tanınmış imza deyənlər də bu və ya digər məslələri öz yozumuyla yozub gah hiddətlənir, gah tərif edir. Bütün bu deyilən və yazılanların son nəticəsi isə nəticəsizlikdir. Yenə eyni yerdəyik. Nə bir addım cəbhədə irəliləyiş var, nə bir addım sosial-siyasi həyatımızda. Hələ bu günün gündəmini tutan idman sahəsini demirəm. Oyun qaydaları olan idmana öz “qaydasız oyun”umuzla yeni “naxış” vurmamız da bir ayrı aləmdir.
“Sağlam bədəndə sağlam ruh olar””- deyə, xəstə bədənə sağlam ruhu pulla almaq vərdişimizi ora da transfer etmişik. Bunda nə var ki?! Əsas nəticə deyilmi? Amma nəticə hələ ki, vasitədir, əsas ola bilir.
Elə buna görə “Əlini ver gedək bu məmləkətdən”.
Gecənin duyğularla baş-başa qalıb ruhumuzu oxşayan sutka yarısı olduğu deyilən zaman kəsiyinə həsrətli olanlardanıq biz. Özü öz qeydinə qalmaq məcburiyyətində qalanın hətta özünə belə hesabat verməyə gecəsi olmayanların sırasındayıq.
Deyəsən yenə olumsuz notlara kökləndim.
Keçmiş redaktorum Cəmil müəllim deyir ki, yazdıqlarımda həqiqət nə qədər çox olsa da, sonunda tutmağa bir budaq vermisən insana. O belə obrazlı demir. Amma deməyindən elə çıxır ki, oxuduğunda təsəlli axtaran oxucu onu da tapmayıb umidsizliyə yuvarlanır.
Bəs necə. O bizik ““ho”su ilə dağa qaldırıb, dağdan endirən”. Taleyinin, bəxtinin kəndirində kəndirbaztək yixilmamaq üçün dirənənin bu durumunda mənə dağa qaldıran “ho”dan yazmaq düşər. Bu üzdən köşə yazmaq əsər yazmaqdan daha çətindir. Fikrini lakonik və bir o qədər də dolğun çatdıra bilmək, üstəgəl sonunda problemə baxışını qoyduğun kimi onun həllini də göstərməyi bacarmaq… və sair yazandan çox şey tələb edir. Məhz bu baxımdan kəndirin üstündə onsuzda səndələyəni mənim pessimist baxışımla yıxmaq bəklə də yanlış təlqindir.
O zaman yanlış olmayan təlqin nədir? Bizim bir sahədə qazandığımız qələbənin eyforiyasını dönə-dönə xatırlatmagımızmı, yoxsa “yaxşı olar” təsəllisimi, ya bu vəziyyətdən istifadə edib bizim üstümüzdən siyasət quranların “ozünə güzəran qurmaq” istəyimi?
Bəlkə ziyalısı isə savaşa qalxmaq, bəlkə sənə səndənəm deyənə “sənin kimisi olmaz olsun” deyib, bizi adı, imzasıyla tanıdanından öz xırda maraqlarımız xatirinə vaz keçməkdi? Bunların hansıdır? Və bu durumda optimist nota necə köklənim? Köklənmən üçün mənə stimul verin, verə bilirsinizsə.
Cəmil müəllimin baxışından və redaktəsindən 7 il keçmişəm. (Amma Cəmil Alışov nə jurnalistidir, nə də ona iddialı. Rusiyada həmyerlilərimizi gündəlik mətbuatla 10 ildir təmin edən naşirdir).
Bu baxışın altından keçən yazılarım indi də daha səriştəli, Azərbaycan və Rusiya mətbuatında hər iki dildə və həm də eyni mükəmməlliklə yazılan analitik-publisistik yazıların müəllifi, qələminə hörmət etdiyim Cəfər Sadıqın hədəfindədir. O redaktə etmir, amma müdaxilə edərək, yazıdıqlarımın “kədər və ağlaşmalı” ruhunu tənqid edir. Necə olur olsun, mən sonu uçurumdan düşmək olana ya əlimi uzatmalıyam, ya da bir kəndir verib çıxartmalıydım. (Oysa nağıllarında quyuda qalan qardaşının ipini kəsən də bizik).
Mən kəndir verməsəm də onsuzda xaraterimizdəki qibtəediləcək “dözümlülük” dozasıyla uçurumun dibinə yuvarlananın son anda belə bir möcüzə baş verəcəyinə inanan optimistlərin yaşadığı məmləkətdənəm, unutdunuzmu? Yerdən quzu göturən quzğun bəlkə ağzına alıb xilas edəcək-qədər xəyalpərəstlər olan yerdən. Xəyalların möcüzəyə dönüşdüyü vaxtlar da olur, amma quzğunun ağzını xilas bilənə nə deyəsən.
Nagüman sabahlardan gümanla ümid gözləyib hər şeyi ört -basdır edən qaranlıqlara tərif, gözqamaşdıran işıga “Gülçatayın ətəyi ilə üzünü qapadığı kimi” ayıblı yerlərimizin açıqda qalmasının fərqində olmadan “kölgə” tutanlar məmləkətində bir gün, bəlkə möcüzə baş verəcək.
Əlini ver gedək bu məmləkətdən…
P.S. Bir şeyi qeyd edim ki, yazılarımda ad çəkməmək kimi məndən asılı olmayan bir vərdişim var. Bu gün onu pozmağımı da günün yox, zamanın diktəsi altına düşməyim kimi qəbul edin.
04.08.2012-ci il, Moskva“