Yeni Rubrika: ƏSLİNƏ BAXSAN


Yeni Rubrika: ƏSLİNƏ BAXSAN
Zaman-zaman təbliginə qadağa qoyuldu. 14 əsr bizimlə yol gələn İslamın o zaman aralığında sıxışdırılıb həyatımızdan çıxarılan vaxtı da olub, ona dönüşdə müxtəlif cür qarşılanan vaxtı da. Bu gün İslama dünyanın baxışı fərqli dolaylardan keçir. Ateizm məngənəsindən çıxıb birdən-birə ona sarılmada yol verilən ifratlardırmı ona bu qədər yanlış yanaşmaya səbəb olan, yoxsa insanlığın ən mükəmməl dini olan İslamın əhatə dairəsinin geişlənməsindən Qərbin ənidəşələnib onu bilərəkdən ləkələməsidirmi? Bu gün İslamın mühafizəkarları adı altında ondan başqa niyyət üçün bəhrələnmək amili də var. Bütün bunları dərk etməkçün ilk əvvəl İslamın əsl mahiyyətini dərk etmək lazımdır, bəlkə də. Amma ona diletantların nəzər- nöqtəsindən baxaraq yox. Bunun nələrə bais olduğu göz qabağındadır. Rusiya şiə müsəlmanları cəmiyyətinin sədri Famil Cəfərovla ayaqüstü söhbətmizdən fraqmentləri səhifəmizə daşımaqda məqsədim gələcəkdə buradan yola çıxıb dini inam və inancımızla bağlı tərəddüdlərimizə aydılıq gəturilməsinə dogru addım atmaqdır.

Famil Cəfərov: 1968-ci il Lənkəran rayonunun Digah kəndində doğulub. 1993-cü ildə Bakı Texniki Universitetini bitirib. Sonra Rusiyaya köçüb və 1995-ci ildən 2003-cü ilə qədər İİR-də Beynəlxalq Əl-Müstəfa Universitetində təhsil alıb. 2004-cü ildən Şiələrin İslam İlahiyyat Mərkəzinin sədri, 2007-ci ildən Şiə dini təşkilatınin (Местная религиозная организация мусульман-шиитов) sədridir.

-Famil bəy, bir xristian ölkəsində bir dini təşkilat yaratmaq və ona rəhbərlik etmək müsəlmanı nəylə qarşılaşdırır. Həm də bu gün müsəlman deyiləndə ilk əvvəl terrorçu yada düşürsə…

-Məsuliyyət hissini daha da artırir. Çünki dini çalarları müxtəlif olan bir cəmiyyətdə hadisələrdən düzgün nəticə çıxartmaq xüsusi diqqət tələb edir. Məxsusən İslam dininə qarşı yönələn əks təblığatların müqabilində həqiqi İslamı daha dürüst şəkildə təqdim etmək tələb olunur. Həqiqi İslamı tanıtdırmaq ona qarşı yönələn iftiraların əsassız olduğunu göstərə bilər.

-Niyə məhz Şiə müsəlmanları cəmiyyəti? Islam birləşdirən dindir, o zaman bunun içərisində bu ayrı- seçkilik nədir?

-Rusiya Federasiyasının müsəlman əhalisi ilk əvvəl əsasən sünni məzhəbinin nümayəndələrindən ibarət olub. Buna görə də onlar üçün onların dini məsələlərinə rəhbərlik etmək üçün 1788-ci ildə Ufa şəhərində dini idarə yaradıldı. Amma Rusiya-İran müharibəsindən sonra Gülustan və Türkmənçay müqavilələrinə əsasən Rusiyanın müsəlman əhalisi sırasına şiələr də əlavə olundu. Buna görə də Tiflisdə Şiələr üçün ayrica dini idarə yaradıldı ki, şiələrin dini məsələlərinə rəhbərlik edilsin. Hazırdakı Qafqaz ruhani idarəsi bunun varisi sayılır və o Azərbaycanda yerləşir. Amma Rusiyada mövcud olan butun dini idarələr yalnız sünni məzhəbinin dini məsələlərinə rəhbərlik etmək üçündür.

-Yəni bunun ayrılmasını vacib edən bu amilin olduğunu deyirsiniz?

-Biz görürük ki, şiələrin dini işləri ilə məşğul olmaq üçün rəsmi dini idarə olmadığı üçün ayrıca şiə təşkilatının yaradılmasına zərurət var. Buna görə də biz bu addımı atib şiə dini təşkilatı yaratdıq.

(Şiə bə sünni ayrımı da bir ayrıca mövzudur ki, nə o danışdı, nə də mən sordum-T.Vəliqızı)

Nə zaman yarandı bu təşkilat?

-2007-ci il noyabr ayında rəsmi şəkildə Rusiya Ədliyyə nazirliyində qeydiyyatdan keçib. Amma bundan əvvəl-2004-cü ildə hüquqi cəhətdən dini statusu olmayan Şiələrin İslam İlahiyyat mərkəzini qeydiyyatdan keçirtmişdik.

-Onsuz da “gəlmələr”” deyə ikrahla qarşılandığımız bir ölkədə üstəgəl müsəlman cəmiyyəti yaratmaq rahatlığına haram qatmaq demək deyilmiydi?

-Biz Rusiya Federasiyasının tam hüquqlu vətəndaşları kimi öz hüquqlarımızdan bəhrələnməyi bacarmalıyıq. Zəhmət çəkib cəmiyyətimizdə öz müsbət rolumuzla bu cür neqativ fikirlərə (gəlmələr) son qoymaq olar.

-“”Son qoymaq olara”” köklənmiş niyyət tam əks bir effeklə qarşımıza çıxır. Elə bu günlərdə Moskvada və Sankt-Peterburqda müsəlman islamçı təşkilat üzvlərinin toplandığı yerlərdə aparılan reydlərdə orada dini pərdə altında başqa niyyətlərə xidmət edən insanların toplaşdığı deyilir…

-Təəssüflər olsun ki, Amerikanın rəhbərliyi ilə dünyada vəhhabilərdən öz məqsədləri üçün sui-istifadə olunur. SSRİ dağılan ərəfədə onların Rusiyada törətdikləri cinayəti heç vaxt yaddan çıxartmaq olmaz. Bunu qeyd etmək lazımdır ki, onların etdiklərinin İslam dininə heç bir aidiyyatı yoxdur. Ona görə də bu cür Amerika maraqlarına xidmət etmək istəyənlərin şübhəsiz qarşısı alınmalıdır. Reydlərin də keçirilməsi şübhəsiz hüquqi çərçivədə olmalıdır.

-Söhbət reydlərin keçirilməsindən deyil, təşkilatların özünü bu cəmiyyətdə hələ də doğrulda bilməməsindən, mənfi imic formalaşdırmasından gedir. Bir az ağır səslənsə də ölülərimiz üçünmü lazımdır bu təşkilat, madam ki, dirilərimizə qarşı mənfi münasibət və təhlükə kimi anlaşılırsa?

-Təşkilatlara rəhbərlik edənlər böyük məsuliyyət daşıyırlar. Əlbəttə onların hər hansı səhv bir addımı dinimizə qarşı yönələn ittihamlara bəraət qazandıra bilər. Sırf mənfi fikir mövcud olsaydı heç bir təşkilat qeydiyyatdan keçməzdi. Sadəcə olaraq söhbət ondan gedir ki, dini təşkilatlara rəhbərlik edənlər öz vəzifələrinə düzgün əməl etməlidirlər ki, hər hansi bir fitnə baş verəndə sudan duru çıxa bilsinlər.

-Bayaq Amerika maraqları dediniz, bir tərəfdə də İran maraqları var. Bu özlüyündə dini təşkilatların sağlam fəaliyyət çərçivəsndə hərəkət etməsini şübhə altına almırmı?

-Dinin məqsədi insanları hidayət edib onlara düzgün yol göstərməkdir. Amerika maraqları dedikdə dinlərin aradan getməsi və məxsusən İslam dinindən pis bir çöhrə yaradılması nəzərdə tutulur. Məqsəd odur ki, din onların xidmətində durmalı və bəşəriyyətin azğınlaşmasında onlara köməkçi rolu oynamalıdır. İranın timsalında olan İslam isə bunun əksində durur. Dini təşkilatların vəzifəsi həqiqi dini çatdırmaq olmalıdır.

-Yəni onun siyasi məqsədlərlə hər hansı bir dövlətə xidmət etməsinin əleyhinəsizmi deməkdir bu?

-Hansısa bir zalım qrupun dindən sui-istifadə etməsinin əleyhinəyəm təbii ki.

-Dini təşkilat kimi Sizi həmdə Azərbaycan diaspor təşkilatına aid kimi başa düşürəm. Azərbaycan müsəlmanları üçün təşkilatınız nə edib?

-Bizim təşkilat yarandığı gündən öz nizamnaməsi çərçivəsində fəaliyyət göstərib. İndiyə qədər özünəməsus fəaliyyəti ilə seçilib. İlk dəfə olaraq şiələr üçün tədris kursları açib ona şərait yaratmışıq. Dini mərasimləri yüksək səviyyədə müxtəlif dillərdə keçirmişik. Movlud tədbirlərimiz böyük zallarda xüsusilə öz rəngarəngliyi ilə seçilib. Azərbaycandan dini teatr qrupunu dəvət edib burdakı şiələr uçun dini tamaşalar təşkil etmişik. İlk dəfə olaraq Şiələr üçün əvvəl azərbaycan dilində , daha sonra azərbaycan və rus dilində “”İman”” dini qəzetini nəşr etdirməklə yanaşı, dini broşur və kitablar çap etdirmişik.

-O zallar, o tədbirlərin keçirilməsi çox gözəl. Amma ictimai-siyasi hay-küyə səbəb olan məsələlərdə nədənsə diaspor olaraq səsiniz eşidilmir. Elə 1 il əvvəl Mətin Mehdiyevin qətli hadisəsini deyək. Və ya Azərbaycan həqiqətlərinin çatdırılması…

-Bizim dini təşkilat Rusiya Federasiyasının qanunları çərçıvəsində müsəlmanlarla iş aparır. Çoxlarının qorxub gəlmədiyi halda Mətin Mehtiyevin məclislərində əvvəldən iştirakımız olub. Xocalı faciəsi ilə bağli ofisimizdə dini tədbirlər və başqa hadisələrlə bağlı həmişə tədbirlərimiz olur.

-Famil bəy, deyəsən sizi çox sıxışdırdım. Əslində umduğumuzu görməyəndə bir az məyus oluruq.

-Nə məsələn. Azərbaycanlılarin düzgun tərbiyə olunması az işdir? Onu sadəcə görmək lazımdır. Biz hansısa xal, bal üçün fəaliyyət göstərmirik. Qiymət verməsinlər, amma qiymətimizi də kəsməsinlər. Əsas odur ki, Allah taala əməlimizdən razi qalsin.

Tünzalə Vəliqızı
Yenises.ru


Bir cavab yazın