YENİ RUBRİKA: Onları axtaran yoxdur!!!


YENİ RUBRİKA: Onları axtaran yoxdur!!!

Rusiya adlı bir tilsim var. Bütün axtarışların, baxışların yönəldiyi bir ölkə. Bu iddialı cümləni oxuyub ağız büzən saxta vətənpərvər də öz-özünə etiraf edir ki, başqa millətlərin, başqa xalqların bəlkə də biganəliklə qarşıladığı bu ölkə bizim üçün bir tilsim, maqnit, mağara, quyu rolundadır. Əksər həmvətənimizin uğuru da, faciəsi də, zənginliyi və səfaləti də dolayısı ilə bu tilsimə bağlıdır. Beynəlxalq media layihəsi olan “Səni axtarıram” verilişinin adı Azərbaycan üçün çox doğru seçilib. Müxtəlif ölkələr bu layihəni müxtəlif adlarla həyata keçirir. Rusiya verilişə şair Konstantin Simonovun məşhur “Jdi menya” (“Gözlə məni”) şeirinin adını verib. Təsadüfdürmü? Hər halda düşünməyə məcbur edən gözəl təsadüfdür. Rusiyanın itkinləri “Gözlə məni, mütləq gələcəyəm” deyir, bizim ana-bacılarımız isə “Səni axtarıram, gözləyirəm, nə qələt eləmisən elə, arxayın ol, sağ olduğunu bildir, bizim üçün kafidir, ikinci, üçüncü, dördüncü xanımın qoynunda keçir gəncliyini, bizə xəstələnəndə, yorulanda, üzülüb əldən düşəndə gəl, bəsimizdir, qəbulumuzdur” deyirlər.”Gülünü başqaları dərsin, qoxlasın, külünü biz toplarıq”.

Çoxmu qəddar səslənir? Bəlkə rusları göyə qaldırıb özümüzə yanlış qiymət verirəm. Əsla. Özümü ruslardan nə aşağıda, nə yuxarıda görmürəm. İsbatı da uzun illər bu torpaqda yaşamağımdır. Onlar barəsində deyiləsi çox sözüm var. Hətta bəzən apardığım müqayisələrdə çoxlarının bəyənmədiyi bu qonşularımız haqqında nə qədər yanlış fikirdə olduğumuzdan da danışmaq istəyirəm. Amma indi yox. Çünki indi “Səni axtarıram” verilişinin olmadığı dövrlərdə baş vermiş bir-iki əhvalatı söyləmək istəyirəm. İştirakçılarını axtaran yoxdur bu əhvalatların, fəqət bu, onların dərd yükünü azaltmır…
* * *

İki bacı fəryadı
2-ci hissə

(əvvəli 27 yanvar sayımızda)

Sonra Qarabağ hadisələri başlandı. O hadisələrə qədər də bir ağ gün görməmişdik. Amma zaman çox yaraya məlhəm olur. Atalı ikən atasız yaşamağa, onun uzaqdakı varlığının istisinə “qızınmağa”, yadlardan onun barəsində xəbər tutmağa öyrənmişdik. Qardaşım öz arzusu ilə erməni qızla evlənmişdi, iki uşaqları vardı ara qarışanda. Avropaya getməyi ailəsini dağıtmaqdan üstün tutdu… düz elədi. Əslində heç vaxt düşmən mövqeyində olmadıq atamla. Hətta biz ailə qurandan sonra telefon danışıqlarımız da olurdu, qonaq da gedirdik arabir. Biz onun xoşbəxtliyinə əngəl olmadan öz həyatımızı qururduq. Tale elə gətirdi ki, atamın rus xanımı xəstələndi və övladı hələ məktəbli ikən anası dünyasını dəyişdi. Geriyə qayıtmaq, uçuq körpüləri bərpa eləmək haqqında söhbət belə getmirdi. Hərçənd anam el arasında deyildiyi kimi, saçının birini ağ, birini qara hörüb cavan həyatını bizə və onu gözləməyə sərf elədi. Təkrar ailə qurmadı. Bizə bildirməsə də atam qayıdarsa onu qəbul edəcəyinə şübhəmiz yoxdu. Sözdə isə “o kitab bağlandı” deyib söhbəti dəyişirdi.

Oğlunu evləndirdi atam. Biz də səadət dilədik. Bir üşaqları olandan sonra ayrıldıqlarını eşitdik. Sonra ikinci dəfə evləndi. Artıq atam ona ev təşkil eləmişdi, ayrı yaşayırdılar. Atam ümumiyyətlə dedi-qodudan, şikayətdən uzaq idi və biz oğlu ilə münasibətləri haqqında, demək olar ki, heç nə bilmirdik. O vaxt mobil telefon, internet yoxdu, atam təqaüdə çıxandan sonra lap gec-gec əlaqə saxlaya bilirdik. İndi bacımla mən onun qayğısını çəkmək, ona qulluq eləmək üçün yollar axtarırdıq. Hər danışığımızda özünəməxsus təmkinlə təklifimizdən imtina edir, yaxşı yaşadığını, heç nəyə ehtiyacı olmadığını deyirdi.

…Atasından danışdıqca ata nəvazişindən uzaq böyümüş qızcığazın bir mərhəmətli, genişürəkli, şəfqəti onlarca insana bəs edəcək bir qadına çevrilmiş olması kimi bir möcüzəni izləyirdim sanki. Qadınlara zəif, kişilərə güclü məxluq demək kimi bir yanlış düşüncə tərzi var insanlarda. Bu bölgü prinsipcə doğru deyil, amma mütləq belə müqayisəyə gərək varsa, kişilər yumruq davasının, silah savaşının, hərbə-zorbanın güclüsü ola bilər, əsil mənəvi əzəmət sahibi qadınlardır. Bəlkə buna görə təbiət, yaradan insanı dünyaya gətirmək missiyasını da qadınların üzərinə qoyub.

Xəstəxanaların hüznlə yoğrulub göz yaşları ilə sulanan bir bölümü var, vida mərasimlərinin başlanğıc mərhələsi olan bu bölümə tibbi dildə patoloji anatomiya şöbəsi deyilsə də daha tükürpərdici ad deməmək üçün vida salonunun üzərində dayanaq. El adətlərimizə uyğun olmasa da Moskvada, ehtimal ki, Rusiyanın başqa şəhərlərində xəstəxanalarda son “görüş” üçün mərhumun üzü açıq olur. Vidalaşmağa gələnləri salona çağıranda bu səhnəni görən qızların halını, fəryadlarını təsvir etməkdə acizlik çəkirəm.

Ailənin istəyinə görə mərhumu buradakı həyat yoldaşının yanına dəfn etməyə qərar verilmişdi. Burada, vətəndən uzaqdamı deyim, ikinci vətəndəmi deyim, adətlərin hamısına əməl olunmaması getdikcə adiləşir. Bu dəfnə də müsəlman molla çağırılmamışdı. Torpağa tapşırarkən bildiyimiz duaları oxuyub rəhmət dilədik.

Ehsan mərasimi də xristiansayağı oldu. Əslində bu fakt özlüyündə diqqəti cəlb etməyə də bilərdi. Amma beynimi mərhumun qızından eşitdiyim və bildiyim bəzi məsələlər qazıyırdı. Yoldakı söhbətimizdən məlüm oldu ki, Ramizin ağır xəstə olduğunu bilən Bakıdakı həyat yoldaşı telefonunu tapıb və heç bir hadisə, inciklik olmayıbmış kimi “bircə bilet al gəl, səni özüm sağaldacağam” deyib. Göz yaşları içində “bilirəm ürəkdən deyirsən, amma artıq gələ bilmərəm”—deyə cavab verib. Amma xanımı onu bilmirdi ki, Moskvada hər şəraitlə təmin etdiyi oğlu atasını xospisə–el arasında qocalar evi adlanan yerə yerləşdirmiş, lakin atasını tanıyanların tənəsindən sonra müvəqqəti evə gətirmişdi. Bilmirdi ki, bu tənələri də az vaxt içində unudan oğulun “mərhəməti” sayəsində həyatının son günlərini Ramiz öz evində deyil, keçmiş iş yoldaşının dul qalmış arvadının evində keçirdi.

Bu əhvalatın hüznü nəşəsindən çoxdur. Sağ ikən bu şəkildə “dəyərləndirilən” atanın dünyasını dəyişəndən sonra axtarılmayacağını isbat eləməyə ehtiyac varmı?

Cəfər Sadıq,
31 yanvar 2015-ci il,
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir