HANI, XOCALIYA ƏDALƏT?


  

   Mühakimə  olunmayan  “qalibləriylə”  31 il zaman aşımına uğrayan cinayət! Əslində bəzi cinayətlərin zaman aşımı olmur. Unutmadığın yerə qədərdir onun zamanı. Və unudulmayanınla  varsan! Elə ona görə nə bu gün, nə də  ellikllə Xocalıya dönəndə  unutmayaq   bizə yaşadılanları! Unutmayaq o gecəni yaşayanları!  Dərsliklərdə riyazi tənliklərə  sual, cavab olsun  o rəqəmlər. Azalan yerinə, çıxılan yerinə, fərq yerinə qoyaraq hər gün hesablayaq. Hesabını verməyənlərdən hesabı sorulmayanlardan soraq.

Nə qədər azaldıq o gecə- 613 qətlə yetiriləniylə? Nə qədərimiz çıxdaş olduq -1275 əsiriylə? Nə qədəri  məhculudur -150 itkiniylə? Fərqi ? Fərq etmədi bu günə qədər. Fəqrində olmadılar. Fəqrində olsaydılar, yaşanana faciə deyər, yaşadanları dünyanın ədalət kürsüsündə ittiham  edərdilər.  

 Kitablar yazdılar. İlhamlandılar. Kim ilhamlandırdı? Nə ruhlandırdı?  Bu soruları soraq.

Ruhunu  canlandırmaq üçün faciəni canlandıran qələmini insan qanına batırıb qəhrəmanlıq dastanı kimi yazıb oxutdular dünyaya bizim qətliamımızı . Zori Balayanın- “Ruhumuzun canlanması”- Birləşmiş Millətlər Təşkilatının   təsis etdiyi  “Sülh mükafatı” komissiyasına göndərilmək üçün yazılan  esse  idi sanki.

Əvvəl istibdadı yaşadıb, sonra onun qurbanlarının yazdığı esselərin   mükafatı aldığı çox nümunələr var. İndi onları  qandonduran sözünün belə sönük qaldığı , qanasusamışların  yazdığı  “ruhunu canalandıranların”  essesi ilə bir  sırada tutmayım deyirəm. Çünki istibdadı yaşadanla  yaşayanın bir sırada dayanması  fizika qanunlarına   belə ziddir. Amma nədənsə dünya onları aralarına alıb çiyin-çiyinə dura bildi.

Miqyası ərazisindən böyük faciə yaşadıldı, yaşadanlar etiraf etdi. Xocalıda bir gecədə əsrlərə meydan oxuyacaq nəsillərin  faciəsi yaşandı. Düynanın  Xocalı adlı bətnindən doğulacaq sabahları söküb aldılar. 

Cinayətin sözlə təsviri belə ürküdücü. Hərflərdən qan damır. Oxuyanın canına  vəlvələ düşür. Oldumu belə bir vəhşilik deyə- sordumu  “Ruhumuzun  canlanması ” essesini oxuyanlar.  Yoxsa  qəddarlığın ağlagəlməz ifadəsinin  ən parlaq  bədii nümunəsi kimimi dəyənləndirdi – “dünya sülh mükafatı” təsis edənlər?!

Mükafat verilmədi bəlkə.  Amma  yaşatdıqları faciədən ruhlanaraq ölmüş ruhlarını  dirildənlər  mühakimə olunmamaqla mükafatlandırıldılar. Bundan böyük təltifmi olur?  Bəs kəsilən əmcəklər, şişə keçirilən başlar,  divara mismarlanan canlar…?

Onların  faciəsini tanımayan dünyanın vicadınına buraxmışıq. İllər  ötür….  Dünya  vicdanında  yük olan  bu faciəni necə daşıya bilir illərlə ?  Yoxsa zaman aşımınamı uğradı çoxlarının  beynində.

 Acılar səngiyər, ədalət ləngiyər- cox vaxt. Əslində ədalətin axsaq düşüncəlilərin ayağıyla yeriməməsi üçün unutmayaq!!! Hər gün o hesabın üstünə illərin də hesabını qoyaraq soraq.

-Hanı , Xocalıya ədalət?

Tünzalə Vəliqızı, Moskva
26.02.2023

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir