Institutda “TÜRKMƏNİSTAN GÜNÜ”
Noyabrın 27-də M. Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunda Türkmənistan Respublikasının hər il dekabrın 12-də qeyd olunan “Neytrallıq günü”nün növbəti ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. İnstitutun direktoru, professor Mixail Serafimoviç Meyer qonaqları salamlayaraq müstəqillik illərində Türkmənistanın qazandığı uğurlardan danışdı, elmi-mədəni əlaqələrin yeni müstəvidə inkişafının əhəmiyyətini, bu məqsədlə institutda yaxında türkmən dilinin də əsas dil kimi tədrisinə başlanacağını bildirdi. Yeri gəlmişkən qeyd edək ki, İnstitutda Azərbaycan dili əsas dil kimi ikinci ildir ki, tədris olunur.
Tədbirdə Xaricdəki həmvətənlərlə əlaqələr üzrə “Vətən” cəmiyyətinin İcra komitəsinin sədri, elm və texnika sahəsində Türkmənistan Dövlət mükafatı laureatı, Azərbaycan Neft Akademiyasının məzunu Nazar Toyliyeviç Suyunov gənc dövlətin ilk müstəqillik illərindəki addımlarından, postsovet dövründə Rusiya Federasiyası və dünya dövlətləri ilə münasibətlərin yaradılması yolundan, hərbi bloklara qoşulmama siyasətində Türkmənistanın İsveçrədən sonra ikinci dövlət olmasından danışdı.
Bədii hissə zəngin ifaçı kollektivi ilə təmsil olunmuşdu. Rusuya Federasiyasının xalq artisti, Ymumrusiya Türkmənlər kongresinin Prezidenti, Yaroslavl Simfonik orkestrinin baş dirijoru Murad Atayeviç Annaməmmədovun başçılıq etdiyi musiqi kollektivində Türkmənistanın tanınmış bəstəkarları Maral Yaxşıyeva və Məmməd Hüseynov, vokal ustası və simfonik çalğı alətlərinin—arfa, fleyta, skripka ifaçıları vardı. Rusiyanin tanınmış şairi və tərcüməçisi Mixail Sinelnikov türkmən klassiki Mahtumkulunun və digər şairlərin əsərlərini Arseni Tarkovskinin və başqa şairlərin tərcüməsində rusca səsləndirdi.
Tədbirə ev sahibliyi edən Mərkəzi Asiya və Qafqaz kafedrasının müdiri, professor Jibek Sızdıkova qonaqları və iştirakçıları bayram və yeni il münasibətilə təbrik edərək bu görüşlərin xalqlar arasında dostluğa və bir-birini daha yaxından tanımağa xidmət etdiyini vurğuladı.
“Türkmən günü” səmimi atmosferdə davam edən furşetlə başa çatdı.
Cəfər Sadıq
/Yenises.ru/