Lord Kerzonun erməni gerçəkliyi və yaxud Əkrəm Əylislinin “həqiqət”” sevgisi”


Lord Kerzonun erməni gerçəkliyi və yaxud Əkrəm Əylislinin "həqiqət" sevgisi
Əkrəm Əylisinin “Daş yuxular” romanı cəmiyyətdə elə bir bomba partlatdı ki, bunun qəlpələrinin ağrılarını sonradan hiss edəcəyik. Xüsusilə, əsər xalqımızın gerçək tarixinə və acılarımıza atom bombasından daha dəhşətli zərbə vurdu.

Keçən dəfə də sosial şəbəkələrin birində bəzi dostlarımız yazara haqq qazandıraraq, yazarın düzgün mövqe ortaya qoyduğunu və fikirlərinin azad olduğunu isbatlamağa çalışırdılar. Çox gülünc və mənasız yanaşmadı. Maraqlı bir yanaşma ortaya qoyurlar ki, bu bədii əsərdir və bundan heç bir mənbə kimi istifadə oluna bilməz. Bütün ermənilər bayram edirlər ki, Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən törəldiyini öz yazarı tərəfindən etiraf edildi. Millət vəkili Musa Urudun sözlərilə desək, “əsərin dili rus, özü isə erməni ruhudur”.

Əkrəm Əylisli hakimiyyət əleyhinə hansısa bir əsər qələmə alsaydı, o qədər də ciddi şəkildə təndiq olunmazdı. Ən azından hakimiyyət səviyyəsində təndiq olunacaqdı və s. Amma bu əsər dünyanın sonuna qədər xalqımızı izləyəcək və addım-addım bizim arxamızca gələcək. Düşmən bizi yenə də sapı özümüzdən olan balta ilə vurdu.

Hazırda ölkənin tanınmış yazarları, elm adamları və s. müxtəlif təbəqənin insanları Əkrəm Əylisli haqqında müxtəlif yazılar və məqalələr yazaraq, yazıçını tənqid edirlər. Prezident İlham Əliyev sərəncam imzalayaraq, onun “Xalq yazıçısı” statusunu və prezident təqaüdünü ləğv etdi. Prezident zəruri addım atdı. Bu həm də cəmiyyətin bir sosial sifarişi idi. Başqa yol qalmadı.

Maraqlıdır ki, öz ölkəsinin çörəyini yeyəsən, övladların yüksək vəzifələrdə çalışsın, dövlət tərəfindən yüksək səviyyədə maddi təminatın olsun, bütün bunların qarşılığında naşükür olasan. Bu, bir insan və bir yazar üçün dəhşətdir.

Yazar özü deyir ki, ədəbiyyat azaddır və yazıçı necə düşünürsə, əsəri elə də yazmalıdır. Təbii ki, elədir. Ədəbiyyat azad düşüncə ilə yazılmaldır. Amma burada Əkrəm Əylisliyə “dur” demək lazımdır. Bu yerdə azad düşüncə yox, gerçəkliyi nəzərə almaq lazımdır.

İnanmıram ki, Əkrəm Əylislinin tarixi savadı və ermənilərin tarixən türklərin başına gətirdiyi soyqırımlar haqqında bilgisi az olsun. Bu, mümkün deyil. Ən azından özünün doğulduğu və boya-başa çatdığı Əylis kəndində ermənilərin hansı hadisələr törətməsi haqqında xəbərləri var. Öz yerlisi olan və Azərbaycanın tanınmış yazarlarından olan Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərini oxumaq yetər ki, məsələlərin necə baş verdiyini biləsən. Ola bilər ki, Əkrəm Əylisli Ermənistan-Azərbaycan məsələsinin həll olunmasını arzulayaraq, bu əsəri yazıb. Bu əsər münaqişənin həll olunmasından və iki xalq arasında dostluq toxumunun səpilməsindən daha çox, qarşı tərəfə “top” verməkdir. Əgər yazar bu günə qədər ermənilərin xisləti, psixologiyası haqqında hansısa bilgilərə sahib deyilsə, bu, onun ən böyük yanlışlığıdır. Bununla mən Əkrəm Əylisliyə nə ağıl öyrətmək istəyirəm, nə də təhqir etmək. Özünün dediyi kimi, ədəbiyyatı zaman qiymətləndirdiyi kimi, gələcək tarix Əkrəm Əylisliyə öz qiymətini verəcək. Üstəlik, Əkrəm Əylisli üzv olduğu Ziyalılar Forumunu zərbə altında qoydu.

Bəzən düşünürəm ki, heç olmasa Əkrəm Əylisli ən azından dünyanın məşhur alim və siyasətçilərinin ermənilər haqqında işlətdiyi sözlərə diqqət etməli idi. Axı bu sözləri biz yox, ermənilərlə dindaş olan, onları müəyyən zamanda öz siyasətləri üçün istifadə edən dövlətlərin şəxsiyyətləri deyib.

Təkcə yazar dünyanın məşhur siyasətçilərindən olan, 1918-23-cü illərdə Böyük Britaniyanın xarici işlər naziri olmuş Lord Kerzonun sözlərinə diqqət etsəydi, məsələnin mahiyyətini daha da dərindən dərk edərdi. Belə ki, Lord Kerzon yazır: “Ermənistan Fransaya verilməlidir, çünki Fransadan başqa heç kim və heç bir formada bu qeyri-adi, iyrənc və çirkin insanlarla iş görmək istəməz. Siz erməniləri 8 yaşında bakirə qız kimi təsəvvür edirsiniz? Siz tamamilə səhv mövqedəsiniz. Ermənilər öz qəddar davranışları ilə nə qədər qaniçən olduqlarını göstərdilər. Dünyanın bu bölgəsində ermənilər hətta son həftələrdə də bəzi kəslərin sandığı günahsız quzular kimi davranmamışlar. Hal-hazırda əlimdə onlar tərəfindən son dərəcə vəhşi və qana susamış tərzdə işlənmiş vəhşiliklərlə bağlı bir çox sənəd var. Unudaq bunu. Şimali Ermənistandakı ermənilərin nə soyqırım, hətta nə də hücum təhlükəsində olduqlarına inanmıram”.

Deməli, ya Əkrəm Əylisli bu insanlardan daha çox bilgilidir, ya da özünün ərköyünsayağı davranışları ilə həqiqətlərə tüpürməkdədir. Bu yerdə bu sözü demək yerinə düşər: Bir yazarın vicdanı ölürsə, əsərləri özündən öncə ölür.

Əkrəm Əylisli bu günə qədər xalqının sevimli yazıçısı olmasından imtina etdi, həmçinin 50 illik yaradıcılığının üstündən qara xətt çəkdi. Əbülfəz Elçibəyin məşhur bir sözünü bu yerdə demək yerinə düşərdi: “Yoldan çıxanı yol vurar”. Əkrəm müəllim, ömrü boyu sevdiyin və axtarışında olduğun “həqiqət və vicdanlı” yola davam.


Bir cavab yazın