Abbas Abbasov “yenidən qızışan diaspor qalmaqalı”nda onun adının hallanmasına etiraz etdi – EKSKLÜZİV
Saytımıza eksklüziv olaraq açıqlama verən Abbas Abbasov son zamanlar Rusiyadakı Azərbaycan diasporu ətrafında gedən söhbətlərdən xəbərsiz olduğunu və hətta artıq bu məsələlərin onu maraqlandırmadığını dedi.
Ötən ilin sonunda Moskvada keçirilən Ümumrusiya Azərbaycan Konqresinin(VAK) tam kadr dəyişikliyi ilə başa çatan qurultayından xeyli vaxt keçsə də, onun ətrafında gedən söz- söhbət hələ də davam etməkdədir.
Rusiyadakı Azərbaycan diasporları arasındakı “ böhranın” öləziyən külünu isə bu dəfə “Ocaq” cəmiyyətinin yeni peyda olmuş saytında gedən “VAK-ın “qurultayı” nə göstərdi?” (http://ocaqmsk.ru/chto-pokazal-sezd-vak.html) yazısı alovlandırıb.
Xatırladaq ki, adıçəkilən yazı ilə bağlı saytımızda daha geniş məqalə ilə çıxış edəcəyik.
İndiliksə, diaspor ətrafında bitməyən münaqişənin göstəricisi olan bu yazıda adı “minnət” duyğusu ilə anılıb, “bəlkə də qayıtdı” ümidiylə hallanan Abbas Abbasovun münasibətini öyrənmək üçün ona müraciət etdik.
Yenises.ru saytına eksklüziv açıqlama verən Abbas Abbasov əvvəlcə Rusiyadakı diaspor təşkilatlarımızın bugünkü durumu və Azərbaycan elitasında baş verən hər hansı münaqişədən xəbəri olmadığını söylədi.
“Mən diaspor rəhbərliyindən istefa verib uzaqlaşmışam. Ondan sonra da nə siyasətlə, nə də diasporda baş verənlərlə maraqlanmıram”.
“Ocaq” cəmiyyətinin saytında dərc olunan məqaləyə gəlincə, hazırda xaricdə dincələn Abbas Abbasov bizimlə telefon söhbətində onun adı keçən bu yazıdan xəbəri olmadığını- hətta yazının müəllifi Azər Səfərovu soruşduğumda- onun kimliyini belə xatırlamadığını və heç tanımadığını bildirdi.
Məqalədə göstərilən “Azərbaycanın yuxarı eşalonunda iki qüvvənin qarşıdurması fonunda”- sizin yenidən diaspora gətirilməyiniz ehtimalına əsas verən nədir-sualının cavabında :- Mənə heç bir yerdən heç bir müraciət daxil olmayıb. Bu ehtimalın kim tərəfindən və nə üçün ortaya atılmasının da nəyə xidmət etdiyini bilmirəm.
Abbas Abbasov saytımıza verdiyi açıqlamada onu da vurğuladı ki, o, niyyətindən asılı olmayaraq hər hansı məqsədlə onun adından istifadə edilməsini xoş qarşılamır.
“Diaspor və ya qeyri məsələlərdə mənim adımdan istifadə edilməsinin əleyhinəyəm və bunu xoş qarşılamıram”-deyə Abbas Abbasov bu fikrini xüsusi vurğuladı.
Tünzalə VƏLİQIZI
Moskva, 25.01.2017