ACI TALEH (HEKAYƏ)
Hava qaralmışdı. Səmadan sanki qəm yağırdı. Hər yer iztirab, hər tərəf qorxunc bir intizar çəkirdi.
Səmayə -7 yaşlı qızı Əsmət, 5 yaşlı oğlu Əli ilə yenə də piyan ərinin yolunu gözləyirdi. Elə cəmi neçə gün öncə yenə evə içkili gəldiyindən yazıq Səmayəni qonum-qonşu güclə almışdı əri – Kərimin əlindən. Öldürəcəm səni deyirdi. – Məni kişi saymırsan sən, dədəni məndən üstün tutursan, onlara əyilmisən, deyib mətbəxdən götürdüyü çəngəl, bıçaqla həyətin ortasında az qala Səmayənin başını kəsirdi ki, qonşu Habil möhkəm bir yumruq ilişdirmiş, Kərim özündən getmişdi. Əsmət həmən gün atasının huşsuz başı üstündə nə qədər ağlamışdısa gözü hələ də şiş idi. O gündən Habilə salam da vermirdi qızcığaz…
Əli isə susqun uşaq idi. – İçinə qapalı. Heçnə etmir, dinmir, belə hallarda ancaq bacısına sarılıb için-için ağlayırdı. Keçən dəfə atası onu anasının üzünə tüpürməyə məcbur etdikdə uşaq sarsıntıdan ümumiyyətlə özündən getmişdi…
Səmayə Kərimə sevib gəlmişdi. Hətta kərimlə qaçmışdı. O üzdən bütün bu iztirablara özü dözməli idi –tək başına. Hər dəfə atası gilə gizlicə şikayət etdikdə, atası Qəzənfər kişi –“necə özbaşına iş tutmuşdunsa, indi də özün başına bir çarə qıl, mən saqqalımı söydürən deyiləm!” –deyə qışqır-bağır salıb qızı ağzını açdığına peşman edirdi…
Görənlər xəbər vermişdi ki, bu gün də Kərim içib, kəndin çayxanasında camaata “konsert” verir. Ona görə bu gecə də hansısa fəlakətin olacağını bilirdi Səmayə. Hər həyətin qapısı açıldıqda Əsmətin ayaqları əsirdi. Gələnin başqası olduğunu görən kimi – “ata deyil, anacan, ata deyil gələn.” –deyə sevinə-sevinə həyəcandan balaca sinəsində həbs etdiyi nəfəsi boşaldırdı…
Nəhayət həyətin darvazası açıldı. İki cavan uşaq qoluna girib Kərimi evə gətirmişdilər. Kərim qışqıra-qışqıra içəri girdi. – Hardadı arvadım, məni niyə qarşılamır? Niyə xoş gəldin demir?…Ay Səmayə, ay Səmayə! –deyə bağırmağa başladı. Bu dəfə lap çox içmişdi. Ayaq üstə dura bilmirdi. Gözləri qan qoymuşdu. Eləbil küçədə yüngülvari kimləsə dalaşmışdı da, dodağı partlamışdı.
Əsmət balaca əllərini qulaqlarına tutub, guya dərs oxuyurmuş kimi gözlərini birinci sinif kitabına zilləmişdi. Əli isə bağırtını eşidən kimi gözdən itmişdi.
Səmayə tez həyətə düşüb Kərimi qarşıladı. Qoluna girib evə saldı. Kərimə xoş gəlsin, dava-dalaşa başlamasın deyə yalandan gülümsəməyə başladı. – “Kərim, başına dönüm, qoy bir ayran düzəldim iç, halın biraz düəlsin.” –dedi.
-Dodağımı görürsən, partlayıb. Sənin üstündə bir əclafı öldürəcəkdim. Mənə deyir ki, o arvadın Səmayəyə yazığın gəlsin, içə bilmirsən içmə… O səni hardan tanıyır, Səmayə?!, de görüm, xalxın kişisi səni hardan tanıyır?! Doğrayacam səni! – deyə Kərim yenə bağırmağa başladı.
Əsməti yanına çağırdı. –Bura gəl, anasının qızı, bura gəl! Get mətbəxdə nə çəngəl, bıçaq, nə varsa hamısını gətir bura. Anan bu gecə hər şeyə etiraf etməlidir, deyə Əsməti belindən itələdi. Qız əvvəl yıxılıb sonra ayağa qalxdı, dizi sıyrılmışdı, amma hiss belə etmirdi. Mətbəxə girdi, şkafları ələk-vələk elədi. Bir dənə də nə çəngəl, nə də bıçaq yox idi. Bir anlıq sevincdən ürəyi şişdi. Otağa qayıdıb həvəslə – “atacan, çəngəl, bıçağımız qurtarıb, yoxdu!” –dedi.
Kərim – “məni ələ salmısan, ay itin qızı, rədd ol gözümün qarşısından, ay anasıfat! Oğlum gəlsin. Əli gəlsin yanıma!” –deyə hıçqıra-hıçqıra bağırdı.
Əli yox idi. Həyəcandan Səmayə belə bunu fərq etməmişdi. Birdən yerindən atıldı. Uşaq hardadı, ay Allah, dedi. Otaqlara baxdı, yox idi. “Əli, Əli, qorxma oğlum, ana qurban, hardasan?” -deyə ağlamağa başladı.
Əli əməlli başlı yoxa çıxmışdı. Kərim də ayağa qalxdı. Neyləmisən bu uşağı, hara göndərmisən? –deyə yenə Səmayəni günahlandırmağa başladı.
–“Vallah bayaq burda idi, sən gələn kimi yəqin qorxusundan harasa gizlənib.” –Səmayə dedi.
Evi, həyət-bacanı, hər yeri ələk-vələk elədilər. Əli yox idi. Sanki uşaq qorxudan əriyib buxarlanmışdı.
Səmayə elə ağlayırdı ki, artıq bütün qonum-qonşular da yığılmışdı. Hamı Əlini axtarırdı. Kərim də deməy olar ki, həyəcandan ayılmışdı. Əli isə yox idi ki, yox idi.
Əsmət qardaşı gizləndiyi yerdən çıxsın deyə həmişə üstündə dava etdikləri kuklanı ona verəcəyini vəd edirdi. – “Bundan sonra hər şey sənin olacaq, Əli, dəftərlərimi də sənə verəcəm, çıx çölə!” –deyə-deyə həvəslə Əlinin gizlənə biləcəyi yerləri bir-bir gəzirdi…
Bir xeyli vaxt keçdi. Hər yerdən ümüd üzülmüşdü. Artıq nənəsi, babası da, polis əmisi də, naxırçı dayısı da Əli gildə idi. Hamı mat-mat oturmuşdu. Hər yerə acı sükut çökmüşdü. Birdən cehiz otağından bir cingilti səsi gəldi. Sanki hardasa çəngəl-qaşıq töküldü. Səmayə “can, oğlum!” -deyib göz qırpımında ora qaçdı. Gəlinlik sandığının yanında bir çəngəl düşmüşdü. Təəccüb elədi. Özündən asılı olmayaraq sandığı açmağa başladı. Sandığı açdı. Gözləri bərəldi. “Əliiiiim!” –deyə nalə çəkib, huşdan getdi. Üzü üstə sandığın içinə düşdü. Hamı onun ardınca ora qaçdı. Səmayəni sandıqdan kənara çəkdilər. Budur, Əli. Rəngi ağ-appaq ağarmışdı. Sən demə mətbəxdəki bütün çəngəl-bıçaqları yığıb, qucaqlayıb sandıqda gizlənmişdi. Sandığa girdikdən sonra sandığın qıfılı düşüb ilişmişdi deyə nəfəsi daraldıqda qapısını açıb sandıqdan çıxa bilməmişdi. O, balaca canını sandıqdaca tapşırmışdı. Çəngəl-bıçaqları isə son nəfəsinə kimi qucaqlamış, yalnız canı çıxandan sonra onlar əlindən tökülmüşdü. Və o otaqdan gələn səs bu tökülən çəngəl-bıçaqların səsi idi.
Hamı şoka girmişdi…
Balaca Əli ölmüşdü, amma ölümü ilə o, bəlkə də anasını ölümdən qurtarmışdı…
“Ey iman gətirənlər, Şərab (içki) …Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Maidə, 90.)
İlqar Kamil