Afaq Şıxlıdan iki yeni şeir


Afaq Şıxlıdan iki yeni şeir
DƏLI OLAQ YENƏ DƏ!

Gəl, keçən ilki kimi
dəli olaq yenə də.
Dəlilik çox yaraşır mənim kimi sənə də.

Gəl, nə olar! Ömür-gün
elə tez ötüb gedib… qalmayıbdı gümanım.
Bir az da gözləməyə
nə sənin zamanın var,
nə də mənim zamanım.

Yenə dəlilər kimi dünənimizdən qaçaq,
On ili, on beş ili ataq qollarımızdan!
Gələcəyin bağrına yeni bir çığır açaq,
Sapaq yollarımızdan!

Bizdən borc götürdüyü sevinci də, şövqü də.
geri versin təbiət.
Möcüzə gözləməyək!
Elə bizik möcüzə,
bir də bu son məhəbbət.

Necə yox oldu getdi illər bir kölgə kimi…
Bizə düşəcək payı aramaqdan yorulduq!
Gəl, keçən ilki kimi
Dəli olaq yenə də…
Bəsdi ağıllı olduq!

…BIR DƏ, SƏNIN DÖNÜKLÜYÜN

Ruhu itmiş bədən kimi küçələri dolaşıram…
Sənsizlikdə
boş yerini doldurmağa alışıram;
Yeni zinət əşyaları…
Təzə paltar…
Evimə də yeni-yeni şeylər alıb
hər bir yanı süsləyirəm, yanır par-par.
Gör bir nəylə ürəyimi soyuduram!
Fərqi nədir?
Nə alsam da, nə tapsam da
Otağıma yenə sənsiz qayıdıram.

O axşamdan
məni tamam dəyişiblər…
Həsrət,
yalan,
…bir də sənin dönüklüyün –
əlbir olub ürəyimlə döyüşüblər.
Məhəbbətin yoxdu daha!
Uduzmuşam!
Və o axşam
gözümüzə baxa-baxa
arzuları yox eləyib
arxamızca gülüşüblər…
Sənə – dinclik, mənə – zülüm
bölüşüblər…

Ruhu itmiş bədən kimi küçələri dolaşıram.
Ölü olub,
diri kimi görünməyə çalışıram.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir