NECƏ SEVİM SƏNİ, MÜBARİZİN VƏTƏNİ?


Azərbaycan! El bilir ki,..

         Bəs biz bilirikmi? Bilirikmi niyə sən mənimsən? Niyə yurd dedik, yuva dedik, məskən dedik? «Ana», «doğma Vətən» dedik?

Son əlli ildə əzəmətli səsi azman ölkəni belə lərzəyə salan, “El bilir ki, sən mənimsən” deyəndə isə səsi titrəyən, yüz illiyinin astanasında olduğumuz oğlun istiqlaliyyətinin möhkəmlənməsinə bir ömür verdi. Bu gün uğurların az deyil. Qürurlanacaq çox zəfərin var. Amma… 

         Belədirmi, beləsənmi, Azərbaycan? Sən hər şeyə layiqsən, bəs biz Sənə layiqikmi? Sənin bizi sevməyin müzakirə mövzusu deyil, Sən bizə həyat vermisən. Biz Səni necə sevirik?

         Quru-quru “Qurbanın olum”lamı? “Uğrunda ölüb Səni Vətən etməkləmi?”

         Gəlsənə bir soruşaq: Səni necə sevməliyik?

         Bir dəstə fədai ilə son damla qanına qədər vuruşub əbədiyyətə qovuşan Cavad xan kimi, yoxsa dənizinə sədd çəkib cangüdənlərdən “Giriş qadağandır” divarı hörən vətəndaş kimi?

         Ömrünü, ailəsini, varlığını Sənin SƏN olmağına sərf edib Sən “Könüldən” ayrılmış “Canı” ilə qürbətdə Sənin adınla həyata göz yuman Məmməd Əmin Rəsulzadə kimi, yoxsa Sənin bətnindən qopardığı sərvətlə əcnəbilərin dəyirmanını çalışdıran yurddaş kimi?

                 Üstündə gəzən çirkin ayaqların səsinə tab gətirməyib valideynlərini və bütöv bir xalqı gözüyaşlı qoysa da xalqın önə əyilmiş başını dikəldən Mübariz kimi, yoxsa “mən salim olum, dünya-cahan batsa da batsın” deyən, əlilinin haqqını yeyən, Səni gülüstana çevirmək üçün verilən imkanı övladının qoluna milyonluq saat kimi bağlayan məmur kimi?

Qarabağı ömründə görməyib qırx dörd günlük savaşla qanı-canı bahasına oranı qarış-qarış azad edən yoxsul, qaçqın gənclər kimi, yoxsa sağlamlığını savaş meydanında qoyan qazilərin Səni qoruduğunu “tanımayan”  “sosial müdafiəçilər” kimi?

         Səni sevmək nə qədər şərəfdirsə, nankorlarından, haqsızlarından, qədirbilməzlərindən danışmaq o qədər utancvericidir. Şikayət eləmək, sızlamaq üzücüdür. Hələ bir də “ağıllı” məsləhətləri ilə adamı tənbeh edənləri, istehza ilə yol göstərənləri düşünəndə taqətdən düşür, susub oturmaq, heç nəyə qarışmamaq keçir adamın könlündən.

         Səni necə sevməli, Azərbaycan?

         Uğurlarından ürəyi dağa dönən, Səni məcnunlar, fərhadlar, kərəmlər kimi sevib eşqinlə yanan, bir parça çörək üçün dünyanın dörd bir yanına dağılıb müsiqinlə, mətbəxinlə, iffətinlə, ismətinlə öyünən, Səndən bir qara quruş görməsə belə heç nə ummayan, sadəcə adın çəkiləndə ürəyi sızlayan, haqqın pozulanda gücünün çatdığı qədər üsyana qalxan yüz minlərlə sıradan və doğma övladların kimi, yoxsa gecə-gündüz yeraltı-yerüstü sərvətlərindən bəhrələnib ayı kababı yemək əndazəsinə gəlmiş sıradışı və tək Sənə yox, insanlığa ögey yaratıqlar kimi?

         Səndən çox-çox uzaqlarda min bir zillətlə qazandığını qəpiyinə qədər Səni tərk edə bilməyib işsizlikdən ailəsinin üzünə baxa bilməyən qohumuna göndərən, yenə də Sənin namını yerə salmayan mühacirlərin kimi, yoxsa Milli Məclisdə həmkarlarına vicdanlı olmağı təklif edən birinin üstünə yüzü birdən gələn, haramla qazandığı hədsiz sərvətinin əldən getməsi qorxusu ilə bir süfrədə yemək yediyi həmkarını parçalamağa hazır olan titullu-sığallı  vicdan taciri professorlar kimi?

         Bloger deyilən diləyatmaz bir “peşə” ilə Azərbaycanın yaralarına məlhəm axtaran, gənc yaşında öz ölkəsində haqqı demək üstündə zindanın “ləzzətini” görən Mehman kimi, yoxsa Mehmanın atası, babası yaşına gəlib hələ Sənə sevgini, məhəbbəti yüz iyirmi beş “elçidən” biri olmaq imkanı ilə ölçən, nəhəng gövdəsini mandat xatirinə ikiqat əyməyi şərəf sayan vəkillər kimi?

         Səni sevmək Səni göylərə qaldırmaq, şərəfini qorumaq, qəddini dik saxlamaq niyyətindən, bu yolda hər təhlükəyə sinə qərməkdən keçir. Bu sevgini tək Sənin övladların deyil, hüdudlarından kənarda olanlar da izhar edir. Zahirən cılız, lakin mənən, ruhən dünya nəhəngi Cansu Bəktaş kimi. Sənin bayrağına həqarət edilən ölkədə Sənin adına himn çaldıran, özü ilə bərabər milyonları sevinc göz yaşına boqan Cansu. Türk ordusunun Sənin müzəffər əsgərini tərif etməkdən yorulmayan zabiti kimi.    

         Otuz bir ildir istiqlal yolunda addımlayırsan. Bütün qüsurların düzəlməsi, ləyaqətli yaşayışın bərqərar olması üçün bu, çox az zamandır. Mütləq və mütləq Sən layiqli mərtəbənə yüksələcəksən. Buna nail olmağı istəmək azdır, bu yol daşlı-çınqıllıdır. Onu hamarlamaq hər kəsin, ilk növbədə etibar edilib səlahiyyət kürsüsündə oturanların işidir.

         Nə qədər ki, millət vəkili kimi bir statusu millətin elçisi, xalqın görən gözü, eşidən qulağı, firavanlıq yaradan beyni kimi deyil, ailəsinə, çevrəsinə güzəran qurmaq vəzifəsi hesab edən adamlar zəbt edib, bu yol kələ-kötür qalacaq. Lap təyin edilmiş olsa da, seçilməmiş olsa da özü üçün topladığının onda birini o statusun tələblərinə sərf etsə Sən tezliklə dirçələrsən. Lakin bundan ötrü o kürsünü başdan-ayağa pul kimi yox, xalqa həqiqətən xidmət etməkdən ötrü müvəqqəti sahibləndiyin məqam nöqtəsi kimi görmək lazımdır.

         Bu sətirlər nə Sənə sevgini artırmağa, nə Səni talayanları utandırmağa, nə üzdəniraq professorları savadlandırmağa xidmət edir. Sadəcə Sənin qənirsiz gözəlliyinin, ölçüyəgəlməz sərvətlərinin, min illərin dərinliyindən gələn ləyaqətinin naşı, acgöz, talançı əllərlə çirklənməsinə, cırmaqlanmasına, kölgələnməsinə bir acizanə etirazdır. Səni bu etirazlar olsa-olsa xəbərdar edə bilər.  

         Əsas olan budur ki, Sən azadsan! Sən hər şeyə layiqsən! Sən çiçəklənəcəksən! Səndə yaşamaq, Səninlə yaşamaq, Səndən ötrü yaşamaq əzab, iztirab deyil, şərəf, fərəh mənbəyi olacaq!

Cəfər Sadıq,
Moskva, 3 may 2023-cü il


Bir cavab yazın