Ümidvar Məmmədovun “Cəbhə xatirəsinə” sözardı


Ümidvar Məmmədov, mənim üçün çox ağır olan dönəmdən keçirəm. Bir boşluqdaymış kimi çabaladığım vaxtda qarşıma sizin sitəmli yazınız çıxdı. Xatirələr keçmiş olsa da, gələcəyin istiqamətini çızan, düz yola çıxaran izdir. Sizin nəslin nümayəndəsi olan və bu günlərdə avtoqəzada həyatını ittirən Qardaşımın da dilləndirmədiyi cəbhə xatirələri vardı… Elə kimsələr bilmədən də köçdü. Heç kimə sirr deyil. Dar məqamda Vətənə qaçanlar olub, Vətəndən qaçanlar da… Xocalı hadisəsi baş verəndə heç rahatını pozmayıb yaşadığı Ukraynada qala bilərdi. Qalmadı, gəldi, döyüşə getdi… Onun xatirəsindən yazmadım. Özü sadəcə dostlar arasında danışdı. Və…

Yalnız bir gün olsa belə cəbhədə ön və ya arxa xətdə olanın da cəsarəti, şücayəti dilləndirilməlidir. Tamı bütöv edən zərrədir. Böyük Zəfər də, o qısa zamanda düşmənin bir gülləsini boşa çıxarıb onu zəiflədən, bizim etinasızlıqla “haqqını vermədiklərimizin” haqqıyla qazanılandır.

Umidvar Məmmədov haqqında yazılıb, danışılıb. Tanıdılıb, ya bəzən də özü-özünü tanıtmaq məcburiyyətində qalıb. Bunu özünün etməsi də bizim ayıbımızdır. Əslində Vətənin haqqını haqqı bilən, əməyi üstündə olan və borcunu yerinə yetirən əsl döyüşçülərdən, qazilərdən yazılmalıdır. Əlinə qələm alan hər kəsin ən ümdə borcu olmağını xatırlatmaq bir yana, bəzən elə Ümidvar Məmmədoovun dilə gətirdiyi kimi, biganəliklə qarşılayır, hətta “o baban öldü” timsallı dinləmək istəmirlər.

Viktor Franklinin “Həyata hə de” esse-romanını maraq və ağrı içində oxumuşdum. Bu, Böyük Vətən müharibəsində əsirlikdə müsibətlərlə üzləşən, yaşamaq uğrunda mübarizə aparan bir insanın taleyindən daha çox o dönəmin tarixinə tutulan güzgü, gələcək nəslə ibrətlik olacaq dərslikdi, mənə görə. Özündə xronologiya əks etdirən quru tarix dərsindən daha faydalı və üstün olanı, milli vətənpərvərlik ruhunun formalaşmasına daha dərindən xidmət edəni, həm də.

Gəray Fəzlinin “Yeddi ulduzlu səma”sındakı Ayxan Məmmədovun yaşadıqları da həmçinin. Daha neçə belə esse-romanlar sadalaya bilərəm ki, içimizdəki vətənpərvərlik ruhu onlardan doğub. “O babamız öldü” deyən bu nəslin içindən bütün Azərbaycan boyu yol kənarından boylanan minlərlə qəhrəmanı çıxıb. Bu səpkidən olan kitabları oxuyan, cəbhə xatirələrini dilləndirənlərdən ruhlanaraq yaşadıqlarını təkrar etməyə çalışanlarla bərabər ikrahla qarşılayan bir başqa kəsim də. Biri Vətəni çırmaqlar, digəri Vətəni qucaqlar…

Tünzalə Vəliqızı, Moskva,
26.04.2025

P.S. Yazınıza bu adı verərdim.

Vətəndən qaçanlar, Vətənə qaçanlar…

Hər dəfə bir cəbhə xatirəsi yazanda coxları bunu özünü tərifləyir kimi qəbul edir. Sizcə bu xatirələrin paylaşılması düzgün deyilmi? Bu Vətən ücün hər damla qanını vermək coxlarını niyə qıcıqlandırır? Mən bir xatirə yazarkən 54 yaşında qazi Ümidvar Məmmədovu deyil? 21-22 yaşında Vətənini dəlicəsinə sevən döyüşçü Umudvar haqqında yazıram. Bunünkü gənclər bilsin ki, o dövrdə biz əlimizdən gələni etdik.

1992-ci ildə Şəmkir rayonundan olan Əlibaba Mehdiyev ilə yaralandıq. Bizi Bərdəyə, sonra isə Gəncədəki Hərbi xəstəxanaya götürdülər. Mənim iki barmağımın kəsilməsi lazımdır dedilər. Amma narkozsuz (ağrıkəsicisiz). Cünki narkoz daha ağır xəstələrə verilirdi. O dövrdə tək silah catışmamazlıgı deyil, eyni zamanda dərman catışmamazlıgı da vardı. Mənim iki barmagımı  bintlə bağladılar və hər iki tərəfinə novakain vurdular. Gözlərim önündə Nazilə həkim yekə bir qaycı ilə kəsdi. Agrıdan bütün bədənimdə tər samovar qaynayır kimi qaynayırdı. Həkim komaya düşməyim deyə mənimlə söhbət edirdi.

-Sevdiyin qız varmı? Axırıncı dəfə nə vaxt görüşmüsünüz? Yaralandığını bilirmi? Mən də cavabında dedim ki, həkim, bilirəm mən şoka düşməyim deyə məni danışdırırsınız. Amma narahat olmayın, diqqətinizi öz işinizə cevirin. Barmağım kəsiləndən sonra həkim əlini yuyub cevriləndə mən ayaq üstə idim. Həkim acıqlı və təəccüblü halda “nə iş görürsən, başın gicəllənər yıxılarsan”-dedi. Araba gətirdilər, uzanmadım. Qoluma girib palataya apardılar. Cox dəhşətli ağrılarım var idi. Yenicə uzanmışdım ki, dedilər təzə yaralılar var, ikinci qrup qan lazımdır. Mənim qanım da ikinci qrup idi. Mən və Əlibaba ayağa qalxdıq qan verməyə getdik. Əlibaba budundan yaralanmışdı. Cox qan itirmişdi. Həkim nə qədər təkid etdi ki, sizin özünüzə qan lazımdır. Biz əl cəkmədik ki, son damla qanımızı verib qardaşlarımızı qurtaracağıq. Və qan verdik. Başım çox gicəllənərdi. Bizə şokolad verdilər. Bir neçə gündən sonra özümə gəldim. Demək olar ki, dəhşətli agrıları ağrıkəsici vurdurmadan keçirtdim. Cünki agrıkəsici catışmırdı deyə onu ən ağır xəstələrə vururdular. Bir həftədən sonra yeni hucum olacağını eşitdik. Əlibaba ilə yaralı halda qospitaldan qacıb döyüşə getdik. Döyüşün ertəsi günü yaramızı yuyub sarıtmaq üçün yenidən qospitala qayıtdıq. Bizim döyüşə getdiyimizi axşam bilmişdilər və ikimizi də qospitaldan tərxis etmişdilər. Amma həkim bizi qəzəbli olsa da qəbul etdi. Yaramızı yudular, sarıdılar, yenidən qospitala yatırtdılar. Hec yadımdan cıxmır. Nazilə həkim (qeyd edim ki, cox gözəl insan idi) dedi ki, sizə məəttəl qalmışam, Sizə nə yedirdiblər  ki, belə döyüşə qaçırsınız. Özünüzü fəda edirsiniz? Dedim Vətən anamızdır, hər damla qanımız Vətənə fəda olsun. Biz bu Vətəni hər şeydən üstün sevdik. Bu gün Vətən torpaqları azaddır. Amma yeni nəsil və məmurlar unutmasın ki, bu torpaqlar onların deyil, Vətən fədailərinin qanları hesabına alındı. Allah Şəhidlərimizə rəhmət, Qazilərimizə can saglıgı, məmurlarımıza isə insaf versin. Amin!

 Qazi Ümidvar Məmmədov