İnamları kökündən sarsıdan GECƏYƏ
26-27 Fevral Xocalı faciəsinə sözardı
O GECƏDƏ o GECƏYƏ gec qaldıq. Mərmilər qulağımızın dibində partlasa da, divardakı silahlar endirilib belimizə bağlansa da “bu qədərini” etməzlər “inamıyla” “ümidimizə” məsumcasına elə sarılmışdıq ki… Sarsıldıq.
Sarsıldıq O GECƏ. O GECƏ tarix bizə ən böyük faciəsini yaşatmaqla, ən böyük dərsini verdi…
1905-1906-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə mal-qaranı tövlədə, toyuqları hində, itləri ipdə, yeməkləri ocaqda… UNUDUB qapılarımızı bağlamaq zorunda qalmışlığımız vardı. Unutmuşduqmu? Can hövlüylə elə çıxmışdıq ki (əslində çıxarılmışdıq)… Arxamızca örtülən qapılarımızı bağlamağı və açarlarını kandardakı ayaqaltının altına qoymağı unutmamışdıq, amma. Yaddaşımızda kök salan illərin vərdişiylə “çöldən gələn çöldə qalmasın”- deyə açarları hamının bildiyi yenə həminki yerə qoymağı unutmadan çöllərə salınmışdıq.
Bir əsrdə neçə dəfə? İndi bizə debatlarda “meydan” oxuyub “inanmadıqlarımızı” üzümüzə vuraraq, “biz inandırdıq”- deyir Paşinyan. Xocalını da özümüz özümüzə yaşatmışıqmış.
“Bizə inanmaq sənin faciəndi”-dedi düşmən deməyə belə ehtiyat etdiyimiz. Haqlıdır bu məqamda. Bizim özümüzə yaşatdığımız faciə-INANMAĞIMIZDI. Geri dönəcəyimizə, mal-qaranı tövlədən, toyuqları hindən, itləri ipdən açacağımıza inandığımız üçün açarı özümüzlə götürməmişdik.
O GECƏ… 1988-ci ildən başlayıb o GECƏYƏ yol açan GECƏ. Tarixin bizə yaşatdığı ən amansız faciə olsa da, ən böyük geridönüşü, özünəqayıdışı idi.
O GECƏ “ola bilməz” dediklərimizi oldurdu. O GECƏ sürülsək də, sarsılsaq da, dağlarda, yarğanlarda bir-birimizə sarılıb ildən-ilə böyüməyən o uşaqlarla bir tarix adladıq. Unutmayacağımız bir tarix.
İnandıqlarımızı yanıltdırdıqlarını deyənlərə cavab nədir-deyə sormağa gərək varmı?
28 ildir ayaqaltına buraxdıımız açarlarla nələri tapdaqda qoyub gəldiyimizdədir- BUNUN CAVABI. O GECƏDƏ yenidən doğulan şəkillərdən boylanıb ildən-ilə böyüməyən körpələrin baxışlarındadır -ONUN CAVABI.
YANILDIĞINLA SƏN DƏ YANILT! Cavab bu ola bilər! Kremldə, Avropa Şurasında, Birləşmiş Mİllətlər təşkillatında, İnsan haqları konseylərində axtardığın(m)ız ədalətsizliyin açarı 28 ildir ki, paslanmış o qıfıllara düşmür. Çünki biz faciə yaşanan O GECƏ açarları kandardakı ayaqaltına buraxıb gəlmişdik.
İndi bizə hələ də YERINDƏ QALAN, yolumuzu gözləyən o açarları O YERDƏN götürmək qalır!
Tünzalə Vəliqızı, Moskva
26.02.2020-ci il