Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür
Mübariz İbrahimov 1988-ci il fevralın 5-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N”” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib və hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə geri dönüb. Sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə yollanıb.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitləri üzərinə hücum edir, çox sayda düşmən döyşçüsü məhv edir. Düşmən tərəfi üstünə bir bölük ordu gəldiyini düşünür. Erməninin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur, düşməni ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Ermənilər içərissində vahimə yadaran igid Azərbaycan oğlunun meyidini bir müddət ermənilər verməyərək saxlamışdılar. Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçi İbrahimov Mübariz Ağakərim oğlunun meyiti 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınmışdır. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “”Azərbaycanın Milli Qəhrəmanı”” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Azərbaycanın igid oğlu Mübariz İbrahimov noyabr ayının 7-də Bakı şəhərində II Fəxri xiyabanda dəfn edilib.
Vətən belə igid oğulların çiyni üstündə dayanır! Allah rəhmət eləsin!
/Yenises.ru/“