“Azərros” RATİ ilə birgə təntənəli “Novruz” şənliyi keçirtdi
Xalqımızın milli bayramı Novruz mart ayının 21-22-nə təsadüf etsə də, onun qeyd edilməsi tədbirləri Moskvada Azərbaycan diasporlarımız tərəfindən davam edir. Bu sıradan olan novbəti “Novruz”u qeyd etmə mərasimi Moskvanın ən möhtəşəm şadlıq saraylarından biri olan “Safisa”da keçirildi.
“Azərros”un RATİ ilə birgə təşkil etdiyi tədbirə Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarımız, ictimai birliklərimizin nümayəndələri ilə yanaşı, digər millətlərin də diaspor təşkilatlarının nümayəndələri, yüksək səviyyəli qonaqlar dəvət edilmişdi.
Onlar arasında dini dairələrin nümayəndələri, tanınmış jurnalistlər,ictimai xadimlər-bir sözlə sosial-ictimai-siyasi həyatın bütün təbəqələrindən olan insanlar var idi.
Gecəni tədbirə ev sahibliyi edən “Azərros”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov açaraq dəvət edilən qonaqları salamladı və onları müqəddəs bayramımız olan “Novruz” münasibətilə təbrik etdi. Abbas Abbasov “Novruz” bayramının keşməkeşli tarixindən söz açaraq , bir zamanlar onun “dini” bayram kimi qələmə verilməsindən, başıbəlalı bu bayramın təqiblərə məruz qalmasından danışdı. “Əslində bir vaxtlar bu bayramı qeyd etməyi qadağan etsələr də, insanlar yenilik, saflıq, yaşıllıq bayramı olan “Novruz”u mart ayında evlərinin ən əziz qonağı kimi başa çəkməkdən çəkinmədilər. Ən sərt dönəmlərdən keçib gələn “Novruz” Azərbaycan xalqının qanına hopmuş bir bayramdır”-deyən Abbas Abbasov bu bayramın həm də barışa, milli həmrəyliyə çağırış bayarmı olduğunu qeyd etdi. Abbas Abbasov Rusiya paytaxtında bütün millətlərin nümayəndələri ilə bir arada bu bayramı keçirmək şəraitinə malik olduğumuza görə bizə bu imkanı verən Rusiya hökümətinə minnətdarlıq etməyi də unutmadı.
“Novruz” şənliyində iştirak edən Rusiya prezident administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov da salona toplaşanları bu müqəddəs gün münasibətilə təbrik edərək bayram diləklərini çatdırdı. O çıxısında: “Bir xalqın ürəyini, özünü anlamaq üçün onun mədəniyyət və adət- ənənələriylə tanış olmalısan”- deyərək , belə bir yenilənmə, təzələnmə, barış, əmin-anamlıq xüsusiyyətlərini özündə əsk etdirən bayrama sahib çıxan xalqın Rusiya və digər ölkələrlə uzunəsrlik dostluq, dini, mədəni əlaqələrindən də izsiz ötmədiyini qeyd etdi.
Rusiya Xalq Diplomatiyası Fondu isə Azərbaycanlıların Rusiya federal milli-mədəni muxtariyyətinin fəxri prezidenti Söyün Sadıqovu Azərbaycan və Rusiya xalqları arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha da mohkəmlənməsində sərf etdiyi əməyə görə “Xalq Diplomatı” dilpomu ilə təltif etdi.
Gecədə tanınmış iş adamı Telman İsmayılov da göründü. O salondakılara yaxınaşaraq bayram münasibətilə hamını təbrik etdi və qol götürüb oynadı.
Təntənəli bayram şənlyini Rusiya və Azərbaycanın tanınmış estarada müğənnilərinin ifası və rəqs ansamblının rəqslərinin müşaiyəti ilə davam edirdi.
Beynəlxalq Musiqi müsabiqəsinin laureati, “Qran Pri” mükafatçısı gənc xanəndə Mirpaşa Şükürov, müğam-caz ifaçısı Orxan Türkoğlu, virtouz- skripkaçı Anar Yusifov, Azərbaycanın Əməkdar artisti Manana Caparideze, Rus estradasının tanınmış ulduzları Natalya Podolskaya, Aleksey Çumakov, “Qorod 312” qrupu gecənin bayram əhval-ruhiyyəsini daha da artırırdılar.
Onu da qey edək ki, təntənəli bayram tədbirinin aparıcısı məşhur teleaparıcı Leyla Əliyeva idi.
Tünzalə Vəliqızı, Moskva