Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
KİF iştirakçılarına ünvanlanan müraciətində Forumun təşkilat komitəsinin sədri, Rusiya Hökuməti sədrinin müavini Arkadiy Dvorkoviç bildirib ki, bu il forumun əsas mövzusu “Rusiya 2018-2024: potensialı gerçəkləşdirərək” adlanır və onun çərçivəsində aparılan diskussiyalar insan kapitalı və sosial sahənin, biznesin inkişafı, Rusiya məkanının təşkili, ətraf mühitin mühafizəsi və ekologiyanın iqtisadi artıma təsiri məsələrinə həsr olunub. Forumda vacib yer Sibir federal dairəsinin inkişafına dair müfəssəl investisiya layihələrinin təqdimatı və icmalına ayrılıb.
KİF gündəliyində həmçinin gənclərin işguzar dairələrdə təmsili, hakimiyyət və biznes münasibətləri, kreativ layihələrin perspektivi məsələlərinə dair müzakirələr aparılıb, müxtəlif sahələrdə mühüm iqtisadi sazişlərin imzalanması mərasimləri keçirilib.
Həm forumun plenar iclasında, həm də müxtəlif panel müzakirələrində fəal iştirak edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyevin bildirdiyinə görə, Azərbaycan bu kimi nüfuzlu meydançalarda iştirak etməkdə maraqlıdır.
KİF-2018 çərçivəsində Ruslan Əliyev Rusiyanın rəsmi şəsləri və işguzar dairələrin təmsilçiləri ilə – Krasnoyarsk diyarı qubernatorunun vəzifələrini icra edən Aleksandr Uss, Krasnoyarsk şəhərinin meri Sergey Yeryomin, Rusiyanın BMT-yə Dəstək Assosiasiyası sədrinin birinci müavini Aleksey Borisov, Krasnoyarsk diyarı Qanunvericilik Məclisinin deputatı Vladimir Demidov, BMT-nin Rusiyadakı İnformasiya mərkəzinin direktoru Vladimir Kuznetsov, konsaltinq şirkətinin prezidenti Yevgeniy Minçenko və s. ilə bir sıra görüşlər keçirmişdir. Danışıqlar gedişatında vurğulanmışdır ki, Azərbaycanın Rusiya ilə ticarət-iqtisadi əlaqələri fəal inkişaf edir və ölkələrimiz arasında hərtərəfli tərəqqi yaşayan ikitərəfli münasibətlərin ümumi dinamikası ilə ahənglik təşkil edir.
“Azərbaycanın rəsmi şəxsləri və biznes dairələrinin nümayəndələri Rusiyada keçirilən bütün iri və önəmli iqtisadi forumlarda iştirak edirlər, bunlardan biri də ənənəvi irimiqyaslı və nüfuzlu sayılan Krasnoyarsk iqtisadi forumudur. Azərbaycan Rusiya Federasiyasının subyektləri – regionları ilə birbaşa əlaqələr istiqamətində böyük və çox dəyərli təcrübəyə malikdir ki, bu sıx təmaslar onları tənzimləyən müvafiq hüquqi-normativ aktlara söykənir”, – deyə R.Əliyev qeyd edib.
Öz növbəsində Krasnoyarsk diyarı qubernatorunun vəzifələrini icra edən Aleksandr Uss bildirib ki, Krasnoyarsk iqtisadi forumu hər zaman ölkənin inkişaf strategiyası haqda mahiyyətcə zəngin müzakirələrin mərkəzində olub, energetika, metallurgiya, neft hasilatı, meşə təsərrüfatı, kosmik sənaye və elmi-texniki əməkdaşlıq sahələrində yeni ideyaların irəli sürülməsində effektiv alət rolunda çıxış edib.
“Aşağı Prianqarye”, diyarn şimalındakı neft-qaz yataqlarının tədqiqatı, 2019-cu ildə keçiriləcək qış Universiadasının paytaxtı Krasnoyarsk şəhərinin ifrastruktur yenilənməsi, Ural arxasında ən müasir və beynəlxalq səviyyəli hava limanının tikintisi kimi irimiqyaslı investisiya layihələrinin başlanmasına dair qərarlar məhz KİF meydançalarında alınıb. Bu kontekstdə Azərbaycanın təcrübəsi nəinki nəzəri cəhətdən, hətta praktiki tətbiq baxımından çox maraqlıdır və burada respublikanın son illər ərzində mühüm iqtisadi layihələrin həm ölkə daxilində, həm də regional və transregional səviyyələrdə uğurla həyata keçirilməsi xüsusi olaraq nəzərə alınmalıdır”, – deyə diyarın başçısı əlavə edib.
Forumda müzakirə edilən ekoloji cəhətdən təmiz iqtisadi istehsalatın təşkilinə aid məsələlərin aktuallığını nəzərə alaraq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu təbiət ehtiyatlarının istifadəsi və ekologiya sahəsindəki beynəlxalq problemlər kafedrasının müdiri qismində Ruslan Əliyev dünyanın yanacaq-energetika kompleksinin ekoloji problemlərindən danışıb, həmçinin bu sahədə mövcud olan müasir tendesiyalar barədə bilgiləri ilə bölüşüb. Auditoriyanın böyük marağına səbəb olmuş məruzəsi zamanı Ruslan Əliyev xüsusi olaraq vurğulayıb ki, dünyada ekologiya sahəsində movcud olan yeniliklər və müasir təcrübələr Azərbaycanda uğurla tətbiq edilir ki, ölkədə ekoloji cəhətdən təhlükəsiz iqtisadi istehsalın təşkili dövlət siyasətinin prioritetlərindəndir. O əlavə edib ki, bu müstəvidə nəinki iqtisadi mənfəətin əldə edilməsinə, eyni zamanda əhalinin təhlükəsizliyinə, ətraf mühitin mühafizəsinə, tullantıların lazımi qaydada zərərsizləşdirilməsinə tarazlaşdırılmış yanaşma tətbiq olunur.
Xatırladaq ki, aprel ayının 12-dən 14-dək KİF meydançalarını dünyanın 30 ölkəsindən və Rusiyanın 60 regionundan 5,5 min insan ziyarət edib. İşgüzar gündən çərçivəsində 80-dən artıq müxtəlif tədbirlər – müzakirələr, sessiyalar, konfranslar, dəyirmi masalar və s. keçirilib, bunlardan əlavə mədəni və idman proqramları düzənlənib. KİF keçirildiyi günlər ərzində hakimiyyət orqanları, biznes qurumları, ictimai təşkilatlar arasında 70-dək saziş, memorandum və müqavilələr imzalanıb.
Roman AĞAYEV / Krasnoyarsk