MƏNSUR ŞEİRLƏR
Bu nədir, Allah?..
Bu nədir, Allah?..
Gecikmiş, çox gecikmiş bir qatar səsi gəlir qulaqlarıma elə bil.
Doğrudanmı, doğrudanmı bu dayanacaqdan yenə qatar
gəlib keçəcək? Minib gedəcəyəm, qaçıb gedəcəyəm ümidləri “ur”
olmuş viran dünyanın qayğılarından, ağrılarından uzaqlara, sehrli,
nağıllı sahillərə? Ömrün ilkin çağlarında olduğu kimi.
Doğrudanmı, doğrudanmı?..
Gecikmiş bir qatar səsi gəlir qulaqlarıma.
Dayanacaqmı, dayanacaqmı o qarşımda mənim?
Qoynuna alacaqmı günlərimi, gecələrimi? Yeni bir möcüzə baş
verərdi yəqin ki.
Bəlkə… ötüb keçəcək, saxlamadan? Odlu küləyilə
içimi dalayaraq.
Bəlkə, bəlkə… üstümdən keçəcək? Təkərlər biçəcək,
biçəcək qəlbimi, ruhumu.
Kim bilir, kim bilir?
Gecikmiş, çox gecikmiş bir qatar səsi gəlir qulaqlarıma
elə bil.
Bu nədir, nədir, ay Allah?..
** ** **
Səhra belə olurmuş deməli…
Səhra belə olurmuş deməli…
Nə bir ağac, nə bir çəmən, nə çiçəklər… Bom-boz, ucu-
bucağı görünməyən boşluq, nəhayətsizlik. Qumların üzü ləpəli,
dalğalı dəniz üzünü xatırlatsa da bu ləpələr, dalğalar donuq, sanki
ölü. Bir qaynarlıq, Günəş hərarəti də yox bu qumlarda. Elə dəniz
suları kimi soyuq.
On ildən, yüz ildən bir möcüzə baş verər səhralarda. Yağar
güclü yağışlar, sonra yenə Günəş nur çiləyər, hərarət çiləyər. Və
ağlasığmaz gözəllikdə, ətirdə güllər, çiçəklər boy atıb qalxar ölü
qumların üstə.
Ancaq bu səhranın canında elə bir soyuqluq var, lap qar da yağsa,
buzlar da yağsa, çiçək nədir, bir qanqal belə bitirə bilməz Günəşin
unutduğu bu donuq qumlar. Bu səhranın qismətində elə bir yoxluq var,
küləklərin gücü çatıb bir yana ötürə bilməz, itirə bilməz başı üstünü
kəsdirmiş həsrət dolu buludları.
Göyləri, yerləri Yaradan, nə üçün yaratdın bu bədbəxt
səhranı? Meşələrin, çəmənlərin mutlu gözəlliyini daha parlaq etmək
üçünmü? Ağın yanındakı qara kimi?
Yox, əllərimi uzadıb qurtuluş diləməyəcəyəm daha Səndən.
Qoy öz bədbəxtliyilə başqa bir cür mutluluq yaşayan bu səhra beləcə
qalsın. Böyük Günahsızın kiçik bir günahı kimi…
** ** **
Su!
Su!
Çat-çat olmuş dodaqlara. Cadar-cadar torpaqlara.
Bürüşən, quruyan güllərə, çiçəklərə, yarpaqlara, otlara, ağaclara.
Su!
Ömründə bircə dəfə də olsa yağışda çimmək istəyən səhraya, qumlara.
Su!
Çabalaya-çabalaya can verən balıqlara.
Su!
Üstü torpaqlanan təzə qəbirlərə çiləməyə də varsa.
Su…
** ** **
Sudan, dənizdən kənara atılmış balıqlar kimi
Sudan, dənizdən kənara atılmış balıqlar kimi
çabalaya-çabalaya
can verir günlərim. Gözüm görə-görə. Ömür tükənməkdə…
Doğrudanmı, doğrudanmı bir daha görə bilməyəcəyəm o uzaq yerləri,
görə bilməyəcəyəm sevdiyim insanları?
O mutlu günlər yaşanmayacaq bir də?
Doğrudanmı, həsrət – suyu çəkilmiş, qurumuş bir dəniz deməkdir?
Bizsə–
Dibində cabalaya-çabalaya can verən balıqlar…
** ** **
Başqa dünyadan sürgün olunmuş qərib, yad bir adamam bu dünyada.
Mənim dünyam belə deyildi axı…
Orda insanlar daha gözəl, daha sevimli. Orda insanlar bir ailə kimi mehriban,
cənnətdəki sayaq günahsız və mutlu.
Orda kədər axtarırlar, burda sevinc aradıqlarıtək. Kədər axtarıarlar, sevincin
adiliyindən uzaqlaşmaq üçün, sevincin dadını daha dərindən duymaq üçün.
Orda göz yaşı yox…
Ölümə belə ağlamırlar hətta. Acından ölən yox orda, dərddən, həsrətdən
ölən yox…
Ölüm – dünyadan doyub getməkdir, ruhların bayramıdır orda.
Meşələrlə dolu olsa da o dünya, meşə əhlinə bənzəri yox o insanların.
Didib-parçalamaq yox, dava-dalaş, kin-kidurət yox…
Haqsızlıqlara göz yuman Allah yox, insana qənim Şeytanı yaratmış.
Hər kəsin balaca bir aləmi, balaca bir dünyası. Hər kəs öz balaca dünyasının,
qayğısız, bəxtəvər dünyasının balaca bir Allahı…
Belə bir dünyadan sürgün olunmuş qərib, yad insanam bu dünyada mən.
Alışa bilmirəm, alışa bilmirəm, alışa bilmirəm, vallah, bu dünyaya.
Kim sürgün etdi məni? Kim? Nə imiş günahım?..
Ah, harda qaldı mənim öz doğma dünyam? Haçan dönəcəyəm bir də
ora? Dönə biləcəyəmmi heç?..
Bu dünyadan o dünyaya açılan qapılar qapalı. Gün keçib günortadan…
** ** **
Xəbərin oldumu, səndən ayrılıb mənimlə gəldi. O payız
axşamında ilk dəfə gördüyüm gözlərin. Mənimlə gəldi, bir də
təbəssüm boyalı dodaqların.
Günahkaramsa, bağışla…
O gündən hara gedirəm – mənimlə gedir. Payız axşamı
rəngində gözlərin. Mənimlə gedir. Bir də təbəssüm boyalı dodaqların.
Günahkaramsa, bağışla.
Axşamlar, şam işığında oturub toza bürünmüş gitaramın
simlərini səsləndirirəm. Onlar üçün. Mən çalıram, dodaqların
gülümsəyir. Baxışların nəğməyə dönür, təbəssümün çiçəyə.
Mən çalıram. İçim sevinclə dolur. Axşamlarım aləm olur.
Günahkaramsa, bağışla…