“Berceste” jurnalı xüsusi buraxılışını Nigar Rəfibəylinin 100 illiyiniə həsr edib
“Berceste” – aylıq mədəniyyət, sənət, ədəbiyyat dərgisinin 2013-cü il, dekabr, 138-ci saylı xüsusi buraxılışı işıq üzü görmüşdür.
Dərginin, Azərbaycanın görkəmli şairəsi Nigar Rəfibəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş bu sayı “Türk Dünyası Ədədbiyyatı” adlanır.
Redaktoru və ön sözün müəllifi Vedat Ali Tokdur.
Nigar Rəfibəylinin xatirəsinə həsr olunan dərgi, Türk və Azərbaycan ədəbiyyatının tanınmış yazarı İmdat Avşarın tərcüməsində şairənin “Vida”, “Ayrılıq”, “Neyləyim”, “Rəfiqəm mənim”, “Dağları duman alanda”, “Qəzəl”, “Müşkinaz xanımın əziz xatirəsinə” şeirləri ilə başlanır.
“Azərbaycan ədəbiyyatı” bölümündə anadan olmasının 75 illiyi münasibətilə Məmməd İsmayılın, Zaur Qəriboğlunun, Fərid Hüseynin, Vaqif Aslanın, Vaqif Məmmədovun, Günel Mövludun, Dilqəm Əhmədin, Rafail Tağızadənin, Ramiz Əsgərin, Vaqif Bəhmənlinin, və başqalarının şeirləri yer alıb.Anadan olmasının 100 illiyi münasibətilə Ənvər Məmmədxanlının “Buz heykəl” hekayəsi İmdat Avşarın və Ömər Küçükmehmetoğlunun tərcüməsində nəşr olunub.
Bölmədə həmçinin Anarın “Yaxşı padşahın nağılı” povesti, Günel Anarqızının “Şuşam” hekayəsi, Afaq Şıxlının “Bir ömrün son gecəsi” hekayəsi, Pərvin Nurəliyevanın “Turbo Tima” hekayəsi, Aydın Tağıyevin “Adəm kişinin oğlu” hekayəsi, Şərif Ağayarın “Anaxanım” hekayəsi, Sahilə İbrahimovanın “Mən deyildim” hekayəsi, Əjdər Olun tanınmış şəxsiyyətlər haqqında lətifələri oxucuların müzakirəsinə verilib.
Dərgidə Türkiyə ədəbiyyatından Əli Akbaşın “Quş süfrəsi” şeiri, Bəkir Oğuzbaşarın “Türkiyədən Türkistana” şeiri, Ömər Küçükmehmetoğlunun “Arayış” şeiri, Mehmet Qaradaşın “ Türklüyün dərin mənasını axtararkən türkologiyaya və dastanlara baxmaq” elmi məqaləsi işıq üzü görüb.
Bu xüsusi buraxılışda Türkmənistandan, Qırğızıstandan, Qazaxıstandan, Krımdan, Özbəkistandan, Dağıstandan, Krımdan, Uyğur bölgəsindən, Tuvadan, Başqırdıstandan, Tatarıstandan olan yazarların, şairlərin, elm adamlarının əsərləri də vardır.