SEVİLMƏYƏ MƏHKUM ŞAİR!
Azərbaycan poeziyası taxtında özünəməxsus yer tutan, yaratdığı gözəl yazı nümunələri ilə hələ sağlığında ölümsüzlüyə qovuşan, yenilməz ruhlu, əyilməz iradəli böyük şair Məmməd İsmayılın yaradıcılığına oxucular hər zaman xüsusi maraq və məhəbbət göstərmişlər. Bu maraq son altı ay ərzində daha da güclənmiş və get-gedə artmaqdadır.
Bu ilin fevral ayında “Vmesto pisma” kitabının təqdimatı ilə əlaqədar Türkiyənin Çanaqqala şəhərindən Moskvaya dəvət olunan sevimli şairimiz, bu gəlişilə qürbətdə yaşayan həmvətənlərini sözün həqiqi mənasında heyrətə saldı. Bu görüşlərin canlı şahidi kimi deyə bilərəm ki, Yuri Kuznetsovun xatirə gecəsində, Marina Svetayevanın ev muzeyindəki öz görüşündə və Millətlər evində təşkil olunmuş yuxarıda adını çəkdiyim kitabın təqdimatında Məmməd İsmayıl fenomeni böyük dalğa yaratdı. Təntənəli gəlişilə həmvətənlərinə bir parça ümid, istilik və hərarət gətirən, rus və Azərbaycan dillərində etdiyi çıxışları, oxuduğu bir-birindən gözəl və mənalı şeirləri ilə qəlbləri təlatümə salan şair, öz gedişilə pozulması zaman aparan həsrət acılı bir sükuta səbəb oldu. Onun gedişilə onsuz da qarlı-boranlı qış günləri yaşayan Moskva, Günəşini itirmiş asiman kimi bom-boş göründü. Və bu ayrılıqdan sonra, hələ çox müddət ərzində, Məmməd İsmayıl ismi dillərdən düşmədi.
Poeziya səmasında hər zaman parlamaq üçün doğulmuş bir ulduz olan ustad şairimiz, Moskva görüşlərindən az sonra, bir-birinin ardınca müxtəlif respublikaların, şəhərlərin ədəbiyyat dərnəkləri, dərgiləri və təşkilatları tərəfindən, öz gəlişilə onları şərəfləndirmək təklifləri almağa başladı. Bunların sırasında, bu il sentyabrda Krımda Koktebel şəhərində keçiriləcək 10-cu Beynəlxalq Poeziya festivalına, oktyabr-noyabr aylarında Rusiyanın Saratov şəhərində nəşr olunacaq yeni kitabının təqdimatına dəvətlər də vardır.
Məmməd İsmayıl yaradıcılığının bpyük pərəstişkarlarından biri, Saratovda nəşr olunan “Literaturnıy Saratov” jurnalının
baş redaktoru Vladimir Quryanov, öz dərgisinin beşinci nömrəsinin çox hissəsini sevimli şairinin yaradıcılığına həsr etmiş, onun haqqında yazılan məqalə və tənqidi yazıları, eləcə də şairin onlarla şeirini dərc etdirmişdir. Jurnal V.Quryanovun Məmməd İsmayıl haqqında yazdığı belə bir yazıyla başlayır:
“Məmməd İsmayil –
Azərbaycan poeziyasinin parlaq ulduzu
Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyi – Rusiyanın, MDB ölkələrinin və bir sıra digər dövlətlərin yazıçılar birliklərini özündə birləşdirən yaradıcı təşkilatdır. Onun əsas vəzifəsi – bu dövlətlərdə vahid mədəni mühitin qorunub saxlanması və mənəvi əlaqələrin möhkəmlənməsidir.
Milli mədəniyyətin möhkəmlənməsi kimi möhtərəm məqsəd daşıyan “Literaturnıy Saratov” –un redaksiyası dərginin bu nömrəsində istedadlı Azərbaycan şairi Məmməd İsmayılın şeirlərini və onun haqqında rus şairi mərhum Yuri Kuznetsovun, Məmməd İsmayıl qələminin vurğunu texniki elmlər namizədi, professor, Rusiya Təbii elmlər akademiyasının müxbir üzvü, “21-ci əsr Elm” jurnalının məsul redaktoru Rəfail Başar oğlu Qəribovun yazdıqları məqalələri dərc edib.
Əziz oxucular, tanış olun! Azərbaycan poeziyasının parlaq simalarından biri, qeyri-adi poetik istedada, fəlsəfi ağıla malik, həyata saf və titrək münasibətlə yanaşan bir insan sizinlədir!
Vladimir Quryanov,
“Literaturnıy Saratov” jurnalının baş redaktoru.”
Bu yazıdan aydın olur ki, Məmməd İsmayıl şairləri, pomalarıı nəinki Azərbaycan və Türkiyədə tanınır, sevilir, eləcə də onun yaradıcılığını Rusiyada, Fransada və s… başqa ölkələrdə də izləyirlər. Çünki, Allahın verdiyi fitri istdad elə bir möcüzədir ki, onu nə gizləmək, nə də söndürmək olmaz. Belə bir insan harada yaşayır yaşasın, öz işığına yüzlərlə, minlərlə oxucunu cəlb edəcəkdir.
Bu arada, Məmməd müəllimin çox sevdiyi müdrik Konfusidən bir misal gətirmək istəyirəm. O deyir ki, kim ki, insafla davranar, o Şimal ulduzu kimi hər zaman öz yerində olar və digər ulduzlar hörmətlə onun dövrəsinə cəlb olarlar.
Bu kəlamı mən Məmməd İsmayıla şamil etmək istəyirəm. Çanaqqaladan, möhtəşəm bir ulduz timsalı, ətrafına və minlərlə km uzaqlara işıq saçaraq, hər kəsi – ədəbiyyata və şeiriyyətə ürəkdən bağlı olanları, sadə və səmimi insanları, dünyanı beş günlük gəlir məmbəyi deyil, əbədi vicdan məhkəməsi bilənləri – özünə cəlb edir.
Görkəmli Rus şairi, Məmməd İsmayılın ən yaxın dostlarından və onun şeirlərinin rus dilinə tərcüməçilərindən biri Yuriy Kuznetsov öz ““Layiqli adam” haqqinda söz “ məqaləsində haqqında belə yazır:
“Zamanınız olarsa, Azərbaycanın xəritəsini götürün, Tovuz rayonunu tapın. Kifayət qədər böyük olan bu rayonda Əsrik adlı kiçiçik bir kəndi axtarın. 1939-cu ilin payızında, məhz bu kənddə, kəndli ailəsində valideynlərinin ilk və son oğlu – Məmməd İsmayıl anadan olmuşdur. Yəqin ki, yeni doğulmuş körpənin səsi sazın sədaları ilə müşayət olmuşdur. Çünki, Tovuz – qədim aşıq diyarıdır, Əsrikdə isə, demək olar ki, hər kəs sazda çalmağı bacarırdı. O tərəflərdə belə bir məsəl vardı, deyirdilər ki, hər kənddən bir layiqli adam seçsəniz, Əsrikdən ilk qarşınıza çıxsa götürə bilərsiniz. Çünki, bu kənddə hər kəs layiqlidir. Və talenin seçiminə Məmməd İsmayıl düşdü”.
Və daha sonra belə qeyd edir:
“Şair həyatında təsadüfi heç nə olmur. Ad isə şair həyatında ən önəmli yerlərdən birini tutur. Məmməd İsmayılın adında isə Allahın rəsulunun (s.ə.s.) və dahi sərkərdə şah İsmayıl Xətainin adları birləşmişdir.
Əlbəttə ki, şair bununla qürur duyur. Amma Məmməd İsmayıl nə peyğəmbər olmadı, nə də ki, sərkərdə. Tale onun üçün başqa bir həyat hazırlamışdı…”
Doğrudan da tale ona başqa bir ömür hazırlamışdı – mükəmməl şair ömrü! Heç kəsə bənzəməyən misraları və hər kəsdən fərqli dünya görüşü olan, yenilməz, məğrur bir şair ömrü! Məmməd İsmayıl taleyi – uşaqlığı müharibə qoxulu, gəncliyi ilk məhəbbət acılı! Doğma anası – şairin qibləsidir. Üzünü görmədiyi atası – mərdlik, igidlik və həm də sonsuz həsrət timsalıdır. Səmalar – sehirli bir dünyanın əksi olaraq şeirlərində canlanır. Uşaqlığında saz səsilə mayalanmış xatirələr sonradan Yerin anlaşılmaz sirli səsilə qarışır.
Onun bütün duyğuları bax elə bu xatirələrdən su içmişdir…
Şairin şoxsaylı dostlarından biri, Moskva görüşlərinə xüsusi olaraq gəlmiş, “Elm: 21 əsr” jurnalının məsul redaktoru, texnika elmləri doktoru, professor Rəfail Qəribov o günləri xatırlayaraq, həmin görüşlərdə iştirak etdiyi üçün özünü xoşbəxt insan hesab edir və xatirələrində belə yazır:
“Mən artıq özüm üçün belə qənaətə gəlmişəm ki, hər bir azərbaycanlı, ömründə heç olmasa bir dəfə, şairlik etmişdir. Mənim xalqımı və dövlətimi poetik düşüncədən, gözəllikdən, gözəl sözdən və sözün “musiqisindən” ayrı xəyal etmək mümkün deyil. Azərbaycan dünyaya Nizami, Füzuli, Xaqani, Seid Əzim Şirvani, Sabir, S. Vurğun, Hüseyin Cavid, Rəsul Rza və s… kimi dahi şairlər bəxş etmişdir. Və elə indi də odlar yurdumuz mükəmməl söz ustaları yetirməkdədir. Bəzən hələ çox gənc olan istedadların yazılarını oxuyub, fikirlərin və duyğuların dərinliyinə təəccüb edirsən. Yəqin ki, torpağımız özü övladlarına ətrafındakı gözəllikləri görmək və kainatın dərinliyini duymaq qabiliyyəti verir.
Hazırda yaşayan Azərbaycan ədəbiyyatı klassikləri sırasında Məmməd İsmayıl adı parlaq bir ulduz kimi parlayır!”
Bir insanı müxtəlif baxış nöqtələrindən müxtəlif cür görmək olar və ona qarşı müxtəlif hisslərə malik olmaq olar. Mən bəzən öz-özümə düşünürdüm, nədən Məmməd müəllimdən bəzən bu qədər çəkinir və hətta qorxuram (axı o buna heç bir zəmin yaratmır və bundan xəbərsizdir), bəzən isə ürəyimin ən ümdə arzularını aça biləcək qədər yaxın oluram. Bəlkə də bu sual, onu tanıyan çoxlarını düşündürüb. Axır ki, müşahidələrim mənə bu qənaətə gəlməyə imkan verdi: öz düçüncələrini, fikir və amalını bölüşərkən o, tamam ayrı bir insan olur – möhtəşəm bir natiq, əlçatmaq və yenilməz zirvələr qədər uzaq bir alim…; qalan vaxtlar, doğmalarının və yoldaşlarının arasında isə – hətta “yumurtalı sucuq” bişirəcək, manqal yapacaq qədər sadədən sadə, doğmadan-doğma, ata mehrli, dost ətirli yaxın bir insan…Və ikinci şəxs – mehriban dostdursa, birinci şəxs – inkarolunmaz dahidir!
Söhbətlərinin birində Məmməd müəllim demişdi ki, bizim gözlə görə bilmədiyimiz inanılmaz bir güç var, o güc ki, Mərmərə və Egey dənizləri dediyimiz iki məğlubolmaz nəhəngi bir boğazda birləşdirir.
Şairanə müdrikliklə və Məmməd İsmayıl tərzində deyilmiş bu kəlmələri elə onun özünə də aid etmək olar: ilahi bir güc şairlik və insanlıq deyilən iki anlamı bir şəxsin timsalında var etmiş, bir ömürdə cəmləşdirmiş və … onu hər zaman sevilməyə məhkum etmişdir!
İstəyirəm ki, uzun-uzun illər boyu Məmməd İsmayılın – sevimli şair və gözəl insanın varlığına görə ulu Tanrıya şükürlər deyə bilək və hələ neçə-neçə yeni əsərlərinin, kitablarının oxucusu olaq!
Afaq Şıxlı
/Yenises.ru/