“ Ağrı Dağı’nın ötesi” ndəki savaşı istəyən kimdir?


“ Ağrı Dağı’nın ötesi” ndəki  savaşı istəyən kimdir?
Mən qardaş türkün türkcəsində yüzdə-yüz başa düşdüyümü yaşadığım Rusiyada tədbirlərdə qarşılaşdığım elitar təbəqənin nümayəndələrinə və küçədə rastlaşdığım sadə insanlara böyük bir qüqurla demişəm. Hətta biz “eyni millətik” söyləməkdən də çəkinməmişəm. Amma “Vatan” internet qəzetinin yazarı Uğur Koçbaşın İrəvana səfərindən hazırladığı “ Ağrı Dağı’nın ötesi!” UGURSUZ yazısından bir şey anlamadım.

Azərbaycana qarşı ədalətsiz savaşda olan və türkləri soyqırımda ittiham edən ermənilərin “səmimiyyətindən” rəğbətlə yazmasını hansı qəlibə qoyacağıma da yer tapammadım. İndi bu türk millətini təmsil edən yazarın tərəfkeşlik etmədən bir doğru baxış sərgiləməsiydimi, ya da bu günlərdə mükafatının miqdarını azaldan “Nobel”in diqqətini çəkməkmi? Bunu da mənim anlamadığım dildə yazan Uğur bəyin öz vicdanına buraxıram.

Uğur Koçbaş nə demək istəmişdi? Türk dilində olan serialların bizim efirdə tərcümə ilə verilməsinə neqativ yanaşanlardan olan mənə Uğur bəy türk dilində o qədər də yaxşı bilmədiyimi anlatdı.

Uğur bəyin bu yazısında viza məsələsini, dolma yediyini anlatmasıyla nə demək istədiyini mənə bir də Azərbaycan türkcəsində başa salan olsaydı…

Uğur bəy yazır: “Dost ve kardeş’ Azerbaycan Türkler’e vize uygularken Erivan’a giriş için uçaktan indikten sonra pasaportunuzu gösterip 15 dolara yakın bir ücret ödemeniz yeterli oluyor”.

Bununla nəyə eyham etdiyi qaranlıq. Və bir də anlamadığım mətləb niyə məhz yeməklərdən “dolma”nı muqayisə etməsidir. Uğur bəy sanki insanların əsəb damarına basaraq ağzının dadını bizim həssas acımızdan çıxarırmış kimi “Restoranlardaki yemekler Türk damak tadına çok uygun. Türk mutfağı ile Ermeni mutfağı birbirine çok benziyor. Ermenistan’da da Türkiye’deki ismiyle anılan her tür dolmanın tadına bir de Erivan’da bakmanızı öneririm”-deyir. ( Yazının linki burada: http://haber.gazetevatan.com/Haber/457164/1/Gundem)

Yazısında rəqəmləri fakt kimi göstərməklə fikrinin doğrluğunu isbatlayan yazar, yumruğunu düyümləyib ona göstərən erməni uşağının bu hərəkətiylə bəlkə özünün də anlamadığı paradoks yaradır. Ondan qorxan, ona nifrət edən uşağı ailə və mühit tərbiyə etdiyini unudur. Edvəki, məktəbdəki, küçədəki təlqinin göstəricisi deyilmi bu? O halda erməni ilə hansı qardaş münasibətindən və eyniliklərindən danışır?

Amma buna niyə təəccüb edim ki? Qrand Dink öldürüləndə “Biz hamımız ermıniyik” deyə kompaniyaya qoşulanlar da var ki, onların mili mənsubiyyəti, hara xidmət etdikləri bilinmir.

Ola bilsin Ugür Koçbaş da özünü kosmopolit kimi düşünənlərdən sayandır. Amma kosmopolit düşüncə tərzində öndə gələn amil haqq, doğruluq, düzgünlükdür ki, o da tarixi təhrif edib, dünyanı yalan oyunlarına alət edənlərə bu bucaqdan baxmaq o düşüncəyə ziddir.

Soyadında “koç” və “baş” sözü gəzdirən, bəy! “İki qoçun başı bir qazanda qaynamaz” və erməni siyasiləri hər zaman “başlarını çobanın çomağına sürtüblər”. Onlar sizin səmimiyyətinizdən fərqli Türkiyə və ya Azərbaycanla bir qazanda qaynamaq istəməyənlərdir.

P.S. içimdən gələn br səs Uğur Koçbaşlarla 70 milyonluq türkün eyni düşüncədə olmadığını deyir.

Tünzalə Vəliqızı


Bir cavab yazın