Nəyin qurbanıyıq?
Həyatımı mətbuata daşımayanlardanam deyəcəm. Amma mövzuya özümüzün hisslərimizdən yüzdə doxsan doqquz faiz qatırıq. Mən də istisna olmadığımı sanıram. Hətta altruistin belə “mən etdim” eqoizmini əməlinin, ya da yazısının altında qoyduğu imza təsdiqləyir. Ceyhun Musaoğlunun təbirincə desəm, “Balıq bilməz xaliq bilər” qaydaları çoxdan pozulub. Baxmayaraq ki, o, “el üçün agladım, gözümdən olmadım, demək, qaydanı pozmuşam”-demişdi mənimlə müsahibəsində. İndi “balıq bilsin, xaliq bilməsə də olar”- tendensiyasından yanaşma var. Yəni burada da qayda pozulub. Nəysə…
Ötən gün qardaş deyib sevdiyim bir jurnalist dostumla söhbət əsnasında qəribə bir anlaşılmazlıq yaşandı. “Moskva fəth olunmaq üçün çox böyükdür”- ifadəmə qarşılıq olaraq, “Moskvanın böyüklüyünü gözümə soxma”- dedi. Mən isə cavabımda: “mən kiçik olduğumu göstərmək istədim”-dedim. Doğrusu indi cümləni quranda dilimizin qrammatikasından daha çox məntqinə fikir verənlər, sözün xəbərin yanında işlənməsinin onun vurğusuna təsirinin fərqində deyillər. Bizim üçün vurğu səs tonunun yuksəlməsidir. Amma aşağı tonla da fikrin vurğusunu yüksəltmək olur. O dostum mənim vurğulamaq istədiyimi tərsindən anlamışdı. Moskvanın böyüklüyündə öz böyüklüyümü göstərmək istədiyim kimi. Qınamadım onu . Çünki…
Elə buradan mətləbə giriş edim.
İtə deyirlər:- “Niyə hürürsən?” Deyir:- “Qorxuduram”. Deyirlər: – “Bəs quyruğun niyə əsir?” Deyir: -“Çünki özüm də qorxuram”.
“Qatır Məmməd” filminə baxanlar bu ifadələri xatırlayırlar, yəqin ki. Əslində texnologiyanın ən yüksək imkanlara malik oldugü bir vaxtda kinomzun o əski filmlər səviyyəsində olmamasından da danışmaq olar. O filmlərdən ki, kino fondumuzun yaddaşına qızıl hərflərlə yazılıblar və onları bu gün də dönə-dönə izləyib, oradakı kəlam yüklü ifadələri xatırlamaqdan adam yorulmur.
Bəlkə də etik baxımdan o kinodan misal çəkdiyim, insanın yaltaqlığına və qorxaqlığına işarə olan bu “itə bənzətmə” doğru deyil. Şərəfinin dəyəri tutduğun yerin (vəzifənin) dəyərinə görə hesablandığı bir zamanda “aşağıdakının” “yuxarıdakını” bu dillə tənqid etməsinin baha başa gələcəyinə əmin olanda isə bunu gözə alıb özün quyruq bulayan roluna düşəcəyin kəskindir. Ona görə…
Hər şeydən sığortalanmağın məcburiyyətə dönüşdüyü dönəmdən keçdiyimiz üçün filmdən etdiyim o çıxarış da sadəcə onu xatırlamaq baxımından etdiyim olsun, deyim. Yerində olsa da, yersiz olduğunu birinci özüm təsdiqləyim deyirəm, “amma yeri var”-demədən də keçə bilmirəm.
Ortalıqda olan real gerçəkliklərin təzədən bir videoçarxda firlanmasına münasibət bildirmək də bildiyimizin təkrarıdır. Amma təkrarlar deyib özümüzlə bu günə gətirdiklərimiz nədənsə həmişə keyfiyyət deyilənin tərsi olub. Bəlkə də tərsindən anladığımız üçün onu özümüzlə bu günə daşımışıq.
Bizdə inkişaf “Əcnəbi göydə balonlarda gəzir” ironiyasından alığımız dərsin praktik nəticəsi olaraq özümüz göylərdə gedib əcnəbini ayağımıza gətirməklə sonuclanır. Bizdə irəliləyişimizin sərhəddi sadəcə böyük salonlarda “əcnəbi gözəllərin” ayağına pul səpib geridə qalmadığımızı nümayiş etdirməklə bitir. (Bəlkə çoxlarının bacara bilmədiyini bacara bilməkdir. Havayı pulları havaya səpənə isə inanın ki, o əcnəbi gülür-T.V).
Bizdə o qədər tərsliklər düz kimi sərgilənir ki, bəzən astarla üzünü belə ayırmaqda çətinlik çəkirsən. Cəmiyyətin tragikomik nəbzini tutmağı bacaranına, gülüş günündə olanına ağlayıb ona bəraət qazandıra bilirik. Çünki onun bu gününə bəraət qazandıran keçmişinin acı göz yaşlı etirafları var. Lakin elə ona oxşar ekrandan, efirdən deyil, həyatın içindən həyatına ağlayıb, göz yaşları ilə əl uzadıb dilənənin isə bəraəti yoxdur. Ona sadəcə acımasız və ikrahla baxmaq var. Çünki o həyatını düz yaşayıb, yanlışlıqdan qorunduğu üçün həyatın tərs silləsini yeməyə məhkum olduğunu bilmlir. Düz yaşayanlara hər yerdə qapılar bağlıdır. Səbəbi və günahı isə özündə, milyonları faciəsinə ağlada bilmək kimi oyunçuluq bacarığı olmamasındadır. Özündən küssün.
Deyirlər ən qorxulu şey, anlaya bilmədiyin şeydir. Bəlkə klassiklərimizin göstərdiyi bir əsrlik problemlərin bu gün aktual olması da bu səbəbdəndir. Onları anlaya bilməməyimiz səbəbindən.
Rus psixoloqu V. Sinelnikov “Özünü tanı” (“Poznay samoqo sebya”) kitabında deyir ki, pisliklə-haqsızlıqla mübarizə aparmayıb kənarda durmaq, onun içinə düşməkdir və sən mübarizənin yox, gücsüzlüyünün qurbanısan”.
Qorxudan və qorxan it timsallımı?