BİR PAYIZ SOVQATI


Bu günlərdə doğma Azərbaycanın qədim güşəsi Gəncədən əvəzolunmaz bir sovqat aldım. Uzun müddət gözlədiyim bu sovqatı əslində otuz ildən əvvəl müəlliflə birlikdə hazırlamağı planlaşdırırdıq. Sözdən işə keçmək məsafəmiz (bu irad xüsusən özümə aiddir) o qədər uzundur ki, nəhayətində sovqatı dostum təkbaşına hazırladı.

          Söhbət peşəkar hüquqşünas, əsil ziyalı dostum Adil Əsgərovun mənə göndərdiyi sovqatdan—“Acılı və şirinli günlərimin xatirələri” adlı avtobioqrafik kitabdan gedir.            

Kitab yazmaq fikri çoxdan ortalıqda dolaşsa da axır ki, hörmətli Məmməd Əfşan onu bu işə sövq edib və nəticədə həqiqətən düşündürən, sevindirən, qəzəbləndirən, qürurlandıran, hüznləndirən acılı-şirinli günlərin xatirə toplusu ərsəyə gəlib.

Dünənini bilməyənin sabahı məchuldur

Xatirələr ailə səcərəsinin tanımlanması ilə başlayır. Cənnət Qarabağla bağlı uzaq-yaxın keçmiş cözələnir. 41 tirəlik Kəbirli tayfasından, müəllifin aid olduğu Qızıllılar tirəsindən, nəslin əcdadı Məmməd kişidən söhbət açılır. Varlı-dövlətli, səxavətli keçmişdən, ulu babalardan tutmuş, el-obada nüfuz sahibi olan, təəssüf ki, vaxtsız dünyadan köçən atası, doqquz uşağa və şikəst qaynına fədakarlıqla, mətanətlə böyüklük edən anasına qədər hər kəs haqqında səmimiyyətlə danışılır. Uşaqlıq və gənclik illərinin hekayəsini oxuduqca sosial ehtiyaclar və kasıblıq baxımından təxminən eyni olan öz uşaqlıq illərimi xatırladım. Uşaqdan böyüyə hamının işlədiyi, xeyir-şərdə hərənin bir işin qulpundan tutduğu, qapı-darvazaların qıfılsız olduğu, hər kəsin ayama ilə “mükafatlandığı”, təndir çörəyinin ətrinin yüz metrdən adamı bihüş etdiyi kənd.  

          Sonra məktəb illəri, səkkiz kilometr uzaqdakı Hüsülü kəndinə “elm dalınca” gedən, davamını Bakıda, Azərbaycan Dövlət Universitetində, hüquq fakültəsində tapan yol. Tələbəlik illərini, ona dərs deyən müəllimləri yad edərək hüquq fakültəsinin o zamankı dekanı, bü günlərdə 100 illik yubileyi qeyd olunan mərhum professor Məmməd Xələfov haqqında məqaləsinə də kitabda yer verərək, hüquqşünaslıq peşəsinə yiyələnməkdə əməyi olmuş pedaqoqlardan minnətdarlıqla danışır. Ədalətin, qanunların keşiyində duran müsəlləh əsgərin formalaşması, peşəsinin ərbabı olması bir yandan zəngin ailə irsindən, eldən-obadan, digər yandan təhsilin hər pilləsində rastına çıxmış müəllimlərdən qidalanıb.

          Rastına çıxmış adamların hamısının mələk olmadığı, insan cildində iblis xislətli məxluqların da bu rastlaşmada yer aldığını bəzən təəssüflə, bəzən hiddətlə qeyd edir, bəzən də qazanma üsulu məlum olmayan məqamı, kürsünü başqalarına zülm vasitəsinə çevirənlərə qarşı mübarizəsindən söhbət açır müəllif. Təbii ki, mənfi əhval-rühiyyə kitabda ötəri qeyd olunur, amma bir-iki nadanın könülbulandıran hərəkətlərinin bəzən necə böyük mənəvi zərbəyə səbəb olduğunu, belələrini islah etməyin nə qədər çətin olduğunu da düşünməli olursan.

Əxlaqla peşəkarlığın vəhdəti

          Diqqətəlayiq cəhətdir ki, onilliklər keçsə də sanki ən sıravi bir məqam belə unudulmayıb. Sonrakı söhbətimizdə heç bir gündəlik tutmadığını, xatirələri yaddaş dəftərindən kağıza köçürdüyünü eşidəndə daha da təəccübləndim. Bu, sadəcə ailə, vətən sevgisindən, seçdiyi peşəyə, inamına, etiqadına məhəbbətdən deyil, həm də bir daxili nizamdan, iradədən irəli gəlir məncə.

          İkinci fəsil hüquqşünas kimi fəaliyyətin enişli-yoxuşlu yollarından bəhs edir. Tam xronologiyaya riayət etmədən bəzi cinayət hadisələrinin təhqiqatı, üstünün açılması barədə danışmasaq, xatirə müəllifi haqqında tam təsəvvür yaratmaq mümkün deyil.

          Son otuz-qırx ildə mənfur qonşuların xalqımızın başına nə bəlalar açdığı hamıya məlumdur. Bu müddətdə Sumqayıtda baş verən hadisələr də daxil olmaqla ermənilərin öz cinayətlərini azərbaycanlıların üzərinə ataraq dünyada xalqımız barədə yanlış fikir yaratdıqlarının dəfələrlə şahidi olmuşuq. Kitabda isə bunun ən bariz nümunəsi öz əksini tapıb. 1987-ci ildə Dağlıq Qarabağ “tonqalının” hələ qığılcım halında olduğu bir vaxtda Gəncədə yaşayan erməni ailəsinin başçısı Stavropola getmək niyyətini həyata keçirmək üçün əvvəlcə arvadının və qaynanasının başlarını kəsməklə onları qətlə yetirir, evdəki zinət əşyalarını soyuqqanlılıqla bir çəkmənin içinə doldurub, həyət qapısını özü açarla bağlayıb Əlibayramlı şəhərinə gedir, orada haqqında əvvəlcə çıxarılmış məhkəmə hökmünün surətini istəyir, bu arada evinin özü ilə gətirdiyi açarını məhkəmə binasının yaxınlığındakı tualetə atır, qızılları Salyan rayonunun kəndində gizlədir. Sonra da Gəncəyə gəlib özünə “alibi” düzəltmək üçün əvvəlcə qonşulardan arvadını, qaynanasını görüb-görmədiklərini soruşur, axşama kimi həyətin qarşısında oturub onları “gözləyir”, axşam qonşudan nərdivan alıb həyətə girir ki, guya açarı yoxdur. Ev qapısının açıq olduğuna görə içəridə arvadı və qaynanasının qətlə yetirildiyini “görür” və vay-şivən qoparır ki, evimi yıxıblar. Ertəsi gün də Adil Əsgərovun və Gəncə şəhər prokuroru Fətəliyevin qəbuluna gələrək cinayətin açılmasını tələb edir.

          Qanlı cinayəti Onikin özünün törətdiyi şübhəsi Adil Əsgərovda cinayət işi üzrə hərtərəfli obyektiv istintaqdan sonra cəmi on gün ərzində qəti inama çevrilir. Etiraf ifadəsinin alınması, caninin dediklərinin yerində yoxlanması, dəlillərin, zinət əşyalarının, hətta evin açarının belə tapılib üzə çıxarılması ilə istintaqı başa çatdırıb onun məhkəməyə verilməsini təmin edir. Beləliklə, erməninin öz ailəsini qətlə yetirib sonra azərbaycanlıları iftira və böhtanla təqsirləndirmək cəhdi boşa çıxır.

          Prokuror peşəsi yalnız sözdə gözəl, cazibədar görünür, əslində yuxusuz gecələr, insan taleyi haqqında düzgün qərar vermək, cinayətkarın yerinə günahsız adamın cəza almasına yol verməmək üçün böyük məsuliyyət tələb edən ağır işdir. Belə ağır yükü otuz iki il daşımaq şərəfinə nail olmuş Adil Əsgərov Azərbaycanın Yevlax, Xanlar (indiki Göygöl), Qəbələ, Neftçala rayonlarında Gəncə və Bakı şəhərlərində işləyib. Çalışdığı müddətdə hər şey ürəyincə olubmu? Bu sualın cavabı da kitabın adında əks olunub. Yuxarıda qeyd etdiyim kimi nadan, nadürüst, nankor adamlarla işlədiyi günlərin acısı, yardımsevər, xeyirxah, mehriban, mərd adamlarla işlədiyi günlərin şirini-şərbəti keşməkeşli həyat menyusunu təşkil edib.

          Kitabı oxuduqca müəllifin hər zaman insanlara nə qədər açıq ürəklə, səmimiyyətlə qucaq açdığını, sürücüsündən tutmuş baş prokurora qədər hamıya təkəbbürdən, ədadan uzaq eyni gözlə baxdığını, yaxşılıq etdiyi, iş öyrətdiyi, imdadına çatdığı, səsinə səs verdiyi adamlardan nankorluq görəndə belə təmkinini pozmadığını görüb təəccüblənməmək, bu daxili zənginliyə heyran qalmamaq olmur.

          Kitabda müəllif iş müddətində istintaqını, təhqiqatını apardığı işlərin, üstünü açdığı cinayətlrin az bir qismi haqqında yazıb.  Amma səciyyəvi olan nədir? Hər yeni işə başladığı rayonda dörd, beş, səkkiz, on il üstü açılmamış cinayətlərin, səthi yoxlamalarla qapanıb toz basmış qovluqlarına, cildlərinə qətiyyətlə girişərək onları başa çatdırıb, caniləri haqqın, ədalətin divanına çəkib. Həm də bunu elə sənətkarlıqla, peşəkarcasına edib ki, təcrübəsi respublika miqyasında nümunə kimi yayılıb. Bir yazıda bu işlərin hamısından danışmaq çətindir.  Amma elələri də var ki, aradan yüz il də keçsə, sadəcə xatırlanması insanın qanını dondurur. “8 il əvvəl itən qızın hekayəti” bir dəhşətli cinayətdən deyil, cahilliyin, yersiz qısqanclığın, əbədi və əzəli namus anlayışını nə qədər yanlış dərk etməyin qanlı dəlilidir. Tərbiyəli, əxlaqlı, orta məktəbi əla və yaxşı qiymətlərlə bitirib həyata yenicə qədəm qoyan bacısını öz xəstə təxəyyülü ilə “telefonda kiminləsə danışdığına və tez-tez pəncərədən baxdığına görə” qətlə yetirib Kür çayının sahilində basdıran, zavallı anasını yataq xəstəsi edən, səkkiz il sonra cinayətin üstü açılana qədər sərbəst yaşayan bədnam “qardaş”ın daha böyük cinayətlər törətməməsi üçündür əslində hüquq mühafizəsi, qanun və qanunun keşiyində duranlar. Bu arada belə bir cinayəti bir-iki rayona sorğu göndərməklə bitmiş hesab edən, səkkiz il ölüm cinayətinin izinə düşməyənlər, üstünə qayıtmayanlar da formal olaraq müstəntiq, prokuror sayılır və işlərinə niyə belə yanaşırlar, o başqa məqalənin mövzusudur.

          Daha bir ibrətamiz örnək Goranboy rayonunda  baş vermiş və o vaxt SSRİ Baş prokurorluğunun nəzarətində olan ölüm cinayəti ilə bağlıdır. Qohumu ilə adi bir məişət mübahisəsi üzündən atasından şillə cəzası alan gənc Emin küsüb evdən gedir, Xanabadda yolüstü yeməkxanada işə düzəlir. Sonra alver məqsədilə oraya gələn iki nəfərlə tanış olub onların gətirdiyi “Malboro” siqaretini satmaq üçün Gəncəyə gedir, qeri qayıdarkən yolda mübahisə etdiyi qohumunu görüb yeni tanışlarını onun maşınını saxlatmağa məcbur edir. Onlardan ayrılıb qohumu ilə dalaşır, qohumu onu üstələyəndə yeni tanışlarını köməyə çağırır. Tanışları dalaşanları ayıranda Emin qaçıb maşından çəkici götürür, qohumunun başından vuraraq onu yıxılmış vəziyyətdə qoyub qaçır.  Bir gün sonra qohumu beyninə dolan sümük qəlpələri üzündən vəfat edir. Tezliklə Emindən şübhələnib onu izolyatora salırlar. İki gün sonra o, özünü asaraq öldürür. Onu dəfn etmək üçün ailəsinə vermək məqamı gələndə. Eminin atası Mürsəl kişi qətiyytlə meyitdən imtina edir, cüzi bir məsələdən ötrü bir gəncin həyatına qıymış yeganə oğlu haqqında deyir ki, “İndi diriltmək mümkün olsa belə onu özüm öldürərəm”. O məhkəmədə cinayətin iştirakçıları kimi tövsif edilərək uzun müddətə azadlıqdan məhrum edilmiş şəxslər barəsində yenidən vəsatət qaldıran Adil Əsgərov onlara şamil edilən maddələrin dəyişdirilməsinə, cəzalarının xeyli yüngülləşdirilməsinə nail olur. İndiyə kimi də qatil atasının dəyanətini, təmkinini, övladının cinayətinə sərt münasibətini Adil müəllim bir hüquq keşikçisi  kimi xüsusi rəğbətlə xatırlayır.

          Neftçala rayonunda üstü açılmamış daha bir cinayət işinin yenidən istintaqa qaytarılması və uğurla başa çatdırılması prokurorun öz peşəsinə sədaqətinin nümunəsidir. Kor qısqanclıq və cahillikdən başqa bir motivi olmayan bu cinayət nəticəsində qətlə yetirilən Türkmənistan vətəndaşının kimliyinin müəyyən edilməsi, Azərbaycan və Türkmənistan arasında hüquqi yardım haqqında sazişin, indiki mobil telefon, sosial şəbəkələr kimi vasitələrin olmadığı bir vaxtda ciddi çətinliklərlə bağlı idi. Buna baxmayaraq ədalətin zəfər çalmasına, cinayətkarın cəzalanmasına nail olunur.

          Prokurorun Kəpəz rayonundakı fəaliyyətində qandonduran cinayət işi insanlığa, əxlaqa sığmayan bir hadisədir. Kitab haqqında rəy yazmaq istədiyim halda bu işin incəliklərini açıqlamaq heç ürəyimcə deyil. Öz gəlini ilə gizli eşq yaşamaqla qalmayıb oğlunu qətlə yetirən ata övladının cəsədini gizli bir yerdə basdırır. Üstəlik bu gizli və çirkin birgəlikdən bir övlad da dünyaya gəlir. Bu işin də üstünü açmaq Adil Əsgərovun həyatının  parlaq səhifəsidir. Respublika Ali Məhkəməsinin iclasında dövlət ittihamçısı kimi çıxış edərək cinayətkara ən ağır cəza-ölüm cəzası verilməsini məhz Adil Əsgərov tələb etmişdi. Onun prinsipial mövqeyi nəticəsində əxlaq pozğunu və övlad qatili  ölüm cəzasına məhkum edilir.

          Kitabın üçüncü fəslinə keçmədən ürəkaçan məqamlara da müraciət etmək istərdim. İlk mətbu təcrübə olmasına baxmayaraq kitabda müəllif dünya ədəbiyyatından və klassik Azərbaycan ədəbiyyatından, xalq folklorundan gözəl misallar çəkməklə mətni daha oxunaqlı edir. Ədəbiyyata, bədii sözə, xalq musiqisinə marağı onun müasiri olduğu ədiblərlə səmimi təmas qurmasına səbəb olmuşdur. Bu baxımdan Neftçala fəaliyyəti dövrü Adil müəllimin həyatında çox xoş xatirələrlə yadda qalıb. Onların da ən qiymətlisi dəyərli alim, canlı ensiklopediya deyilə biləcək qədər zəngin, respublika ziyalıları arasında sanballı yeri olan İmamverdi Əbilovla uzunmüddətli dostluğudur. Kitabda bu dostluğa o qədər geniş yer verilməsə də şəxsi söhbətlərimizdə onun İmamverdi müəllimə necə böyük ehtiram bəslədiyinin şahidi oldum.

İnam və iman limanında

          Üçüncü fəsil müəllifin həcc ziyarəti, Məşhəd səfəri, dinə münasibəti ilə bağlı xatirələrinə həsr olunmuşdur. Əslində çox şəxsi və məhrəm olan bu hisslərin təhkiyə üslubu çox maraqlıdır. Əfsus ki, son onilliklərdə birdən-birə dindar olan, yeri gəldi-gəlmədi müsahibinə din təbliğ edən suni dindarlar göz qabağındadır. Onlardan fərqli olaraq bir hüquq mühafizi olan müəllifin inamı, etiqadı qibtə ediləcək qədər məsum və səmimidir. Bir milyard yarım müsəlmanın qibləgahı Kəbə ziyarətinin təsvirində əsil bələdçi kimi mərasimi ən incə detallara qədər izah edir.

          Kitabın insanı fərəhləndirən hissələri müəllifin fəxrlə bəhs etdiyi, cəmiyyətdə layiqli yer tutmuş övladları ilə, hüznləndirən məqamı isə böyük bir ailə başçısının təmkinlə qələmə aldığı kədəri—gənc yaşında ağır xəstəlikdən dünyasını dəyişən nəvəsi ilə bağlıdır.

* * *

Əsil insanı vəzifə bəzəmir. Əksinə, əsil insan məkanından, mərtəbəsindən asılı olmayaraq istənilən yerin dəyərini göylərə qaldıra bilir. Bir nəfərin fəziləti, əxlaqı, davranışı bütöv bir fəaliyyət sahəsinə nüfuz da gətirə bilər, xəcalət də. Son vaxtlar məmur özbaşınalığı, qanun keşiyində duranların haqqı, ədaləti qorumaq yerinə vicdan sövdələşməsinə girib kasıb, imkansız insanların hüquqlarının ayaqlar altına atılmasına nəinki göz yummaq, hətta yardım etməsi barədə çoxsaylı şikayətlərə rast gəlinir. Vicdanlı, işinə, məsləyinə, dövlətinə sadiq məmurlar az qala yağlı əppəyə dönüb qeybə çəkilir. Əlbəttə, bunu bütün məmurlara şamil etmək haqsızlıq olar. Təəssüflə demək lazımdır ki, son illərdə, xüsusən müstəqillik illərində gözlənilənin tam tərsi olaraq öz müqəddəratına sahib olan dövlətin məmur təbəqəsində cılızlaşma geniş vüsət alıb. İnsan beynini qurd kimi içəridən yeyən bu qayğıların tüğyan elədiyi bir vaxtda Adil Əsgərov kimi bir peşəkar hüquqşünasın baxışlarını, mülahizələrini dinləmək adama bir məlhəm kimi təsir bağışlayır. Onunla tanışlığımın az qala qırx il olduğunu düşünəndə illərin belə tez, həmin dövrün hər birimiz üçün, xalqımız üçün necə məşəqqətlərlə dolu olduğunu fikirləşəndə isə nə qədər ağır keçdiyinin fərqinə varıram. Deyirlər ey, dost həmişə yanında olduğun deyil, aradakı məsafəyə baxmayaraq dostluğunu hər zaman hiss etdiyindir,–bu ifadənin doğruluğuna Adil müəllimlə barmaqla sayılacaq qədər az olan şəxsi görüşlərimizə və uzun illərin telefon tellərinə, cib telefonu icad edildikdən sonra dalğalarına və görüntülərinə bağlanan ünsiyyətimizə dayanaraq əmin olmuşam. Əsil dostluq təmənnasız olandır. Amma tanışlığım mənim tərəfdən bir az təmənnalı olmuşdu. Sovet vaxtı Moskvadan Gəncəyə gedən qohumum tanışlarına buradan onların xahişilə geyim əşyaları almışdı. Gəncənin “sayıq nəzarətçiləri” yaşlı adamı tutub alverçi damğası ilə iş qaldırmaq istəyirdilər. Hətta qohumumu prokurorun yanına qədər aparıb ifadə almaq istəmişdilər. O da özündən çox, mənə xələl gətirəcəyindən qorxub prokuroru inandırmağa çalışır ki, mən ömrümdə alverlə məşqul olmamışam və sözarası mənim də Moskvada işlədiyimi deyir. Prokuror nəzarətçilərə təpinir və qohumuma deyir ki, narahat olmayın, Sizin Moskvada işləyəniniz bizim də fəxrimizdir, mən də onunla tanış olmaq istərdim. Bu yerdə oxucuda mütləq belə fikir yaranacaq ki, prokurorun nəsə təmənnası varmış, əlinə “yağlı” müştəri keçib. İmanım Allah amanatı, nə yalan deyim, mən də əvvəl elə düşünmüşdüm. Ta o adamın kabinetindən içəri girənə, 35-40 yaşlarında adamın nurlu sifətini görənə qədər. Gənc olmasına baxmayaraq (sonradan öyrəndim ki, aramızda doqquz yaş fərq var) o qədər ağayanalıqla, alicənablıqla məni qarşıladı ki, ilk gündən aramızda bir səmimiyyət yarandı.  Bir saatdan artıq söhbət zamanı Adil müəllimin “quru məmur” olmadığını, həm sənətinin, həm də ədəbiyyatın vurğunu olduğunu hiss etdim. Söhbətimiz tutmuşdu deyəsən, mənim iki gün sonra işin sonuna yaxın gəlib-gələ bilməyəcəyimi soruşdu, o saat da əlavə elədi, o qohumuna təşəkkür elə ki, bizi tanış elədi. O qohumun da özünün qarabağlı həmyerlisi və  uzaq qohumu olduğu ortaya çıxanda məsələ daha şirin məcraya yönəldi. İki gün sonra məni Daşkəsəndəki evinə qonaq apardı. Adam məni ilk dəfə görürdü. Haqqımda bildiyi sadəcə o idi ki, bir azərbaycanlı kimi Moskvada məsul dövlət aparatında işləyirəm. Nə məndən umacağı, nə asılılığı vardı. Sadəcə bir eloğlu kimi elə sevinirdi ki, sanki doğma qardaşıq. Kitabında belə bir ifadə var: ürəyimə yatan tanışları bir-biri ilə də tanış edirəm. Onların tanışlığı davam edib dostluğa çevriləndə sevinirəm ki, “doğru yoldadırlar”. Bu, mənim də ömrüm boyu izlədiyim prinsip olub, bəlkə mənəvi yaxınlığımızda bu cəhətin də rolu var.

Əslində fikrim kitabı hissə-hissə, fəsil-fəsil təhlil etmək deyildi, o vərəqlərin arxasından boylanan yeri gələndə həlim, mülayim, lazım olanda sərt və qətiyyətli xarakterin sahibi haqqında demək istədiklərimi sizinlə bölüşmək idi. Bu məqsədə az da olsa yaxınlaşa bildimsə, məmnun olardım.

Cəfər SADİQ
Moskva,
20 noyabr 2022 ci il


Bir cavab yazın