Afaq ŞIXLI Yeni şeirlərlə… Yeni iliniz mübarək olsun!


Afaq ŞIXLI  Yeni şeirlərlə... Yeni iliniz mübarək olsun!

Əziz xalqımı, eləcə də bütün sevənləri, sevilənləri, ümidlə yaşayanları, gələcəyə inananları – Yeni 2013-çü il münasibətilə və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm!
Xoşbəxtlik, sevinc və səadət arzu edirəm hamınıza!
Birlik, ruzi-bərəkət və əminamanlıq diləyirəm!
Kimsənin həyatında yalan olmasın! Kimsə aldanmasın, üzülməsin!
Allah Vətənimizi düşməndən, evimizi bədbəxtlikdən, ruhumuzu peşmanlıqdan qorusun!

ANA, MƏNI ƏZIZLƏ!

Kabusdan oyat məni!
Qoynuna al yat, məni!
İncidib həyat məni!
Ana, məni əzizlə!

Nağılım yalan olub,
Ürəyim talan olub.
Neyləyim, olan olub…
Ana, məni əzizlə!

Yar dediyim yağıymış,
Şərbət verdi – ağıymış.
Eşqin qürub çağıymış…
Ana, məni əzizlə!

Ümidim can üstədi,
Əlacı yox, xəstədi.
Uşaq olmaq istədim,
Ana, məni əzizlə!

…HƏR UNUTMAQ ISTƏDIKCƏ

Ayrılmışıq.
İki gündür səni guya unuduram…
Sevgimizin açarını var gücümlə atıb suya,
həsrətindən öldüyümü duya-duya… unuduram…

Unuduram
köksüm altda sevən ürək olduğunu.
Unuduram
varlığımın kimə isə hələ gərək olduğunu.

Aldadıram öz-özümü
“yox, sevmirəm”” deyə-deyə.
Başqa dünya axtarıram
inadımın qapısını döyə-döyə.

Gecədimi, sabahdımı… – fərq etməyir…
ağ ya qara…?!
Ayrılmışıq, amma yenə sənə sarı çırpınıram
boşluqları yara-yara.

Yenə təkrar yandırıram
söndürdüyüm telefonu.
Elə bil ki, divarlar da haray salır, –
qaytar, qaytar, deyir, – onu!

Zaman sanki hey geriyə çəkir məni,
o günlərə can atıram.
Nədən səni hər unutmaq istədikcə,
incikliyi unuduram?!

SEVƏN KƏSLƏR!

Aşiq olmaq asansa da,
sevə bilmək asan deyil!
Min bir sirri, tilsimi var, cəfası var məhəbbətin!
Əsl aşiq – dözən kəsdir,
tez inciyib küsən deyil…
İmtahanı, sınağı var, vəfası var məhəbbətin!

Yarı-yarı paylaşaraq, bir həyatı iki bölmək,
Kiminçünsə şirin xəyal,
kiminçünsə əsarətdi.
Eşq yolunda dilə düşmək, məcnun olmaq,
…ölə bilmək –
Necə böyük fədakarlıq,
Necə böyük cəsarətdi!

Sevgi – bəzən,
çəmənlərdə çiçək dərib telə taxmaq,
Nəvazişlə sevdiyinin əllərinə toxunmaqdı.
Bəzən isə göz yaşları,
həsrət-həsrət yola baxmaq,
Nə zamansa eşitdiyin bir kəlməyə sığınmaqdı.

Sevən kəslər gözləyərlər,
yeri gəlsə illər boyu!
Bir şam kimi yansalar da, ürəkləri ümid bəslər…
Dayanmadan hey gedərlər,
daş döşənsə yollar boyu,
Bəlkələrlə, gümanlarla yaşayarlar sevən kəslər!

Aşiq olmaq asansa da,
sevə bilmək asan deyil!
Min bir sirri, tilsimi var, cəfası var məhəbbətin!
Dözmək gərək yar yolunda hər əzaba…
bir il, beş il….
Ən sonunda vüsalı var, səfası var məhəbbətin!

GEDƏCƏYƏM!

Həyat məni dalğa kimi sahillərə çırpa-çırpa
təmizləyir, öz ağlınca,
Bəs etməyir…
Əlbəyaxa çarpışımda ümidlərim qaralınca
Pəs etməyir.
Ərşə çəkir
tapınmağa, tutunmağa nəyim qalsa…
Bu döyüşü bəlkə çoxdan uduzardı
hər kim olsa!
İstəyim də, mətləbim də,
sevincim də daşdan çıxır.
İnamımın zərrə boyda qığılcımı
bilməm necə tab gətirib qışdan çıxır?!

Sən ey həyat!
Ürəyimin nə zamandır yaşadığı o yerlərə
bir gün mən də gedəcəyəm!
Gerçəyimlə yuxularım,
Qismətimlə arzularım görüşəndə gedəcəyəm!
Gedəcəyəm,
ümid taxıb mavi rəngli bəxt quşunun qanadına!
Heç yorulma!
Gedəcəyəm,
yaşanmayan günlərimin inadına!

/Yenises.ru/



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir