Uşaqları zərərli vərdişlərdən qoruyaq


Yeniyetmə və gənclərin zərərli vərdişlərdən, narkotik vasitələrdən asılı olmasını önləmək üçün onlarla vaxtında qabaqlayıcı iş görmək, mütəmadi olaraq düşüncələrini dinləmək və ailə daxilində uşaqlarla düzgün bağlantı qurmaq gərəkir. Hazırda dünyada narkotik vasitə və psixotrop maddə istifadəçilərinin sayında artma tendensiyası müşahidə olunur. Lakin ən narahatedici tərəfi narkotik maddə istifadəsində yaş həddinin getdikcə aşağı düşməsidir.

“Siqaret narkotik maddələrdən istifadəyə keçiddə vasitəçi rolunu oynayır”

Hər hansı bir növ narkotik vasitəyə olan asılılığın iqtisadi, sosial, psixoloji səbəbləri ola bilər Lakin tütün daha doğrusu siqaret narkotik maddələrdən istifadəyə keçiddə vasitəçi rolunu oynayır. Praktikada yeniyetmə dövründən başlamaqla siqaret çəkməyən narkotik istifadəçisi nadir halda rast gəlinir. Bu baxımdan valideynlər diqqətli olmalıdırlar. Əgər övladlarının siqaretdən istifadə etdiyini hiss etsələr dərhal önləyici tədbirlər görməklə müvafiq profilaktik işlər aparmalıdırlar. Çünki nəzarətsiz yeniyetmə istifadəçilərin artmasında maraqlı olanlar üçün hədəfdir.

Təəssüflə qeyd edilməlidir ki, bəzi hallarda yeniyetmə və gənclər duyğusal olaraq yaşadıqları problemlərdən xilas olmaq üçün narkotiklərdən istifadə etməyə yönəlirlər. Narkotik asılılıqda genetik və cəmiyyət faktoru, psixoloji, sosial səbəblər, yeniyetmə və gəncin böyüdüyü ailə, ailə daxili şiddət, valideynlər arası münasibət qırılmaları təsirli rol oynayır. İnsanların psixoloji dözümlülük səviyyəsi aşağı düşdükcə zərərli vərdişlərdən asılılıq göstəriciləri artır.

“Ailə daxili zorakılıq uşaqların zərərli vərdişlərin təsiri altına düşmə riskini artırır”

Uşaqların nəzarətsiz şəkildə davamlı olaraq telefon və planşetlərdən istifadəsi həyatın müəyyən mərhələlərində öz mənfi təsirini göstərə bilər. Eyni zamanda zərərli vərdişləri formalaşdıran faktorlardan biri də sosial mediadır. Uşaqların zərərli vərdişlərdən qorunmasını önləmək üçün onlarla sağlıqlı və diqqətli münasibət qurmaq gərəkir. Uşaqlar səhv etdikləri zaman ailələri ilə danışa bilməlidirlər. Heç bir halda şiddətə məruz qalmamalıdırlar. Çünki ailə daxilində olan təzyiq uşaqların zərərli vərdişlərin təsiri altına düşmə riskini artırır.

Narkotik asılılıqdan xilas olmaq mümkündür?

Narkomanlığın müalicəsində istifadəçinin istəyi və motivasiyası önəmlidir. Narkotik istifadəçisi asılılıqdan özünü qurtara bilər. Amma bunun üçün çox güclü istək içərisində olmalı və bu məqamda ailəsinin dəstəyi mütləq şərtdir. Adətən narkotik istifadəçiləri qısa müddət keçdikdən sonra narkotiklərin zərərli olduğunu anlayırlar və öz imkanları ilə bundan qurtulmaq üçün səy göstərirlər. Lakin bu yolla asılılıqdan qurtula bilmirlər. Həmçinin xüsusi ilə qeyd olunmalıdır ki, narkomanlığın müalicəsində bu sahə üzrə ixtisaslaşmış həkim və tibb müəssisəsindən yardım almaq əsas şərtdir. Bunu bilməliyik ki, qeyri ixtisas həkimlərin müalicəsi vəziyyəti daha da ağırlaşdıra bilər. Çünki narkomanlığın müalicə metodu qəbul edilən narkotik vasitənin növünə və istifadə təcrübəsinə görə dəyişir.

Elektron siqaret, siqareti tərgitməyə kömək edir ?

Bir zərərli maddənin asılılığından xilas olmaq istəyərkən bunun əvəzinə başqa bir maddədən istifadəyə başlamaq durumdan çıxış yolu deyildir. Onu da qeyd edək ki, elektron siaqretin siaqaretdən imtinada yardımçı olmadığı müvafiq araşdırmalar ilə də təsdiqlənmişdir. Burda xüsusi məqam odur ki, yalnış təbliğat sayəsində heç siqaret çəkməyən insan da elektron siqaretlərdən istifadə etməyə başlaya bilər. Bu da başqa bir asılılıq üçün səbəbdir. Ola bilsin ki, elektron siqaretlər tütündən hazırlanan siqaretlər kimi zərərli deyil amma insanlarda damar xəstəlikləri, sonsuzluq yaratması tibb mütəxəssislərinin araşdırmalarında öz təsdiqini tapmışdır.

Dəyərli valideynlər və dostlar, gəlin dünyanın işıqlı gələcəyi naminə müsbət təşəbbüslərə dəstək olaq və uşaqlarımızı qoruyaq!

Raqif Allahverdi
01.06.2020


Bir cavab yazın