Deyingən – VAY ÜAK, VAY!!!


Deyingən - VAY ÜAK, VAY!!!

Çox çalışdım bu məsələyə qarışmayım. Səbəbini də izah edim ki, mətləb aydın olsun. Ümumrusiya Azərbaycanlılar konqresinin (ÜAK) ətrafında cərəyan edən hadisələrə münasibətim cəmiyyətə təlqin olunan mövqedən fərqli olduğuna görə istədim bir sular durulsun, emosiyalar sakitləşsin, dəliqanlı çaparaq qərar verənlər meydanı təmkinli təhlilçilərə versinlər. Gördüm yox, çox gözləməli olacağam. Çünki hadisələrə səbatsız, səriştəsiz adamlar elə yönlərdən qiymət verir ki, bir azdan söhbətin niyə başladığı da aydın olmayacaq.

Qısa sual-cavabdan başlayaq.
–ÜAK-a nə olub?
–Konqres Rusiya Federasiyası Ədliyyə Nazirliyinin vəsatəti ilə işə baxan məhkəmə tərəfindən bağlanıb.
–Niyə?
–Çünki ÜAK Ədliyyə Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq sənədlərini qanunun tələblərinə uyğunlaşdırmayıb.
–ÜAK hansı dövlətin ərazisində və hansı qanunlara əsasən qeydə alınıb?
–Rusiya Federasiyasında onun qanunlarına əsasən.
–Nizamnaməsində qanunlara əməl olunmadığı təqdirdə inzibati cəzaya məruz qalacağı və qanuna əməl olunmaması təkrar edildiyi təqdirdə bağlanacağı nəzərdə tutulub, ya yox?
–Nəzərdə tutulub.
–Məhkəmədə ÜAK tərəfi xəbərdarlıqların qanundankənar olduğunu isbat ediblərmi, etməyiblərsə, onlara əməl etdiklərinə dair dəlil göstəriblərmi?
–İsbat etməyiblər və dəlil göstərməyiblər.
–Belə olduğu halda məhkəmənin qərarını qərəzli, hər hansı kənar qüvvənin təsiri kimi dəyərləndirməyə əsas varmı?
–Yox, yox, bir də yox.

Əziz həmvətənlərim, hörmətli oxucularım, məsələ bu qədər bəsit və aydındır.

İndi isə keçək məsələyə verilən qiymətlərə, ekspert rəylərinə, siyasi (bəli, məhz siyasi) yozumlara və qaşınmayan yerdən mütləq qan çıxarmaq cəhdlərinə.

Ən böyük yanlışlıq, məncə (bütün mülahizələrin şəxsən özümə, normal düşüncəyə dayanan məntiqə aid olduğunu bəri başdan qeyd edirəm—CS), baş verənlərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin izini axtarmaqdır. Bu yerdə mənim Rusiyada yaşadığıma görə rusyanlı mövqe tutmağımı düşünənlərin də fikri ilə razılaşmadığımı bildirirəm. Çünki ÜAK-ın təməlini ümummilli lider Heydər Əliyev qoyduğu kimi, mövcudluğu dövründə ona xeyir-dua verənlərdən biri də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin olub. Yəni yuksək siyasi mənada ÜAK hər iki dövlətin rəhbərləri tərəfindən “tanınmış” bir qurum olmaqla mövcudluğu ərzində Rusiyanın siyasi mövqeyinə zidd fəaliyyət nümayiş etdirməyib. Onu da demək vacibdir ki, Azərbaycanın siyasi mövqelərini müdafiə etmək sahəsində də ÜAK elə sərbəst və aydın mövqe göstərməyib ki, bu baxımdan Rusiya tərəfini qıcıqlandırmış olsun. Hərçənd bəzi “politoloqlar”, “ekspertlər” ÜAK-ı Azərbaycan siyasətinin az qala lokomotivi kimi təqdim etməyə çalışırlar, movcud olduğu 17 ilə yaxın müddətdə ÜAK-ın ağzı söz tutan elə bir rəhbəri olmayıb ki, siyasət meydanında iki kəlmə sanballı söz deyə bilsin. Son seçkilərə qədər əvəzsiz prezident-akademik isə ümumiyyətlə Qarabağ kimi ağrılı problemin müzakirəsinə veto qoymuşdu.

Bu gün ÜAK-ın bağlanması səbəbləri arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun adını hallandıran həmyerlilərimiz şəxsi qərəzliklə obyektivliyi qarışdıraraq elə səhv yol tutublar ki, bunun aydınlaşdırılması ayrıca bir təhlil mövzusudur. Qısa desək, bu işdə Səfirin rolunu axtarmaq absurd bir fikirdir. Bu mülahizəm Səfirin və səfirliyin işini qüsursuz qələmə vermək mənası daşımır. Sadəcə bu məsələyə Səfirliyin indiki rəhbərliyini qarışdırmaq məsələnin əsas məğzindən uzaqlaşmaq deməkdir. Bir az da dəqiqləşdirməyə ehtiyac varsa, indiki Səfir deyil, keçmiş Səfirin ÜAK-a yerli-yersiz havadarlığı konqresin bu gününü çoxdan hazırlayırdı. Çünki ÜAK-ın işinə və onun icraçı direktoru İlqar Hacıyevin yanlış hərəkətlərinə Rusiya dövlət orqanlarının hər hansı iradı məsələni qanuni yolla həll etmək əvəzinə bizə xas olan tanışlıq, “tapşırıq” vasitəsilə ört-basdır edilirdi.

Qəribədir ki, təhlilçilər, ekspertlər ÜAK-ın öz əməkdaşlarından, rəhbərlərindən başqa hamını günahlandırırlar. On yeddi il fəaliyyət göstərmiş (əslində nizamnamə fəaliyyətini yerinə yetirməmiş) bir qurumun necə işləməsi, hansı mənbədən maliyyələşməsi, yığılan və göndərilən maliyyənin hansı məqsədlərə, necə sərf olunması, filialların və bölmələrin hansı prinsiplə işləməsi, mərkəzlə bölmələrin əlaqələri və onlarca buna bənzər suallara cavab vermək, respublikada bu quruma nəzarətin kimə aid olduğunu, Dövlət Diaspora komitəsinin bu müddətdə necə yardım göstərib, necə hesabat aldığını incələmək, Azərbaycan Respublikasının Rusiyada yaşayan vətəndaşlarına ÜAK-ın niyə pənah yeri olmamasının, əksinə, yardım üçün gələnlərdən inanılmaz pullar tələb edilməsi haqqında söhbətlərin səbəblərini araşdırmaq yerinə Konqresə tam yaşam sərbəstliyi verildiyi halda Rusiya orqanlarında günah axtarırlar.

Dəfələrlə rəsmi yığıncaqlarda Moskvada yaşayan çoxsaylı həmyerlilərimiz Heydər Əliyev tərəfindən yaradılmış bir qurumun sözdə vəkillər kollegiyasının üzvü olan və bir neçə titulla vizit kartı paylayan, əslində nə rus dilində, nə doğma ana dilində iki cümləni sərbəst rəvan deyə bilməyən İlqar Hacıyev kimi bir adama tapşırıldığından xəcalət çəkir, imkan olduqca bu barədə Bakıdan gələn “yüksək” qonaqlara bildirirdilər. Doğrudanmı ən sıravı adamın belə gördüyü bu nöqsanları ÜAK-a yardım və nəzarət edən təşkilatların rəhbərləri görmürdü?

ÜAK-ın qeydiyyatının ləğvı əslində faciəyə çevriləcək bir hadisə deyil və yəqin ki, bərpa olunma ehtimalı da var. Faciə Azərbaycanın hər hansı səbəbdən Rusiyada, xüsusən Moskvada yaşayan çoxsaylı vətəndaşlarının hüquqlarını qorumaq kimi məsul işin məsuliyyətsiz adamlara, xidmətlərinə və qabiliyyətinə görə yox, yaltaqlığı və daha da mənfi keyfiyyətləri ilə özünə ad qazanmağa çalışanlara həvalə edilməsindədir.

İş o yerə çatıb ki, “boyük” siyasətçi və müvəkkil Söyün Sadıqov müsahibəsində ÜAK-ı “diriltməyə” hazır olduğunu deyir. Ekspertlərin məntiqinə söykənsək, belə çıxır ki, Söyün Sadıqov Rusiya Təhlükəsizlik Komitəsindən güclüdür? Yəni Komitə bağlayır, o isə açır.

Özünüzü aldatmayın, cənab ekspertlər! Ərazisində fəaliyyət göstərilən dövlətin qanunlarına riayət etməyən qurumların bağlanması təbii haldır. Bu bəsit məsələni qlobal problemə çevirmək iki ölkə arasındakı əməkdaşlığa zərər vurmaqdan başqa bir işə yaramaz.

Cəfər Sadıq,
23 may 2017-ci il.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir