Yaşar SÜLEYMANLI ŞEİRLƏR
SƏN MƏNİ HƏLƏ ÇOX AXTARACAQSAN…
Ayrılaq söylədin, tərk edib getdin,
İllərin sevgisin yıxıdın, puç etdin,
Sanma ki arzuna, murada yetdin,
Sən məni hələ çox axtaracaqsan…
Baxıb sevənləri gördükcə qoşa,
Təbəssüm dönəcək gözündə yaşa,
Vuraraq başını daşlardan -daşa,
Sən məni hələ çox axtaracaqsan…
Günlərin ötəcək dərdlə, il kimi,
Həsrət solduracaq səni gül kimi,
Töküb gözlərinin yaşın sel kimi,
Sən məni hələ çox axtaracaqsan…
Hər gün həsrətimdən bir az ölərək,
Sevincin yerinə kədər bölərək,
Getdiyin qapıdan peşman dönərək,
Sən məni hələ çox axtaracaqsan…
Ayrılmağa nə var, unutmaq zülüm,
Sinəndə min dəfə qorlanar külüm,
Ayrıldıq, bitdimi? bitmədi Gülüm,
Sən məni hələ çox axtaracaqsan…
SƏNSİZ QALIM
Yenə sənsiz, yenə səsiz, yenə tənha,
Sənsizliyə alışmışam, gəlmə daha.
Nazın, qəmzən nazlı nigar səndən baha,
Nə dözməyə, nə çəkməyə yoxdur halım,
Lütüf elə ki, bir az daha sənsiz qalım.
Rəsimlərin necə sakit, necə dinməz,
Nə söz etməz, nə də yersiz giley bilməz,
Yəqin ki, bu etirafım xoşa gəlməz,
Acı həsrət dönüb olub şirin balım,
Lütüf elə ki, bir az daha sənsiz qalım.
Ev dağınıq, baş qarışıq, gözlərim məst,
Öz-özümə eləmişəm yamanca qəst,
Sənsiz olmur, canım-gözüm etmişəm pəst,
Qayıt geri, dön yanıma, qadan alım,
Lütf elə gəl, qoyma daha sənsiz qalım.
/Yenises.ru/