BU GÜN…
Bir qalam var hədəfə,
Qaldı düşmən tərəfə.
Bir ildə bircə dəfə
Yadlara düşən Şuşam!
Bu gün dərdli gündür! Bu gün illərdən bəri yazdığım, yazmaq istədiyim bütün fikirlərim alt-üst olub düşüncələrimi zəbt ediblər. Bir burulğan var içimdə. Ürəyim nələr deyir, nələr hiss edirsə bağlı qollarım, ona yardım edə bilmədiyindən, sızım-sızım sızlayır. Şuşanın bu dərdli günü yenə kiçik qərargahlarımızda tədbirlər keçirəcək, özümüz danışıb özümüz eşidəcək, bir-birimizə əl çalıb sonra yenə də qınımıza çəkiləcəyik.
Bunumu öyrətmişdilər bizə? Budurmu bizim vətənpərvərliyimiz? Vətənsevərliyimiz bura qədərdirsə, biz gələcəyimizə nə cavab verəcəyik?
Neçə illər öncə özümə və soydaşlarıma verdiyim bir sualı bu gün də verirəm: Bizim üçün nədir Vətən?
Uğrunda ölünəsi bir torpaq? Suyu, havası, odu müqəddəs olan bir yer? Ana, övlad, məskən, ev?
Nədir Vətən? Bayraq, Himn, Gerb? Ya siyasət, insanlar, başçılar…?
Yellənən bayraq ki, Şuşada igidlərin nərəsindən yox, dəniz kənarında sərin mehdən yellənir… Onun ölçüsünün böyüklüyü nə məna verir torpaqlar kiçilirsə?
Məscid azan verərkən onu susdururlarsa, himn səslənərkən ayağa qalxmaqlar axı nə məna verə bilər? Küçədə harın gənclər öpüşürlərsə, həmin gənclərin deputat ataları Vətənə nə verə bilər ki? Universitetə hazırlaşan abituriyent düşünür ki, hansı ixtisasda daha çox rüşvət ala bilər və belələri çox vaxt polis olur, “Vətən” deyib hayqıranları zindanlara sürüyür. Körpülər və keçidlərə sevinirik, amma onlar ayrı düşən iki torpağı qovuşdura, bizi əldən gedən yurdlarımıza apara bilmir.
Vətən nədir? Əsgərləri döyən zabitlər? Zabitlərdən pul alan komandirlər? Valideynləri soyan hərbimiz? Açlıqdan mədə xəstəsi olan, çimməməkdən bit tutan, soyuqdan vərəmləyən əsgərlərimizdən soruşun ki, niyə alsınlar torpaqları qanları bahasına? Alsınlar ki, orada məmurlarımız yeni villalar tiksin? Qaçqınları ora köçürüb ölkənin qazını onlara qanı qiymətinə satsınlar? Buna görə savaşacaqlar?
Bəlkə gündən-günə çiçəklənən ölkəmin açılan iş yerləridir Vətən? Kimləri götürürlər işə? Indi ağıllı və savadlı olmaq yox, seksual olmaq moddadır. Hamı soyunur… Hamı aldadır… Özünü ucuz satanlara fahişə deyilir, baha satanlar isə başımızda gəzirlər. Ölkənin dilənçiləri də kələkbazdı, mollaları da.. Müəllimləri də rüşvətxordu, məmurları da…
Vətənim!
Gözəl vətənim! Həsrətim mənim! Mənə uşaqlıqdan səni adını çəkdilər. Səni sevə-sevə böyüdüm. Və bir gün nə vaxtsa həmişəlik dönəcəyim ümidilə yaşayıram – cənublu, şimallı bütöv Azərbaycanıma! Torpaqlarını özünə qaytaran və bir daha kimsəyə yenilməyən AZƏRBAYCANIMA!
Afaq ŞIXLI
Moskva.