21.12.12. Falımız YALAN oldu! A. ŞIXLI


21.12.12. Falımız YALAN oldu! A. ŞIXLI

Neçə zamandır gözlənilən “dünyanın sonu” gəlmədi. Amma bilmirik buna sevinək, ya kədərlənək?
Çünki, ətək-ətək pul verib yer altı saxlambacları satın alanlar, oradan özünə və ailəsinə bir gecəlik icazə alanlar, az qala bir illik şam, su, yemək tədarülkü edənlərimiz vardı…
Bütün bu xərclərin axırı necə olsun bəs? Dünya niyə pis vəziyyətdə qoydu bu insanları?

Bax, biz buyuq! Neçə ki. Bundan artıq ola bilməyəcəyik, dünya da bizim acığımıza dağılmayacaq.
Hər dəfə belə aldadacaq bizləri. Necə də, “Ölülüər” əsəri yada düşür bu yerdə? Necə də Kefli İsgəndərin qəhqəhələrinin yeridir!

Tutaq ki, hamı öləcəkdi və siz – bunkerlərdə gizlənənlər çıxıb dünyanın bərbad, dağılmış, insansız gününü görəcəkdiniz? Necə yaşayacaqdınız bəs?
Atalar sözünü nə tez unutdunuz, ay varlılar, hallılar, dünyanı tutub durmaq istəyənlər?
“Ellə gələn toy bayram deyildimi, bəs?

Ay insanlar? Gəlin bir dəqiqəlik kim olduğumuzu yada salaq.

Kimdir insan?

Sadəcə, vikipedik nöqteyi nəzərdən baxsaq, insan – dik duruşa, inkişaf etmiş bir beyinə, düşünmə qabiliyyətinə, nitqə, alətlərdən istifadə bacarığına sahib olan ali primatdır.
Biominal adı `Homo sapiens`, yəni ağıllı adamdır.

Amma bunları bir kənara qoysaq insan anlamının daha çətin, daha mürəkkəb və həssas bir yöntəmi olduğunu görərik. Öz zehniylə bütün varlıqlardan seçilən İnsan nələrə qadirdir?

İnsan zehninin əsas xüsusiyyəti şüurdur.
Şüurla birlikdə, özünüidarəetmə qabiliyyəti, zaman-məkan duyğusu və azad iradə insanı digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdir.
Psixoloji, elmi nöqteyi-nəzərindən insan zehnini tədqiq edərkən, dinin insan mənəviyyatının çox mühüm tənzimləyicisi olduğu meydana çıxır.

Düşüncə qabiliyyəti edilən davranışın pis və ya yaxşı olması ilə maraqlanmağa insanı vadar edir.
Demək, kamil insan o insandır ki, həyatın hər bir sahəsində Allah istəyən kimi hərəkət edir. İnsanın daxilində təzadlı bir mahiyyət mövcuddur.
Ümumiyyətlə, insanın varlığı – təzadlar meydanıdır.
İnsan bir-birinə zidd olan keyfiyyətlərə, duyğulara malikdir.
İnsan bir varlıqdır ki, sevə də bilir, nifrət də edə bilir.
Onda məhəbbət hissi də var, qəzəb hissi də.

İnsan bir varlıqdır ki, sevinc hissini də yaşaya bilir, kədər hissini də.
İnsan bir varlıqdır ki, Allah Təala həm sevinmək qabiliyyətini, şadlanmaq istedadını verib ona, həm də kədərlənmək, qüssələnmək, hüzn keçirmək istedadını.
İnsan sanki bir-birinə nisbətdə qarşı-qarşıya olan bu duyğuların bir toplumu, cəm halıdır, görüşdüyü məkandır.

Hər bir şəraitin dini sayılan mübarək dinimiz buyurur ki, şadlanmalı yerdə şadlan və şadlandır, kədərlənməli yerdə kədərlən və kədərləndir, sevməli yerdə sev və sevdir, düşmənçilik etməli olan yerdə düşmənçilik et və etdir, üzülməli yerdə üzül və üzülməyin lazımlığını anlat, nifrət etməli yerdə nifrət et və bunun lazımlığını çatdır, rəğbət olunmalı yerdə rəğbət et və etdir.

İnsan bir varlıqdır ki, Xaliq onu ən ali, ən təkmil qərar vermişdir.
Yaradan insana ağıl, düşüncə, şüur, iradə, təkamül imkanı verib.
O qədər yüksəlmək imkanı verib insana Allah ki, mələkləri də üstələyə bilsin.
Amma öz nəfsinin ardınca getdiyi təqdirdə, enişə gedib heyvandan da aşağı alçalmaq üçün durumu da var insanın.

Allah bizi İnsanlıqdan enməyə qoymasın!

Dünyamıza yaş kəsdilər,
Ha qorxdular, ha əsdilər…
Dar kəfənə tələsdilər,
Gen oldu donu dünyanın.

“Tükənməzlər””, “”ədəbilər””
Qəm ələyib dərd yedilər.
Fani, əyri, çaş dedilər,
Düz imiş yönü dünyanın.

Soluxdular, saraldılar…
Şam aldılar, su aldılar.
Elə hay-həşir saldılar
Qurudu qanı dünyanın.

Yer altına dolan oldu,
Kim müflis, kim kalan oldu.
Sonunda, fal yalan oldu –
Gəlmədi sonu dünyanın!

21.12.12.
Rusiya Yazarlar birliyinin üzvü Afaq ŞIXLI
Moskva


Bir cavab yazın