Afaq ŞIXLI: “Ədəbiyyat olmasaydı, dostlar, həmkarlar olmasaydı yəqin ki, qürbət həyatı daha da dözülməz olardı”””


Afaq ŞIXLI:  "Ədəbiyyat olmasaydı, dostlar, həmkarlar olmasaydı yəqin ki, qürbət həyatı daha da dözülməz olardı"
Müsahibimiz Moskvada yaşayan tanınmış şairə Rusiya və Avrasiya Yazarlar birliyinin üzvü Afaq Şixlıdır.

– Salam, Afaq xanım. Bir az özünüz haqda danışa bilərsinizmi?

– Mən 1969-cu il iyun ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Ailədə 5 uşaq olmuşuq, ən kiçiyi mənəm. Körpəliyimdən, övladı olmayan bibimin evində böyümüşəm. Bibim isə çox savadlı dil-ədəbiyyat müəlliməsi idi. Uşaq bağçasına getməkdən imtina etdiyim üçün, məni həmişə özüylə məktəbə aparmalı olurdu. 4 yaşında olarkən artıq oxumağı, yazmağı, saymağı, hətta vurma cədvəlini belə bilirdim. Evimizin yanında yeni məktəb tikilirdi. 1984-cü ildə məktəb açılanda mənim 5 yaşım tamam olmuşdu və mən təkidlə məktəbə getmək istədiyimi bildirdim. Komissiya heyəti məni sorğu-sual etdikdən sonra birinci sinfə getməyimə heç bir etiraz etmədilər. Beləliklə, mən beş yaşından şagird oldum. O zaman belə hallar Azərbaycanda çox az idi. Məktəbimizə tez-tez televiziyadan gəlir və məni danışdırırdılar. 15 yaşında olarkən 12 saylı orta məktəbi qızıl medalla və 15 saylı musiqi məktəbini əla qiymətlərlə bitirdim və elə həmin il N. Nərimanov adına Azərbaycan Dövlər Tibb universitetinin müalicə-profilaktika fakültəsinə daxil oldum. Respublikada ən gənc ikinci həkim mən idim (Bir nəfər də məndən bir il öncə daxil olmuş 14 yaşlı həkim oğlan vardı). 1990-cı ildən Moskvaya köçənədək 8 saylı Birləşmiş Şəhər xəstəxanasında həkim-terapevt işlədim.

Ədəbiyyat, musiqi və rəssamlıqla da məşğul oluram. Ən çox sevdiyim isə psixologiyadır.
Evliyəm, iki övladım var. Oğlum Moskva Texniki universitetinin ikinci kurs tələbəsidir. Qızım Nilufər MDDU-nin aspirantı, həm də MDU-nin jurnalistika fakültəsinin tələbəsidir. Mənim yolumu davam etdirir (ədəbiyyatı nəzərdə tuturam), gözəl şeirləri, hekayələri, povestləri var.

– Ədəbi karyeranızı necə başlamısınız? Ümumiyyətlə şeir yazmağa nə zamandan meyl etmisiniz?

– Şeir yazmağa 8 yaşlarımdan başlamışam. Əvvəllər Göyərçin jurnalında və məktəb divar qəzetlərində dərc olunurdum. Sonralar məktəbimizdə yaradılmış Gənc Şairlər dərnəyinin rəhbəri oldum. Universitet illərində ədəbiyyata əvvəlki kimi çox zaman ayıra bilmirdim. Bəlkə də məni əsil şair edən Vətəndən uzaqlarda yaşamağım oldu. Vətən həsrəti bütün şeirlərimin canına hopub sanki.

Uzun illərdir Azərbaycanda, Rusiyada, Türkmənistanda, hətta son illərdə Almaniyada və Türkiyədə şeirlərim və hekayələrim müxtəlif qəzet və jurnallarda nəşr olunur. Bir neçə şeir və hekayələr toplusunun müəllifiyəm. Bu günlərdə daha iki kitabım “ Ömrümün beşinci fəsli” (az-ca) və “Dostlarım, mənə də bahar göndərin” (türkcə) nəşr olunur.
Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, “Luç” assosiasiyasının, Avrasiya və Rusiya Yazarlar Birliklərinin, Moskva Şəhriyar Ədəbi Mədəni Cəmiyyətlərinin və Azərbaycan Məhsəti Şairələr məclisinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvüyəm.

– Şeirlərinizin böyük əksəriyyəti məhəbbətə həsr olunub. Bu qədər romantik ruhu necə qoruyub saxlaya bilirsiniz?

– Bəli, şeirlərimin böyük əksəriyyəti məhəbbətə həsr olunub. Məhəbbətdən yazmamaq olarmı? Bütün dünya yalnız bu müqəddəs hissə görə (blaqodarya) hələ də vardır. İnsanı insanlıqdan uzaqlaşmağa qoymayan, ədaləti, insafı, vicdanı daima ayaqda saxlayan hissdir – məhəbbət.

Hər birimizin içində daima bir uşaq, bir gənc yaşayır. Neçə yaşın olur olsun – hər zaman sevilməyə ehtiyac duyursan. Ən çox sa yaradıcı insanlar…

Sevildiyini bilmək, ümidlərini itirməmək yaşadır insanı. Elə bir canlı yoxdur ki, onun ürəyində kiməsə də az da olsa məhəbbət hissi olmamış olsun. Azərbaycan dilində məhəbbət sözünün bir neçə sinonimi vardır. Bu bizim xalqın sevgisevər ( lyubviobilnıy) olduğundan xəbər verir.

– Ədəbiyyatı və ev işlərini necə birləşdirə bilirsiniz? İki uşaq anası və gözəl ev xanımı, həm də həkim – yaradıcılıq üçün necə vaxt tapır? Axı poeziya xüsusi əhval-ruhiyyə tələb edir…

– Mən heç zaman şeir yazmaq xatirinə masa arxasına keçməmişəm. Şeir özü məni əlimə qələm almağa vadar edib. Hansı stildə yazılacağını da gələn misralar özü seçib hər zaman – qoşmadırmı, rübaidirmi, sərbəst şeirdirmi…
Həyat yoldaşım çox ədəbiyyatsevər insandır. Mənim yaradıcılığımı da çox sevir və izləyir. Evdə mənə kitablarım üzərində işləməyə hər çür şərait yaradıb. O məni həm maddi, həm də mənəvi dəstəkləyir.

– Sevdiyiniz yazıçı, şair, rəssam kimlərdir? Adlarını çəkə bilərsinizmi?

– Sevimdiyim yazıçı, şair və rəssamlar var əlbəttə. Klassiklərin adını sadalamaq istəmirəm. Çünki onları onsuz da əksəriyyət sevir və tanıyır.

Müasirlərimi desəm, kiminsə adını deyib, kiminsə xətrinə dəymək istəməzdim. Amma yenə də, mənə mənəvi yaxın olan insanlardan bir neçəsini sadalayacam: Azərbaycandan gözəl şairlər Nəriman Həsənzadə, Musa Yaqub, Elman Tovuz, Türkiyədə Məmməd İsmayıl, Əli Ağbaş, yazıçı-tərcüməçi İmdat Avşar, Moskvada rəssam Əsgər məmmədov, yazıçı Çingiz Hüseynov, məşhur alim Tofiq Məlikli, şairlər İlham Bədəlbəyli, Nəsib Nəbioğlu, Əşrəf hüseynli, Sultan Mərzili, Mixail Sinelnikov, Evqeniy Çiqrin… və s…

– Afaq xanım, sizin fikrinizcə, bu gün müasir qadının cəmiyyətin ictimai və siyasi həyatındakı rolu nə səviyyədədir?

– Qadınlar ümumiyyətlə cəmiyyətin həyatında hər zaman rol oynamışlar. Hətta siyasətə qarışmağa ayıb sayıldığı keçmiş dövrlərdə belə. Çünki onların verdiyi tərbiyə, onların övladlarına göstərdikləri təsir gələcəyin siyasət adamlarının, ədəbi, mədəni, ictimai xadimlərin yetişməsinə səbəb olub.

İndi isə qadının cəmiiyətin həyatının hər sahəsində rolu inkaredilməzdir. Artıq qadın olmayan elə bir sahə mən tanımıram.

– Siz uzun müddət Bakıda yaşamısınız. Bakı ilə Moskvanı müqayisə etsək nə deyə bilərsiniz? Və sizinçün Vətəndən uzaqda yaşamaq nə deməkdir?

– Bakı və Moskva – iki haradasa oxşar, haradasa müxtəlif şəhərlərdir.

Mənim yaşımda olan insanlar üçün Moskva elə də yad şəhər deyildi. Çünki bizim uşaqlığımız və gəncliyimizin müəyyən hissəsi SSRi-nin vaxtına düşüb, hansı ki. O zaman Moskva – bizim ikinci paytaxtımız, rus dili isə – ikinci ana dilimiz sayılırdı. Azərbaycanda kifayət qədər ruslar yaşayırdı və bir həyətdə oynayarkən belə beş azərbaycanlı uşağı olurdusa, 3 nəfər də rus uşağı olurdu.

Lakin unutmaq olmaz ki, bizim burada yaşamağa başladığımız 2000-ci illərdəki Moskva ötən əsrin 70-80-ci illərindəki Moskva deyildi. Nə də insanların düşüncəsi və davranışı o zamankı deyildi. Biz birdən-birə dəyişən ayrı bir rus xalqını tanımağa başladıq. Orta məktəbdə oxuyarkən qış tətillərinə gəldiyimiz qonaqpərvər şəhərə deyil, sanki ayrı bir şəhərə düşdük.

Bakının isti, mülayim, doğma qucağından sonra, qışı aylarala bitməyən, həftələrlə günəşə həsrət qaldığımız bir diyarda yaşamaq elə də asan deyildi. Qohumlardan, dostlardan uzaqda. Yeni dostlar qazanana kimi, cəmiyyətə qaynaöıb qarşana kimi illər keçdi. Bu illərin hamısı bizim ömrümüzün bir parçasıdır. Geri dönməyən, qaytarılmayan. Bütün bu həsrət, bu nisgil, bu acı şeirə, sözə çevrildi. Ədəbiyyat olmasaydı, dostlar, həmkarlar olmasaydı yəqin ki qürbət həyatı daha da dözülməz olardı.

– Moskvadakı Azərbaycan diasporası haqqında nə deyə bilərsiniz?

– Azərbaycan diasporasından danışarkən bir şeyi qeyd etmək istəyirəm. Bayrmlarımız zamanı, müxtəlif tədbirlər zamanı mən hiss edirəm ki, biz Moskvada kiçik bir Azərbaycanıq. Biz Vətənin Vətəndən uzaqlara düşmüş bir parçasıyıq və özümüzdə: qəlbimizdə, əməllərimizdə, ruhumuzda Vətəni yaşadırıq. Mənə elə gəlir ki, Azərbaycan diaspora öz işini layiqincə görə bilən insanlardır. Azərbaycanın adına, milli mentalitetimizə layiq insanlardır. Günü-gündən də təşkilati işlərin daha da irəliləyəcəyinə, birliyimizin və həmrəyliyimizin daha da hüclənəcəyinə iman var məndə.

– Gələcək üçün yaradıcılıq planlarınız haqda nə deyə bilərsiniz?

– Hazırda daha iki kitab üzərində işləyirəm. Biri fransız dilində, digəri rus dilində nəşr olunacaqdır İnşaAllah. Yəqin ki, bu ilin sonuna işıq üzü görərlər.

Eyni zamanda qızım Nilufərlə birgə Meyxoş Abdullanın “Əsir qadın” romanının rus dilinə tərcüməsiylə məşğulam. Əsər Qarabağ müharibəsinin dəhşətlərinə həsr olunub. Bu əsəri Rusiyada rus dilində oxuculara çatdırmağı özümə borc hesab edirəm.

Bundan başqa Rusiyada və Türkiyədə yaşayan şair dostlarımın şeirlərini öz ana dilimizə tərcümə edirəm.

Sara Əliyeva
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir