Şəhid vermədiyi gündü bu xalqın, bu Vətənin bayramı!!!
Ruslan Dost Əlinin Facebook səhifəsindən yazdığı “küfrqarışıq” ağrı ilə “Sevgililər günü”nə üsyanını sözlərə tökərək günün gününü göy əskiyə büküb ovucumuza qoymasına qeydsiz qala bilmədim. Dualizm fəlsəfəsindən yanaşsaq dünyanın günlərini xoş-bəd ovqata kökləyən, onu qara-qırmızıya boyayanlar da bizik. Bu dünyanın sakinləri. Elə bu sosial ortamda “Sevgililər günü”nə ikili yanaşmalar da insan təbiətindəki ikiləşmədən irəli gələndir. O ikiləşmə-dünyada qütbləşmələr olmasaydı- savaşlar olmaz, sevgilər-sevgililər arasına qaratikanlar girməzdi.
O ki qaldı günə… Günün içində sevgi varsa qoy olsun. Həm də hər gün olsun. Dünya sevgi ilə dolu olanda gözəldir. Sevgi olan yerdə güllü-gülüstanlıq olar…
Lap elə bizim təqvimimizdə bayram olmayan Valentinin günü olsun. O gün sevgisizlərin ürəyinə də bir az sevgi qatsa… Bax, sənin ürək ağrısı ilə sadaladığın yoxluqdan əzilən, üzülən Həsənlər də olmayacaq.
Sənin bu gün bizim bayramımız deyil-üsyanına şərikəm. Bizim sevgisinə abidə qoyduranlarımız BİR deyil! Onlar bu ölkənin hər yerində salınmış “Şəhidlər məzarlığında” uyuyanların sayı qədərdir.
Şəhid verməyən gündür bu xalqın bayramı! Haqlısan, Ruslan Dost Əli! Amma… Müqəddəs sevgi dediyimizdə gizlənən mif -Şəhidlikdir! Sevginin ondan böyük isbatı olmaz, ola bilməz! Ən çox sevdiyinə “Sənin üçün ölərəm”demirikmi? Bəzən yaşatmaq üçün ölmək də gərəkir!
Günü lənətləmə, gülü lənətləmə…. ölümlərə qanad açan sevgini lənətləmə… Sənə bu küfrü etdirən – sərhədsiz sevgilərimizin önündə duran Vətənin bağrını parçalayaraq içindən çəkilən sərhəddir- səddir! O sədlər də sevgiylə aşılır, buna inan… Buna inanaq! Sadəcə sevgili hər günü sevək! Amma sənin vurguladığın o acılarla yaşayanları da unutmadan, təbii…
Tünzalə Vəliqızı
14 fevrala “Xoş gəlmədin!” əvəzi
Nə hədiyyə umacağım bir kimsə var, nə də hədiyyə alacağım bir kimsə. Elə yaxşı ki, yoxdu. O vaxtı ayrıldıq yaxşı ki. Amma Ramiz Rövşənin sözü olmasın, bəlkə də, biz o vaxtı ayrılmasaydıq, nə sən idikiydin, nə mən indiki.
Sözümün canı var. Qışın bu qarını, şaxtasını vecinə almayıb, nimdaş gödəkçəsini geyinib, beş-altı qotur qoyunu qabağına qatıb arxların üstü ilə aşağı-yuxarı var-gəl eləyən Bəhruzun cibindən üşüməyidi adamı yandıran. Əslində qoyun otarmağa getmək deyil bu, başını götürüb evdən çıxmaqdı.
Dostunun adına götürdüyü kreditin faizini səhər, yəni 14 fevralda ödəməli olduğu halda, hələ maaşın verilməsinə iki həftə qaldığını xatırlayan Bəhruzun özünə verdiyi “görəsən ayın sonuna qədər kimdən borc tapa bilərəm?” sualı qarşısında sual kimi əyiləməyidi adamı yandıran.
Kimdən borc istəyəsən? — Heç kimdən! Borc istəməyə kimsə qalıbmı, qalmayıb. Lap kimsə qalıbsa belə, üz qalmayıb, üz. Nə qədər üzünə üz qaralığı çəkib, sıxıla-sıxıla, əyilə-əyilə Həsənin qapısına pula gedəsən. Keçən dəfə də verməmişdi, arvadının ad günüydü dediyinə görə, ona hədiyyə alacaqdı. Bu dəfə də…
Sözümün canı var. Cəbhə xəttində şəhid olmuş çavuş Fərhad Qafarovun sevgilisi (oxuduğum məlumata görə əsgərlik müddətini çoxdan bitiribmiş. Deməli, bəlkə də evli imiş.) 14 fevraldan düz üç gün qabaq aldı “hədiyyə”sini. Ölkələrin sərhədlərinə ürək dolusu nifrət eləməyəsən, neyləyəsən? Hansı BMT, hansı qətnamə, hansı İnsan Haqaları? Yəqin sabah şəhid qardaşları kimi Fərhad da öz hədiyyəsini alacaq. Onsuz da biraz az, biraz çox hər il, bütün bayramlarda ölülərə eyni hədiyyələri edirlər: güllər, çiçəklər, qərəfillər. Lənətə gəlsin!
İndi siz mənə cavab verin!
Nə bayram? Hansı bayram? Niyə bayram?
Sözümün də canı çıxır.
Bir də adamı yandıran bilirsiz nədir?
Bəhruzun qulaqlarının Dəyanət Rzayevi oğurlayan gözəgörünməzin zümzüməsini eşitmək istəməsidi adamı yandıran. Gəlmişəm otağına oyadam səni…
Ruslan Dost Əli