BU ADAM GƏZƏRİ QƏLƏMDİR, ALLAH!..
Şairlik onda həvəs deyil, “canından süzülən şeir şəlaləsi””nə oxşatsammı?! İndi ədəbiyyat ədəbi ifadələrlə bəzənmiş pafosu sevmir…Çünki yazanların pafosu ədəbiyyatınkını kölgəsinə alıb. Onun nəzmi gözə girmək, gözdə olmaq üçün nizama düzülmür. Addan uzaq şeir adasında sözün Yavəridir,O! Kim kimin imdadına çatir? Onlar qoşa qanad kimidirlər. Söz Yavərə, Yavər sözə söykənib…Moskvada bizə yaxın, amma yaxından tanıtdırmadığımz, kitab-kitab sözü, şeiri olsa da, bir kitabı olmayan ŞAİR!
Dilin apostrofundan imtina etməyib, hissi ilə duyğusunu o pauza aralığında tənzimləyib fikir qoyur ortaya. Əhvalına köklənsə də əhvalından acısını, acığını sözdən çıxarıb, bizə süzülmüş dupduru safını, şirinini verir.
“Yol şeiri yazan şair””- deyir bir şeirində. Özünun portretini cızır bəzən. Bəzən razılaşmadığı dövrana “razılıqla” meydan oxuyacaq qədər güclüdür ifadəsində, sözündə…
YAVƏR HƏSƏN, bu gün pafossuz ədəbiyyat tərifin də hədsiz olanını qəbul etmir. Həddində olana deyilmədiyindəndir, ya da həddini aşanlarındandır bəlkə. Amma sözün həddini, sərhəddini qoruduğunuz şeirlərinizdən çıxış edib çox səmimi şəkildə məndə yaratdığı təəssürata köklənib yazdım bunu…
Bir müsahibəyə giriş sayaq…İndi şeirləriniz danışsın. Özünüzlə danışmağa “sözüm” olsun bu giriş!
Tünzalə Vəliqızı
Yavər HƏSƏN
BU ADAM GƏZƏRİ QƏLƏMDİR, ALLAH!..
Bu zalım dünyadan toxdu bu adam,
özündə taxtı var, özündə tacı.
Həyatın dolanbac cığırlarıyla
yeriyir içində bir dar ağacı.
Bu adam Göylərdə uçan adamdı,
bu adam torpaqda sürünən deyil.
Bu adam təpədən-dırnağa ruhdu,
bu adam güzgüdə görünən deyil.
Keçib, bu adamın içindən keçib
bu zalım dünyanın hər bir acısı.
Bu adam — adamlar içində təkdi,
daşdan qardaşı var, güldən bacısı.
Bal tə’riflər ilə tə’rifləyirlər
yalançı adamlar yal şeirləri.
Bu adam gəzəri qələmdir, Allah,
yazır bu dünyada Yol şeirləri.
***
Heç kimdən məhəbbət ummuram daha,
hamının gözündən düşmək gözəldir.
Həyatda çiy qalmaq ariflik deyil,
hansısa bir odda bişmək gözəldir.
Fələk sual edir nida qədləri,
güz yeli soldurur təravətləri.
Bütün sərhədləri, bütün sədləri
dağıtmaq gözəldir, aşmaq gözəldir.
Ömrə fayda gəlməz qəmdən-qəhərdən,
canına acılar yığma zəhərdən.
Həmişə lal axmaq olmaz ki, hərdən
dəli sellər kimi coşmaq gözəldir.
Sənə, Yavər Həsən, öldüm deməkdən,
yol getmək seçilir yol getməməkdən.
Heç bir iş görməyib, səhv etməməkdən,
iş görüb, hardasa çaşmaq gözəldir.
***
Qara çırağın piltəsi
yağın içindən dolanır.
Ömrə gələn qara günlər
ağın içindən dolanır.
Aramıza düşüb çəpər,
əhvalımdan bilmir xəbər.
Kimdir elə o bəxtəvər,
bağın içindən dolanır?
Can ölüb, yetimdi bədən,
ovcuma tökülür didəm.
Xatirələr keçib gedən
çağın içindən dolanır.
Fələk döydü, mamır yolum
oldu palçıq xamır yolum.
Yavər Həsən, ömür yolum
dağın içindən dolanır.
***
Niyyətdən doğulur cahanda hər şey,
hamı niyyətində sabah saxlasın.
Səvab səvabkarı saxlayıb, amma,
olmayıb kimisə günah saxlasın.
Bəxtəvərdi ruhu bal dadan adam,
zövqü gözəllikdən hal dadan adam.
Başını günahla aldadan adam
qiyamət gününə bir ah saxlasın.
Budur, Yavər Həsən, fikrimin sonu,
ürəkdən rəng alır baharın donu.
Kimin ürəyində Allah var, onu,
mələklər qorusun, Allah saxlasın.
***
Didəmdən işıq getsə, günüm tar olacaqdır,
Bilməm, məni-biçarəyə kim yar olacaqdır.
Yarpaqlarımı fəsli-payız qəhr eləməkdə,
Sinəmdə sazaq var, çiçəyim qar olacaqdır.
Ey bülbüli-şeyda, mənə ver naləvü zarın,
Könlüm hələ çox dərdə giriftar olacaqdır.
Mən bu axının tərsinə üzməkdəyəm ancaq,
Ey dil, mənə kim darda tərəfdar olcaqdır?
Yavər Həsənin Tanrısı Rəhmanü Rəhimdir,
Yavər Həsənin ismi müdam var olacaqdır.
Yenises.ru, Moskva 14.12.2014“