“Çox məsuliyyətli olmaq bədbəxtlik, az məsuliyyətli olmaq avaralıq, məsulıyyətsiz olmaq əclaflıqdı”
Ceyhun Musaoğlu: “Kor, kar, lal deyiləm – deməli qanunu pozmuşam”
“Atalarımın yalanlarını çiynimdə daşımağa məcbur olmuşam”
“Qələmi ilə təmizləmək istəyində olanlar” sırasına yazılanlardandır. Onu bu yönündən tanıdım. Tanımaq üçün mütləq görüşməlisən deyə, qayda yoxdur. Tanımaq yazılarını, ifadələrini oxumaq yetərli olur bəzən. Onu deyən, yazan anda mimikasını görməsən belə, cümləsinin quruluşunda, seçdiyi sözlərdə, nöqtəsində, vergülündə səmimiliyi ilə saxtalığı ayrılır. Baxmayaraq ki, yanğılı ruhlu yazısı olan qəddarlar da var. O bu baxmayaraqkılardan deyil.
Mən onu yazdığı köşələrdə kəşf etdim. Səmimi olduğu qədər də tələbkardır. Arada mənə müsahibə almağı öyrətməyə də qalxdı. Düzü bundan incimədim. Məntiqi hər şeydən öndə görən insan üçün tanımadığı bir jurnalistə nə isə öyrətməyi, tələb etməyi ona da yaşadığı həyat öyrədib – dedim.
Jurnalist Ekspert Mərkəzinin rəhbəri, tanınmış köşə yazarı Ceyhun Müsaoğlu ilə çox şeyi çəkib-çəkişdirdik. Bu adamın təşəkkürü də fərqlidi.
-10 ildir Azərbaycanı Moskvadan seyr edən və daha çox öyrənmək baxımından rus köşə yazarlarının hadisəyə, gündəmə münasibətini izləyib özümümzünkülərlə tutuşduran oxucu kimi, fərqli yanaşması olan qələm sahibi olduğunuzu gördüm. Tərif etməyəcəm, çünki bizdə indi hamı ya ifrat tərif edir, ya da ifrat təndiq…
-Azərbaycanda başqa cəmiyyətlərdən fərqli olaraq, ictimai şüur tam formalaşmayıb. Biz hələ cəmiyyət qurmağa indi başlamışıq. Dövləti, hakimiyyəti, müxalifəti, mətbuatı olmaq hələ cəmiyyət anlamına gəlmir. Cəmiyyət onun əleyhinə yönələn hər şeyə anında və ciddi reaksiya verməyi ilə fərqlənir. Təbii ki, belə vəziyyətdə olan ölkənin mətbuatı da özünəməxsus olar. Bizim mətbuatda bədii təfəkkür çox güclüdü, informativ beyin isə inkişaf etməyib. Bizim xəbərdən xəbərimiz yoxdu, onu necə oxucuya çatdıra bilərik ki… Bütün xəbərləri bizdən gizlədirlər, tapmağa cəhd göstərəndə isə zülmə düşürük. Xarici dilləri bilmədiyimiz üçün başqa inkişaf etmiş ölkələrin jurnalistikası ilə müqayisə edə bilmirik. Ona görə özümüzü hamıdan güclü hesab edirik. Bu il ali məktəblərə qəbul olmaq üçün keçid balını aşağı saldılar, ötən il də belə olmuşdu. Bu bir daha göstərir ki, biz suyu olmayan hovuzda üzgüçülük yarısına qoşulmuşuq. Belə yarışın tamaşaçısı da olmaz. Tamaşaçı yoxdursa, niyə özümü Cek London, Tolstoy hesab etməyim?! Onsuz iddiamızı görən və qiymət verən yoxdu. Kef edirik özümüzçün. Ancaq özümüzçün.
– Amma Rusiya da bu praktikadan istifadə etdi-balları aşağı salmaq məsələsində.
– Guya Rusiyada vəziyyət yaxşıdı? Əlbəttə yox. Putin Rusiyadakı demokrtaiyanı hələ doğulmamış boğdu. Demokratiya gələcəyin varlığından xəbər verir. Ruslar gələcəklərinə inanmırlar. Belədə niyə oxusunlar, niyə spirtli içkiyə aludə olmasınlar… Azərbaycan da Rusiyanın kiçik modelidir, o cümlədən keçmiş imperiyanın nəzarətində olan başqa ölkələr… Mən müqayisə aparaq deyəndə, Rusiyanı yox, Norveçi, İsveçi, Danimarkanı, Çexiyanı, Litvanı və başqa bu kimi ölkələri nəzərdə tuturam. Rusiya dünyaya ən böyük təhlükədi, ona bel bağlamaq və ona oxşamağa çalışmaq sadəcə bədbəxtlikdi.
– Siyasətçi kimi danışdınız, amma elementar bir şeyi unutdunuz. İqtisadi asılılığımız olduğu ölkədəyik. Rusiyada 3 milyona yaxın azərbaycanlı var ki, onlar qoyub gəldikləri ailələrini dolandırırlar…
– Mən jurnalistəm. Nəyi düz bilirəm, onu deyirəm. 3 milyon azərbaycanlının Rusiyada işləməyə məcbur olması isə iqtisadiyyatının inkişafını dünyanın gözünə soxan Azərbaycan dövlətinin məsuliyyətidi. Bu qədər pulu olan ölkənin vətəndaşı hansısa Vasilinin, Tanyanın puluna möhtac qalmamalıdı. Hər halda Rusiyaşünas deyiləm. Bircə onu bilirəm ki, regiondakı bütün bəlaların kökündə məhz Rusiya dayanır. Necə dayanır, nyə dayanır…bunu politoloqlar daha dəqiq araşdıra bilər.
– Doğru. Elə yerdən qalxanın əlinə qələm alıb jurnalistikaya qaçmasının kökündə də duran bu deyilmi?
– Bizdə ciddi işsizlik problemi var. İnsansa pul qazanmadan yaşaya bilməz. Orta məktəbdə sevdiyi qıza məktub yaza bilməyənlər bu gün mətbuata darışıb. Bunun əsas problemi Ədliyyə Nazirliyindədi. Mətbuat Şurasının qara siyahısına düşən 100-ə yaxın qəzet var. Məsələ qaldırıla bilər ki, bütün qəzetlər yenidən qeydiyyatdan keçsin. Bu proses zamanı qara siyahıda olan qəzetləri qeydiyyata almasınlar. Bununla yanaşı pis imicə malik mətbu orqanları “Azərbaycan”” Nəşriyyatından çıxarmaq lazımdır. Onlar ayda 100 manat ödəməklə özlərinə rahat yuva qurublar. Halbuki, “”Azərbaycan”” Nəşriyyatı prezidentin işlər idarəsidi. Bu idarədə qara siyahıya düşən qəzetləri hansı haqqla bəsləyirlər?..
Ciddi mətbuat orqanlarında çalışanlardan heç biri qeyri-ciddi jurnalist deyil. Onların adına ləkə gətirən qəzetdən süngü kimi istifadə edənlərdir. Başqa tərəfdən həmin qəzetlərin ayaqda qalmasına məmurlar da şərait yaradır. Hansı məmurun telefonuna zəng edirlər çağırıb 50-dən 100-dən verir. Ona görə verir ki, xofludu. Ona görə verir ki, bilmir ciddi mətbu orqan nədi, qeyri-ciddi mətbu orqan nədi.
– Napoleon deyib ki, jurnalist perosu-(lələyi) ilə kuçəni təmizləyəndir. Bu gün lələyi ilə küçəni (cəmiyyəti) kirlədən mövqeyində duranları daha çox görünür. Hər yazı yazmağı və ya hər danışmağı bilməyən jurnalistin mətbuata, efirə yol tapmaması üçün bu prosesə nəzarət edən bir senzuraya ehtiyac var.
– Bir o qədər də elə deyil. Cəmiyyətin formalaşmasına çalışan jurnalistlərimiz çoxdu. İlqar Rəsulun, Elnur Astanbəylinin, Hacı Zaminin, Elbrus Ərudun, Sevinc Telmanqızının, Murad Köhnəqalanın, Nicat Dağların, Cəlil Cavanşirin, Aynur Elgünəşin və başqa dostlarımın adını çəkə bilərəm.
Senzuraya ehtiyac yoxdu. Bu barədə düşünmək belə artıqdı. Sadəcə təhsilin səviyyəsini yüksəltmək lazımdır ki, ağıllı adamların sayı çoxalsın. Ağıllı adamlar səviyyəsiz mətnləri oxumazlar, səviyyəsiz verilişləri iqnor edərlər. Ən böyük senzor təshil olmalıdı. Kimsə ağıllı adamı aldada bilməz.
– Roman yazacağınızı demişdiniz, sonra bir statusunuzda oxudum ki, bu fikirdən geri cəkilmisiniz?
– Deyəsən mən heç vaxt roman yaza bilməyəcəm. Çox məsuliyyətli olmaq bədbəxtlik, az məsuliyyətli olmaq avaralıq, məsuliyyətsiz olmaq əclaflıqdı. Təəssüf ki, deyəsən birincilərdənəm. Ən yaxşısını yazmaq istəyirəm, buna da istedadım çatmır. Roman yazmaq üçün Azərbaycandan heç olmasa bir illik çıxmaq lazımdır. Obrazların həyat tərzi ilə yaxından tanış olmaq lazımdır. Azərbaycanda obraz yoxdu. Hamı əkizdi, dərdləri ilə, sevincləri ilə. Azərbaycan adamından, həyatından yazılan romanı adamın heç valideynləri oxumaz ki, ay bala bu elə bizik də. O üzdən dünyanı gəzmək, çox oxumaq vacibdi. Həm də düşünürəm ki, bizim dildə nəsr əsəri uğurlu alınmaz. Mütləq ingilis dilində yazmaq lazımdır, rus dili də keçərlidi. Bizim dildən hətta feillər belə yoxa çıxıb. Təfəkkürümüz bütün feilləri söyüşə çevirib. Hər hansı feili yazmaq istəyəndə düşünürsən ki, oxucu bunu başqa anlamda qavrayacaq. Bununla yanaşı, dilimzin arealı da geniş deyil… Əlavə problemlər də var. Bizim dilimizidə enerji çatışmazlığı var. Bəlkə də düşündüyünü söz tapıb yaza bilirsən, amma həmin enerjini oxucuya çatdıra bilmirsən, sözlərimizin çəkisi imkan vermir.
Çox çətindi. Romanımın qəhrəmanı bədbəxt oğlu bədbəxtdi. Artıq ailəsini atıb Moskvaya gedib çıxıb. Elə oradaca saxlamışam. Görək də, bəlkə hərəkətə gəldi…
– Rus milləti yer üzündən silinsə belə, onu A.P.Çexovun əsərlərini oxuyub yenidən bərpa etmək olar. Yəni millətin bütün qatlarını obraz edə bilib. Bizdəki eyniyyət ədəbiyyatımıza da hopub. Sadəcə birini müşahidə edib yüzünün obrazını yaratmaq dönəmindəyik. Oysa yüzünü muşahidə edib birini yaratmaq olar? Rusiyaya gələnin də aqibəti Azərbaycandakının aqibətində eyniləşməyəcəkmi?
– Dedim axı bizdə hamı eynidi, biri minidi. Rusiyaya gedən qəhrəmanım mənim əlimdədi. Ağıllıyamsa, onun başına elə oyunlar aça bilırəm ki, oxucu üçün yeni olsun.
– Rusiyaya gedəni nəylə dəyişdirəcəksiniz ki?
– Nə edəcəyimi əvvəldən bilmirəm. Əsəri yalnız istedad yazır. İstedadımla danışmağı bacarmalıyam, onun dilini bilməliyəm. Bəzən mən danışıram, o eşitmir. O danışanda isə mən olmuram. Görək, ikimizi bir yerdə tuta bisəm, əla olacaq.
– ))) Bu qədər doğrusunuzsa, inşallah alınar.
– Alınsın da…
– Ceyhun bəy, sizə sual vermək olmur, cavabları aparıb divara dirəyirsiz…
– Neft Akademiyasını bitirmişəm. 1991-ci ildə riyaziyyat və fizikadan “”5″” alıb daxil oldum. Birinci imtahandan “”5″” almışdım, ikinci, fizika imtahanında qiymət vərəqəmə “”4″” yazdılar. Apellyasiyaya verdim, sübut etdim ki, səhv yazıblar, qiymətim “”5″”-di. Düzəltdilər. Prorektor dəhlizə çıxıb yüzdən çox uşağın yanında dedi ki, oğlum, bir “”5″”, bir “”4″”-lə ali məktəbə qəbul olurdun da, daha bu qədər əziyyət çəkib qiymət düzəltdirməyə ehtiyac yox idi. Camaat “”2″”-ni “”3″” düzəltdirir, sənsə “”5″” dalınca düşmüsən. Ona verdiyim cavab sonradan müəllimlərin dilində əzbər oldu. Və bu hərəkətimə görə, oxumayanda belə, semestrlərdə mənə qiymət yazdılar. Prorektora dedim ki, mən “”5″” almağa gəlmişəm, instituta girməyə yox. Bunlar bir-birindən fərqli məsələlərdi. 4 ildən çox müharibədə oldum. Qayıdanda bütün müəllimlər məhz bu fikrə görə mənə hörmətlə yanaşdılar. Hətta dərslərə belə, girmirdim, ama qiymətimi yazırdılar. Sizsə deyirsiz ki, mənə sual vermək olmur. Özümdən asılı deyil, məntiqi faktdan qabaqda bilirəm. Allahın da bir adı olduğunu düşünürəm – Məntiq. O üzdən verdiyim cavablar divara dirənir. Məntiq sonuncudu axı, ondan o tərəfə yol yoxdu.
– Bu məntiqlə balaca Azərbaycana necə sığışırsınız?
– Sığışa bilmirəm. Anamdan xəlvət atamdan, atamdan xəlvət anamdan soruşmuşam ki, bəlkə ortada hansısa başqa adam olub. Görünüşüm azərbaycanlı olduğuma görə onların “”ay bala, sən nə danışırsan”” iradlarını qəbul edirəm. Düşüncəmə görə heç buralı deyiləm. Yəqin boynuma qoyulan bu vətəni nə vaxtsa boynumdan atıb gedəcəm. Vətəni orda doğulduğumçün yox, orda yaşadığımçün sevirəm. Əlbəttə qanım, genlərim məni bura bağlayır. Düşüncə etibarı ilə vətənimə yad adamam. Bir qədər obrazlı desək, vətənimdə qürbətdəyəm. Ancaq yad adam kimi yaşamaq da olmur. 3 siyasi sistem həyatı anladığım dövrlərə düşüb. 3-ü də bir-birindən fərqlənirdi. Nə olsun, hər 3-ündə cəmiyyət, xalq, millət belə idi. Yemək, yatmaq və hərdən də vəhşi hisslərini onun-bunun üzərində tətbiq etmək. Başqalarını düşünərək yaşayan adama damğa vururlar: “”El üçün yaşayan gözsüz qalar””. Atalarımızın yalanını belimdə daşımağa məhkum olmuşam. Yalan deyiblər. Həmişə başqalarının rahat olmasını istəmişəm və bu istiqmətdə yaşamışam, bacardığım qədər də istəyimə çatmışam. Bəs niyə kor deyiləm?.. Koramsa niyə görürəm ki, Hakimiyyətdə məmurların seçimi və yerləşdirilməsi baxımından ciddi problemlər var, müxalifət insanların ümidlərindən horra bişirib qarınlarını doldurur, xalq isə ancaq çörək istəyir. Kor deyiləm. Kar deyləm. Lal deyiləm. Buraların isə bir qanunu var: İstəyirsənsə əgər bu ölkədə var olasan, gərəkdi kor olasan, lal olasan, kar olasan.
– Nöqtəli cümləni çox sevirsiniz, yoxsa nidalı? Suallı cümləni qəsdən demədim, çünki müsahibə boyu sual verəndə ağzına “su al” kimi bir yönləndirmənizlə rastlaşdım.
– )))))))))))) Nidalı cümləni. Əvvəllər suallı cümlələri də bəyənirdim. Sonra meylimi nöqtəyə saldım. İndi elə yaşda və elə başdayam ki köməyimə ancaq nida çatır. Diskussiyalardan qaçıram. Diskussiya həqiqətin ortaya çıxmasına şərait yaradır. Mənim həqiqətim isə ortadadı. Ərazisinin 20 faizi işğalda olan təhsilsiz ölkədə yaşayıram. Daha hansı həqiqəti axtarmalıyam ki…
– Həm də sus deyilən ölkədə. Sabir də yazdı bundan, Əhməd Cavad da…
– Stabil ölkədi. Ən pis sözdü “stabillik”. Stabil ölkədə insanlar yalnız şpaqata oturmuş şəkildə yaşaya bilər. Nə dala gedir, nə qabağa.((((((
– Şpaqat da iri addımdır, amma. Hər kəs otura bilməz.)))
– Əlbəttə otura bilməz. Biz unikalıq. Demişəm, xarici araşdırmaçı gəlib bizim xalqın təfəkkürünü araşdırsa “”yeni xalq”” tapıntısı ilə Nobel ala bilər.
-Yəni bu tunelin sonunda işıq görünmür?
-Tunelin özü yoxdu axı. Kimdi bizi tunelə salan. Tunel yoldu, kimdi bizə yol göstərən… Azərbaycanın Mill Konsepsiyası yoxdu. Bu yaxınlarda Milli Fəaliyyət Proqramı hazırlanıb. Artıq 5 aya yaxındı, cəmi iki dəfə toplantı keçirilib, danışıb dağılışıblar. Bizim tunelimiz Namiq Qaraçuxurlu, işığımız Aygün Kazımovadı.
– ))) Bir də “”Davay do svidaniya””
– Bütün dünya bizi tanıdı. )))))))))))((((((((((
– Ceyhun bəy, sizinlə saatlarla danışsaq mövzudan yeni mövzu yaradacaq qədər məntiqinizin olduğunu görürəm. Müəllimlərinizə etdiyiniz “”sitəmi”” mənə etməmiş sagollaşmaq fikriylə geri çəkildiyimi sanmayın. Sadəcə sualdan xoşlanmadığınız üçün sizi öz-özünüzlə sual etdiyiniz məqamın hökmünə buraxıram. Amma son sualla. O anda özünüzə hansı sualları verirsiniz?
– Cəmi bir sualın qarşısında acizəm: Niyə buralıyam? Bəzən mənə deyirlər ki, İndoneziyda, Afrikanın cəngəlliklərində də doğula bilərdin, sevin ki, burda olmusan. Yalnış məntiqdi. Sevinmirəm. Afrikalı, indoneziyalı azad olmaq barədə düşüncəyə belə malik deyil, onlar bizim qədər dərk etməyi bacarmırlar. Beyinlərinin quruluşu belədi. İnsan düşüncəsi səviyyəsində yaşamalıdı. Azərbaycanın indiki vəziyyəti mənim düşüncəmdən çox aşağıdadı. Ona enmək istəmirəm, onu da öz yanıma qaldıra bilmirəm.
-Bütün bu yanğılarınızda yenə Azərbacandan yana olmaq var. Məncə azərbaycanlı olmaq o qədər də pis deyil. Düşüncəmizi dəyişmək, yenilənmək istəyimiz var, ən azından, deyilmi?
-Azərbaycanlı olduğumla fəxr etmək istəyirəm. Ən böyük arzum budur. Ərazisi işğalda olan məkanla fəxr etməyi isə bacarmıram. Bacarmıram. Qoy mənə bacarıqsız, fərasətsiz desinlər…
– Ənənəvi gələcək zaman feilləri ilə bitən, “bir gün o da olacaq”- deməyə belə yol qoymadınız. Sonunda buradan baxdığım Azərbaycandan qorxutdunuz məni?)))…
– Adam öz doğmasından qorxmaz.
– )))Elə bu doğma kəlməsində bizi doğmalaşdıran və Azərbaycana sevginizi hiss edərək, sevdiyiniz nidali hisslə müsahibəmizə nida qoyum. Təşəkkür edirəm!
– Edin də…
Söhbətləşdi : TÜNZALƏ VƏLİQIZI“