Demokratiya olan yerdə
Azərbaycan torpaqlarının 20 % – i işğal altındadır ki, bu təxminən 17.32 min kv.km edir. Bu isə öz növbəsində Niderlandın ərazisinin təxminən yarısından bir qədər az ərazi deməkdir. Niderlandın ümumi ərazisi 41.526 min kv.km.dir. Bu ərazinin hardasa 20 % – dən artığı dolma (su olan hissəni torpaqla doldurub yaşamaq üçün ərazi ediblər- V.A.) torpaqlardır. Mən də hazırda həmın dolma torpağın üstündə yazıram bu yazını. Bunları sözgəlişi dedim ki, bir daha torpaqlarımızın işğalda olduğunu bilək və xatırlayaq. Biz isə deyəsən artıq buna öyrəşirik. Başqaları bizdən fərqli olaraq dənizi qurudub ölkəsini genişləndirdiyi halda…
İkinci dünya müharibəsində Niderland da çox ziyan çəkib. Təkcə Rotterdam şəhərinin tamamilə yerlə yeksan olunmasını demək, kifayət edər məncə. Bu azmış kimi 1953 – cü ildə Zeyland (Zeeland) bölğəsinin böyük bir hissəsi dənizin, suyun altında qaldı ki, bunun da nəticəsində 1800 nəfər dünyasını dəyişdi və 100 000 – dən artıq insan evini itirdi. Anlaşıdığı kimi, Niderlandın iqtisadiyyatına da milyardlarla ziyan dəydi həmin vaxt. Ancaq bütün bunlar bu ölkəni çökdürmədi. Tam əksinə, Niderland və niderlandlılar özlərində güc tapıb yenidən ayağa qalxmağı və dəymiş ziyanı aradan qaldırmağı bacardılar. Bu ölkə aclıq, evsizlik nə olduğunu unudub. Həm də indi yox, bir neçə on illər öncədən. Bu qədər kiçik bir ərazidə bütün insanlara çatacaq qədər evlər tikilib, yollar salınıb və.s. Təkcə velosiped yolu 30 000 km – ə yaxındır. Bura eləcə də kənd təssərrüfatı ölkəsi kimi də tanınır…
Məqsədim sizi rəqəmlərlə, bu kimi məlumatlarla yormaq deyil. Mənə də maraqlıdır ki, necə yerləşdirlər bütün bunları belə balaca bir əraziyə? Necə nail olurlar bunlara? Tanıdığım sadə niderlandlılardan, ünsiyyətdə olduğum siyasət adamlarından soruşdum bu suallrın cavabını. Cavab bir oldu: demokratiya. Bunlar deyirlər ki, əgər bir ölkədə şəffaflıq, demokratiya varsa, həmin ölkə mütləq inkişaf edəcək. Çünki istər parlamentdə əyləşənlər, istərsədə bələdiyyə üzvləri növbəti seçkilərdə yenə də seçicilərə, xalqa üz tutacaqlarını yaxşı bilirlər. Onlar bilirlər ki, xalqın səsini almadan oralarda əyləşə bilməzlər. Onun üçün də xalqa xidmət etməyə çalışırlar. Zatən oralara seçilməkdə məqsədləri xalqa xidmət etməkdir, pul yığmaq yox. Yaşadığım ərazinin yüksək vəzifə adamlarından birinə söhbətimiz vaxtı gözlənilmədən: “Biri sizə rüşvət təklif etsə, nə edərsiz?”- deyə soruşdum. Adam özünü itirdi. “Bu mümükün deyil” – dedi. Həqiqətən də burda rüşvət alıb – vermək mümkün deyil.
İki övladım burda orta məktəbdə təhsil alır. Buranın da özünün müəllimlər günü var. Təbii ki, bizdəkindən fərqlidir. Uşaqlara deyirlər ki, hədiyyə lazım deyil. Almaq istəyənlərə isə tapşırırlar ki, gətirdikləri hədiyyə 5 Avrodan baha olmasın və aldığı hədiyyənin mağazadan verilmiş çekini də məktəbə təqdim etsin. Sonradan bütün uşaqlar həmın məbləği geri alırlar, məktəb geri ödəyir o pulları. Daha bizdəki kimi müəllimlərlə valideyinlərin görüşünə qadağa qoyulmur. Biz özümüz rüşvət verib-almağa meyilli millətik. Mənim qızım Bakıdakı məktəblərin birində oxuyanda, müəlliməsi rüşvət – filan istəmirdi. Hər dəfə valideyinlər özləri pul yığırdılar müəllimə üçün, “ayıbdır”deyə. “Axı müəllimə rüşvət verməyimizin özü ayıbdır” – deyirdim. Anacaq onların düşüncəsinə görə pul verəyən valideynin uşağına aşağı qiymət verəcəkmiş müəllim. İnsafla danışsaq, müəllimə elə deyildi. Məktəblərimiz belədirsə, başqa sahələrdən danışmağa dəymir. Hər şey məktəbdən başlayır. Uşaqlar da rüşvət alıb verməyi də məktəbdən öyrənirlər.
Təbii ki, bu tək məktəblə yekunlaşmır. Hər sahədə beləyik. Özümüz rüşvət veririk, sonra deyirik ki, bizdən rüşvət aldılar. Ancaq bir şey də var ki, bizi belə öyrədiblər. Əksər halda rüşvət verməsən, işini düzəldə bilmirsən. Heç bir idarəni, nazirliyi rüşvətsiz təsəvvür etmək olmur. Rüşvəti alan özləri, tutulan isə bunları yazan jurnalistlər, buna etiraz edən insanlar. Şor yağdan baha olub bizim bazarlarda…
Vüqar Abbasov
Niderland.