Afaq ŞIXLI: SEVGI – ELƏ MÖCÜZƏDİR!


Bəzən özümdən soruşuram: “İndiki zamanda bizi nəylə təəccübləndirmək mümkündür, görəsən?”
Bu sualın ardınca gəncliyim yadıma düşür; oxuduğumuz romanlar, izlədiyimiz filmlər… Günlərlə, “20 000 lye su altında” əsərininin təsirindən çıxa bilmədiyimi xatırlayıram. “Balaca şəhzadə”ni oxuyarkən xəyallar aləminə dalmağım, səmanı seyr edərək qəribə hisslərə qapılmağım da yadımdadır. E. Mahmudovun “Ulduzlar yolumuzu gözləyir”ini sinifdə necə də həvəslə müzakirə edirdik… Hələ Ayzek Əzimovun, Rey Bredberinin əsərləri…

Və sonra, indiki gənclərin oxuduğu kitabları və izlədiyi filmləri düşünürəm.

…Bəzən adrenalin sıçrayışları insanın həyatına rəng qatması üçün, onu maraqlı etməsi üçün gərəkli olur. Bundan ötrü, bəziləri ayaqlarına kəndir bağlayıb özlərini uca körpülərdən atırlar, bəziləri qəribə səyahətlərə – vəhşi heyvanlarla dolu çöllərə üz tuturlar… Lakin, dünyanın müsibətli sonu, ulduz müharibələri və s… kimi qorxulu, dəhşətli 3D, 4D filmlərinin artıq izlənmiş olduğu, hər cür ağlasığmayacaq kitabların yazıldığı və onların klassik əsərlərdən dəfələrlə populyar olduğu bir dövrdə, bu sual yenə də meydana çıxır: “Bizi nəylə təəccübləndirmək olar? Müasir insana nə ilə təsir etmək mümkündür?” Ümidsizcə “heç nə ilə” demək istədiyimiz anda, həyat özü bizi təəcübləndirir…
SEVGI - ELƏ MÖCÜZƏDİR!
Günlərin bir günü, sevdiyim yazar və rəfiqəm Nisbəyim xanım mənə “ONLİNE” adlı bir roman göndərir, mövzusu mənim ixtisasıma yaxın olduğu üçün oxuyub fikrimi bildirməyimi istəyir. Əsərin başlığına baxıram ilk öncə – “Online” Fantastik roman. Bunlar məndə maraq yaradır, amma səfərim də var. Romanı özümlə götürürəm. Türkiyənin “18 Mart” universitetində təşkil olunmuş “Azərbaycandan Kosovaya! Türkiyə dışında müasir türk ədəbiyyatı” konfransında çıxış edirəm və İstambula dönüşümdə bütün yol boyu bu əsəri oxuyuram… Su kimi axıcı, gözlənilməzliklərlə dolu və hər kəsi, amma hər kəsi həyəcandan-həyəcana salacaq bu romanı göz qırpımında oxuyub bitirirəm və necə olursa, hər abzası əzbər söyləyə biləcəyim qədər yaddaşıma həkk olur…

Azərbaycan ədəbiyyatında elmi-fantastik janr elə də cox yayılmamışdır. Bu janra müraciət edən yazarın geniş xəyal dünyası, fizika, astrologiya, təbabət və s… sahələrdə dərin biliyi və məlumatı olmalıdır. XX əsrin 50-60-cı illərində fantastikaya müraciət edən Emin Mahmudovun, Namiq bəyin bəzi əsərləri orta və yaşlı nəslin yadından hələ də çıxmayıb. Hətta bir neçə il öncə riyaziyyatçı alim və uşaq yazarı Reyhan Yusifqızı Şixlinskayanın “Yaşıl gözlü qız” povesti də böyük diqqət cəlb etmişdi. O, Ankaradakı ədəbi yarışmada 3-cü yeri tutmuş və Azərbaycanda orta məktəb dərsliyinə sinifdən xaric oxu kimi daxil olmuşdur.

Lakin elmi fantastikanı və ölməz ülvi məhəbbəti qoşalaşdıran qəlblərin dərinliyinə sirayət edəcək bir əsər Azərbaycanda və hətta deyərdim ki, dünya miqyasında yazlmamışdı, elə bir əsər ki, göz yaşlarsız oxumaq mümkün deyil. “Online” məhz belə bir əsər oldu!

Əslində məhəbbət – insanlığın ən böyük möcüzələrindən biridir və bəzi “ürək” sahibləri onu yox bilir, fantaziya hesab edirlər. Bu baxımdan, Nisəbəyim xanım fantastika ilə məhəbbət mövzusunu birləşdirməkdə qətiyyən yanılmamışdır.

İlk öncə deməliyəm ki, Nisəbəyim xanım öz romanında dostlarına sürpriz hazırlamışdır. Əsərdəki surətlər – onun dostları, əzizləri və, ümumiyyətlə, həyatda tanıdığı adamlardır. Romanın baş qəhrəmanlarından biri olan doktor Arzunun soyadının Şıxlı olduğunu biləndə içimi qəribə bir duyğu bürüdü. Boynuma alıram ki, oxuduqca, müəllifin böyük məhəbbətlə yaratdığı bu obrazda özümün müəyyən keyfiyyətlərimi görmək (həkim olması, piano çalması, tərcümə işini sevməsi və s…) məndə çox xoş hisslər oyatdı.

Hüqo Şteynhausun qəribə bir fikrini xatırlayıram: “Yazarlar görəndə ki, həyat – bərbad romanlara bənzəyir, fantaziyalarını işə saldılar”.

Tom Klensi isə belə yazırdı: “Reallıqla roman arasındakı fərq odur ki, romanlarda məna vardır”.

Əsərin başlığındakı fantastika sözü tez bir zamanda yaddan çıxır… Möcüzələr çox sadə şəkildə günümüzün real problemləri içərisində həll olunur və sən, oxuduğunun fantastik əsər olduğunu tamamilə unudursan. Olması mümkün olmayanlar olarlara elə ustalıqla qatılır ki, sanki bu cür də olmalıymış… Hadisələrin inkişaf tərzi də çox gözəldir. Hər şey ən asan, amma, eyni zamanda, ən ağlagəlməz tərzdə baş verir.

Əsərdə hadisələrin birinci şəxsin – Arzunun dilindən verilməsi, Eminin yazdığı məktublar yazıçıya imkan verir ki, qəhrəmanlarının həyəcanlarını, duyğularını dərin və canlı təsvirlərlə ifadə edə bilsin. Biz, obrazların keçirdikləri hisslərlə birgə bir zamandan digərinə keçirik.

Çox vaxt, dostlarım məni “şair ürəkli həkim” adlandırırlar. Mənsə Nisəbəyim xanıma “həkim ürəkli yazar” deyərdim. Onun, təbabətə, həkimlərə olan sevgisi hiss olunacaq dərəcədə aydın və qabarıqdır. Əsərdəki elmi dialoqlar, mübahisələr və tibbi terminlər də müəllifin istedadlı və bu sahədə yazmağa hazırlıqlı olmasından xəbər verir. Və qeyd edim ki, bu əsər Nisəbəyim xanımın təbabət qatqılı ilk əsəri deyil. Yazar bir neçə dəfə bu mövzuya müraciət etmişdir ki, bu da onun ruhən təbib olmasına dəlalət edir.

Romanda mistika ilə reallıq, fantastika ilə elm bir-birini tamamlayır. Bəlkə, əsərin cazibadarlığının sirri məhz bundadır. Müəllif elmin, tərəqqinin insanların iradəsindən asılı olduğunu dönə-dönə önə çəkir.

Akademik Məlikovun simasında Azərbaycan elmi üçün, insanlıq naminə fədakarlıqla çalışan milli koloritli, zəhmətkeş, daxilən güclü bir alim obrazını bizə təqdim edir. Onun tələbələrinə qayğıkeş münasibətini, mehribanlığını, istedadlı gənclərə olan təəssübkeşliyini örnək olaraq üzə çıxardır.

Əsərin qəhrəmanı Arzu Şıxlı – savadlı, hərtərəfli biliyə malik, hissiyyatlı və təmiz mənəviyyatlı bir qızdır. Onun sevgisi də, təbabət sahəsindəki nailiyyətləri də hər bir müasir Azərbaycan qızına nümunə ola biləcək qədər mükəmməldir.

Nisəbəyim xanım, bir gənc qızın qəlbinin təlatümlərini elə qadir bir ustalıqla təsvir etmişdir ki, buna yalnız afərin demək olar:

“…Sakitlik idi. Payızın belə sakit günlərini çox sevirdim. Saatlarla ağaclara, rəngarəng yarpaqlara, payız çiçəklərinin qeyri-adi gözəlliyinə baxmaqdan doymurdum. Qəlbim anlaya bilmədiyim duyğularla dolurdu. Bəzən payızın səsini eşidirdim. İçimdə payızın notlarını çalırdım. Burda fortopianom yox idi. Onu çalmağın həsrətini çəkirdim. Ürəyim dolub –boşalırdı. Evə gedib anamı zorla razı saldım ki, dənizin sahilinə gedək. Ruhum heç yerə sığmırdı. Çox darıxırdım.
Emin üçün,qoyub gəldiyim zaman üçün, özüm üçün, daha bilmirəm nələr üçün çatlayacaq qədər darıxırdım. Nə qədər çox sevsəm də, içimdəki boşluğu anam da doldura bilmirdi. Naməlum bir duyğu, bir yol məni güclü bir cazibə ilə Eminə sarı çəkirdi…”

Emin obrazı da çox böyük məhəbbətlə yaradılmışdır. Yazıçı vicdanlı, humanist, sədaqətli, sevgini ülviyyətə ucalda biləcək bir insanın surətini təsvir etmişdir. Aradan ötən illər, nagümanlıqlar və boşluqlar Eminin qəlbindəki sevgi ocağını söndürə bilməmiş, əksinə, daha da gücləndirmişdir. Oxucu üçün bir an kimi, ayrı düşən sevgililər üçün isə qərinəyə bərabər keçən bu 20 ildə mükəmməl bir şəxsiyyət kimi formalaşan insan surəti görürük. Emin – məhz sevginin yaratdığı insandır. Nisəbəyim xanım, “sevirəm” dedikləri qadın yanlarında ola-ola xəyanətkarlıq və yalan kimi alçaq hisslərə qapılan kişilərin qarşısına Emini çıxarır və dəyanət mücəssəməsi olan bu obrazla onlara sanki meydan oxuyur.

Məncə, əsərin sevgi xəttini diqqətlə izləyən hər bir gənc qız, qismətinə yalnız belə bir oğlanın çıxmasını arzulayar:
“…mənə elə gəlir ki,sən hardansa mənə baxırsan, məni görürsən. Sən məni xilas eləmək üçün çırpınırsan. Amma əlində deyil, sən də sanki dustaqsan hardasa… sən də əzab çəkirsən. Mən bu əzabı duyduğum üçün toparlana bilmirəm. Sən əgər bilsəydin, neçə dəfələrlə intihar eləmək istəmişəm. Son anda yenə sən məni xilas etmisən.Fikrimə gəlib ki, birdən gələrsən, məni tapmazsan. O zaman sənin halın necə olar?Hara gedərsən?Kimə gedərsən?Axı, bu dünyada məndən başqa heç kəsə gedə bilmirsən. Heç kəs səni görə bilməz, tanımaz… buna görə fikrimdən daşınmışam. Məchulluq məni öldürür. Əgər bilsəydim ki, özümə qəsd eləməklə səni tapacağam, bunu bir an düşünmədən edərdim. Amma bilmək mümkün deyil… əmin deyiləm… heç əmin deyiləm… Heç cürə alışa bilmirəm yoxluğuna. Son görüşümüzdə dediklərini xatırlayıram tez-tez. Demişdin axı, “Yadında saxla, əgər bir gün mən yanında olmayacamsa, sənə gələ bilməyəcəmsə, bu –o deməkdir ki, gəlmək üçün heç bir yol, heç bir imkan yoxdur. Harda olmağımdan asılı olmayaraq ruhum yanında olacaq, səni əbədi olaraq sevəcəyimə əmin ol! Buna heç vaxt şübhə eləmə!” Mən də bunu hər zaman yadımda saxladım və səni gözlədim…”

Əsərin qəhrəmanlarından biri olan Solmaz müəllimə də çox maraqla və hörmətlə qələmə alınmışdır. O, qəlbimizdə və ruhumuzda daşıdığımız fədakar Ana obrazıdır. Gəncliyindən qara saçını ağ hörüb min bir əziyyətlə, məşəqqətlə övladlarını cəmiyyət üçün sağlam ruhlu, vətənpərvər, layiqli vətəndaş kimi böyüdən bu ana, həqiqətən də, böyük sevgiyə layiqdir.

Mən “Online”-a Nisəvbəyim xanımın böyük uğuru deyirəm! Romandakı həsrət-vüsal təzadları, mənfi və müsbət surətlər o qədər gücli və canlı təsvir edilmişdir ki, bütün bunların real həyat olmadığına inanmırsan. Obrazların mənəvi zənginlikləri, geniş dünyagörüşü, yüksək əxlaqi keyfiyyətlərə malik olması gəncliyə olan inamı artırır. Qəhrəmanlar canlı insanlar kimi həyatımıza daxil olurlar; onlarla bərabər həyəcan keçirir, onlardan ötrü darıxırsan.

Əsər nə qədər müasir olsa da , texnologiya əsri ilə həmahəng səslənsə də, mövzunun daxili qatında dərin millilik, ənənəvilik, kökdən gələn psixoloji kolorit vardır. Dövrdən asılı olmayaraq, insanın varlığı milli kökə bağlıdır.

Əminəm ki, hər hansı bir amerikan kinosenaristinin və ya rejissorun əlinə belə maraqlı material düşsəydi, gözü həyatın hər üzünü görmüş müasir insanın ürəyini belə riqqətə gətirəcək bir film çəkərdi və bu film rekordlar qıracaq qədər pul qazandırardı – həm rejissora, həm də müəllifə. Biz isə Azərbaycandayıq və heç olmasa bununla kifayətlənək ki, istedadlı yazarımızın qəlbinin bütün hərarətilə yazdığı bu romanı axtaraq, alaq və oxuyaq!

Lord Sesil, dövrünün tanınmış yazıçısı Dikkens haqqında belə bir fikir söyləmişdi: “Dikkensin yaratdığı dünyanın həyata bənzəməməsi mühüm deyil; mühüm olan onun canlı olmasıdır”.

Nisəbəyim xanımın yaratdığı əsər haqqında isə mən belə deyərdim: “Nisəbəyim xanımın özünün bu romanında yaratdığı dünya – əsil həyatdır – canlı həyat! Elə bir həyat ki, orada, hər zaman ehtiyacında olduğumuz möcüzə vardır. Əslində, sevgi olan yerdə bu belə də olmalıdı…, çünki SEVGIDƏ HƏYAT DA, SEHIR DƏ VARDIR!”

İnsanlar hansı zamanda yaşayır yaşasınlar, ülvi və əbədi məhəbbət mövzusu həmişə yeni olaraq qalacaq və bizi təəccübləndirməkdə davam edəcək!

Moskva


Bir cavab yazın