“Dilənçi mövzular”” Və ya “dərdini yaz”- deyir, İlqar Kamil!”


Ay İlqar Kamil! Həyatım bəzən interneti itib söhbətimi yarıda kəsən “Skype” kimi hər istəyimi yarıda qoyur. Pessimist deyiləm, hətta optimist olmağa səbəbim varkən, bu yenə tam olmur. Yazı yazıb içimi tökmək istəmirəm. Çünki hər şey bir görüntüyə hesablanıb indi. Kimə yazım? Bir çoxu seçilib ayrılmış kimi fərqliliyindən yazır, danışır, lakin iradı öz boyuna biçili.

Sizinlə danışdıqca neçə mövzular oyandı beynimdə. Qapıma gələn dilənçini qovduğum kimi qovdum o mövzuları. İstənməyən qonaq tək üzümü turşutdum düşüncəmin astanasında dayanan o mövzulara.
Bax, ədəbiyyatın priyomlarından biri-epistolyar üslubla bir sırada dayanan-birinə xitabən yazılan “kino içində kino”ya hesablı, iki oyundan birini bizə reallıq kimi göstərənlərin oyun-üslubundan faydalanmağı düşünmədən yazıram, Sizə. Mənə “etirazlarını, ehtiraslarını yazıya tök”- deyirsiniz, İlqar Kamil! Yazdıqlarım etirazımdan doğan ehtirasımı (ehtiras təkcə şəhvət deyil) söndürəcək gücdə olarsa…

Mənim etirazlarım qapıma gələn dilənçi kimidir. Məndən sədəqə istər. Bizim siyasi axsaqlığımız (“siyasi uğurumuz”- deyilən yerdə 20 faiz torpağımızdan, 20 il ömrümüzdən, 20 minlərlə insanımızdan kəsilib-red-müəl.) məişət qayğılarımızın yükünə yük əlavə edib çəkə bilib bilməyəcəyimizi sınayan kimi, o dilənçi mövzular da sanki yaza bilib -bilməyəcəyimi sınayır. Bəzən dilənçi mövzulara yol vermək mənə prezidentin xalqına, deputatın seçicisinə mədə-mənəviyyat doyurmayacaq bol söz vədi verməsi kimi gəlir. Ona görə sözü dağ edilmiş yağ edib oxucunun qulağına tökənlərə qoşulub yazmaq istəmirəm.

Dahilərdən, dühalardan sitat gətirən biri kimi “Zərdabi deyirdi ki, su bir daşın üzrərinə töküldükcə mürur zaman keçəndən sonra onu əridər”-deyib, “sən də yaz heç olmazsa biri həmrəy olacaq”-deyirsiniz.

Həmrəylik də, birlik də, hətta evin sirri evdə qalar deyib təəssübkeşliklə mərhəm olanları qorumaq da daha ictimai bəla olubsa, saxtalar saxtalıqlarını ustalıqla oynadığından orijinallarını unudublarsa… deyirsiniz, mən yazdığımın xeyri olacaq?

Mən yazsam ki, siyasətlər toqquşanda onun cəfasını onunla məşğul olmayan insanlara çəkdirirlər…

Mən yazsam ki, hesablar qarışanda xilas üçün doğru oğruya sığınmağa məcbur buraxılıb…

Mən yazsam ki, birbaşa efirdə belə Putinin xalqı ilə dialoqu xalqın probleminin həllinə deyil, Putinə xal qazandırmağa yönəlib…

Mən yazsam ki, əxlaqsızlığımızn rəsmi etiraf olunmasını “görünən göy bələdçi istəməz” fikrinə söykənən Siyavuş Novruzov ömründə ilk dəfə “dəlidən doğru xəbər” effekli təklifiylə onsuzda real olanı qanunla möhürlətmək üçün edir…

Mən yazsam ki, yazanların –yananların bir çoxu özgə yasında öz ölüsünə ağlayanlar kimi özünə “gün ağlamaqdan” (göz yaşı tökmək yox, gününü ag etmək üçün olan “ağlamaqdan”-red.müəl. ) ötəri yazır…

Mən yazsam ki…

Mən yazsam beynimi gəmirən bu saysız- hesabsız, ac-yalavac, dilənçi mövzuların problemi çözüləcəkmi?

İlqar Kamil, “başqalarını yox, özünü sakitləşdirmək üçün yaz!”- deyirsiniz. Hətta özüm sakit olaramsa bu ruh halımın başqalarında inikası da eyni olar, deyilmi?!

Olmur amma. Bir əsgər orduda intihara məcbur ediləndə, evinə çörək pulu göndərməkdən ötrü düzlərə düşən, onun haqqında yazdığım yazını bir vaxtlar saytına qoymayıb, “Azərbaycan qadınını Rusiya bazarlarında (son 10 ildə yaşamağa məhkum olduğum yer bura olduğu üçün buranı misal çəkirəm-red.müəl.) göyərti satan obrazında təsvirin ayıblığını” səbəb göstərəndə, Türkiyədə bir aylıq qeydiyyat müddəti bitdikdən sonra Rusiya sərhəddini keçmək zorunda qalan, vağzallarda əsir-yesir insanımızı görəndə… daha yazmadığım nələri müşahidə edəndə etirazım ehtirasıma su səpə bilmir, İlqar Kamil!

O üzdən bəzən qapımda dayanan hər dürlü dərdi, rəngi, çaları olan –tragikomik hallı-əhvallı dilənçi mövzulara, onun sahiblərinə qarşı amansız olan cəmiyyət kimi mərhəmətsiz oluram. Dilənçi mövzulara yalançı vədlər verməyəcək qədər qəddaram.

Bax, bu üzdən yazammıram, İlqar Kamil!

Tünzalə Vəliqızı
25 aprel 2013-cü il.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir