SAYĞI DURUŞUNDA DUR!


Bu gün 2783 də daxil olmaqla 30 il + bundan əvvəl başlayan Vətən Müharibəsində savaşanların xatirəsinə hörmət əlaməti olaraq eyni anda durduq, susduq. Sükutu dilləndirən Onlar danışdı.

Harda bir Şəhid anası görsəniz, durun!

Harada bir Şəhid atası görsəniz qarşısında baş əyin!

Harada bir Şəhid övladı görsəniz əlindən tutun!

Damında, pəncərəsində Bayraq asılan bir ev, koma görsəniz bilin ki, Pirdir, Səcdəgahdır! Qapısından ayaqyalın girib, arxanızı çevirmədən çıxın o Pirlərdən, Ocaqlardan, Səcdəgahlardan, Qibləgahlardan.

Çünki üstündə durduğun, ayağını möhkəm basdığın torpağın məhvəri onların çiynindədir! İncitməyin o yerləri, o yolları, o izləri. Düşmənə əyilməyənlər qapısından, evindən, komasından asılan o bayraq qarşısında əyildilər. O bayrağı öpdülər-Ana əli kimi. Gözləri üstünə qoydular ləziz nemət-çörək kimi.

Biri ayağını qoydu, biri qolunu, biri başını, biri canını. Hər biri bir bədən üzvünü qoyub bütövləşdirdiyi torpağı VƏTƏN etdi.

Babalardan aldığı bütünün, yağılar tərəfindən yağmalanıb yarımcan edilən yarımın xilası qan bahasına can bazarında bütövləndi.

Sindrom, kompleks, fobiya, depressiya, ümidzlik, natamamlıq- yaşadığımız, yox, yox bizə buxov, zəncir, kəndir olub əl-ayağımızı bağlayan o aşağılıq hissinin üstündən qanlarıyla qırmızı xətt çəkdilər!

Bizim qırımızı xəttimiz -Şəhid qanıyla çəkilən sərhədlər…

Bizim qırmızı xəttimiz -Şəhid canıyla əkilən səngərlər…

Harda bir Əsgər görsən dur! Dövrün, dövranın hakimi Onlardır!

Tanka daş, pəncərəyə top, ağacdakı quşlara raqatqa atan uşaqların itmiş gəncliyi mirvari olub bir təsbehə düzüldü. Min bir adı ilə xatırlanan Yaradanla bərabər onun məqamına yetişən Şəhidlik yolu keçənlər üçün bu gün Azərbaycan olaraq biz də düzüldük. Salam Vermək, Salam Almaq üçün!

Qalxın! Durun! Susun! Və…

Çalınan Zənglər onlar üçündür!

Şəklini divardan as, sinəndən as! Diləyini yerinə yetirib, yuxuları çin, inanılmaz bildiyini inanılan edən Ondan böyük möcüzə nə ola bilər ki!?

Nə desən, nə yazsan tərifini tərif edə bilməz! Oxşatmaya, bənzətməyə Ölçü Odur, Meyar Odur!

Qalx! Üzünün salavatı Olan Şəhid, Əsgər görəndə səcdəyə dur!

Mübarək Salavat çək onun üçün. Mübarək salavat çək ki, üzündəki xəcaləti silib səni aydınlandıran qarşısında borcunu unutmayasan!

Dur! Bu gün üçün, gələcək üçün, hər gün üçün, onun qarşısında müntəzir, sayğı duruşunda dur!

Tünzalə Vəliqızı,
Moskva
04.12.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir