SSRİ-dən “gələn səslər”


SSRİ-dən “gələn səslər”

Aşağıda oxuyacağınız yazılar bu gün sadəcə gülüş doğuracaq parçalardır. Amma 20-25 il əvvəl həmin yazıların müəllifləri böyük dövlətin ən yüksək məqamlarına—partiya, parlament rəhbərliyinə üz tutub dərdlərinə dərman axtarırdılar. Orada məmur, mirzə, tərcüməçi kimi işləyən bizim vəzifəmiz məktubu yüksək instansiyada başa düşülən dilə çevirib uzun-uzadı istəyin məğzini qərar verəcək vəzifəli şəxslərə çatdırmaqdan ibarət idi. İndi müstəqil olan dövlətimizin Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan vətəndaşları bu məktub müəlliflərinin mərkəzə necə ümidlə baxdıqlarını az da olsa müşahidə edəcəklər.

..Müəlliflərin heç birini şəxsən tanımıram. Lakin bir şox zərfin üstündəki ünvanı oxuyub axıra çatmamış yazanın kimliyini, nə üçün müraciət etdiyini başa düşürəm, yada salıram. Yəqin başa düşdünüz ki, söhbət təkrar ərizələrdən gedir. Eyni müəllifin haqlı tələbi ikinci, üçüncü dəfə müraciətini görəndə qəribə hisslər keçirirəm. Çünki bu, hələ qırılmamış, amma möhkəmliyi sarsılmış ümidin səsidir:-Axı, sizə bel bağlamışdıq,-deyənlərin şübhə və çaşqınlıq qarışıq intizarıdır. Çox vaxt müraciət etdikləri orqanları təqsirləndirməzdən əvvəl rabitə bölmələrini qınayır, söhbətə giley-güzarla başlayırlar: yəqin poçt işçil’rinin təqsiri üzündən məktubum sizə çatmayıb, yoxsa bu vaxta qədər mənim problemim həll olmuşdu.

Məktublara vaxtında, səriştəli cavab verilib-verilməməsi ayrı mövzudur. Indi məqsəd haqsızlıqla rastlaşan bacı-qardaşlarımızın qələm alıb “yuxarı” yazması, nəyin bahasına olursa-olsun, “işə təzədən baxılmasını”, “müdirin işdən çıxarılmasını” və s. tələb etməsi barəsində, daha dəqiq desək, bu zaman qarşıya çıxan ciddi və gülməli hallarl haqqındadır.

Heç bir şərhə yol vermədən sitatları gözdən keçirmənizi istərdim. Sadəcə olaraq onu qeyd etməliyəm ki, bəzi bariz təhrifləri və mətbuata gətirilməsi mümkün olmayan sözləri çıxarmaqla orijinalın dili saxlanmış, rusca yazmaq istəyənlərin qrammatikasına toxunulmamışdır.Tamamilə anlaşılmayan məqamlardan başqa müəllif istəklərinə izahat verilmir.

Bir də oxuculardan acizanə xahişim var. Məktub müəlliflərini qınamayın, onlara yuxarıdan aşağı, istehza vəya rişxəndlə baxmayın. “Mən özüm bu vəziyyətdə olsam nə edərdim” sualına cavab tapsanız kifayətdir.

Müəlliflərin əksəriyyətinin adı, bəzi zərərsiz istisnalardan başqa, göstərilmir
Giriş məqaləsindən sonra məktublardan sətirlər “SSRİ-dən gələn səslər” başlığı ilə hissə-hissə veriləcəkdir.

Hörmətlə: (sabiq) SSRİ Ali Soveti Rəyasət Heyəti Katibliyinin Nəşr şöbəsinin əməkdaşı Cəfər Sadıq

“Прошу помогите меня”

“Yoldaş Qarbaçov!”

“Mənim sizinlə sosialist yenidənqurması haqqında məxfi söhbətim var. Mən kulubda işləməyimə baxmayaraq Sizinlə görüş növbəsində dayanmağa o qədər də imkanım yoxdur. Odur ki, xahiş edirəm görüş vaxtı təyin edib mənə xəbərdarlıq edəsiniz ki, mən də gəlim Sizinlə görüşüm””.
Laçın rayonu, Farrac kəndi, Rəhimov Barat”.

“Sovet İttifaqının ağır və istisadi böhranı ilə əlaqədar olaraq mən də öz siyasi və iqtisadi böhran vəziyyətimi aşağıdakılardan ibarət bildirirəm””.

“”Mən kimsəsiz və vahid bir adamam”.

“El adəti üzrə ərə getmişəm. Ərim məni Bakı şəhərində kvartirant olduğu evdə qoyub qaçıb. 1962-cı ildə oğlum olub. Atası… qaçıb gizlənib” (Zərdab)

“Atluxanın oğul və gəlinlərinin dişi və üzükləri qızıldır. Atluxan mərhumun qan bahasına arvadına 2 min manat pul verib. Həmin pula 15 ədəd qızıl diş saldırıb”.

“(….) oğlanları üçün 2 mərtəbəli üstü ağ dəmirlə örtülü ev tikdirib.

“Xahiş edirik idarə müdirlərini, rayon-şəhər katiblərini də böyük rus xalqından qoyasınız, bəlkə alımın qarşısı alına, çünki böyüklər balacalardan, ondan balacalar da fəhlələrdən alırlar. Adi fəhlə girmək üçün 100-200 manatdır, ispisannı maşın 1000 manat, təzə maşın 5000 manat ”.

“Berlin 11 ay mühasirədə qaldı, axırda Kremli qələbə çaldı. (İndi) qalmışıq Malış südü əmənlərin əlində…”

(ardı var)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir