TARİXDƏN GƏLƏN BİR SƏS, BƏLKƏ DƏ HARAY…


TARİXDƏN GƏLƏN BİR SƏS, BƏLKƏ DƏ HARAY...

Milli qüsurlara görə millətə nifrət edən alçaqdır…
Y.V.Çəmənzəminli (1887-1943)

Böyüklüyünə ümid yaradılmamış kiçikliyinə gülməklə
insanı düzəltmək olmaz.
Xudu Məmmədov(1927-1988)

Yusif Vəzir Çəmənzəminli bir söhbətində Cəlil Məmmədquluzadəyə gileylənir ki, Mirzə, bəsdi bu milləti söydünüz; avam, nadan hesab etdiniz. Sənin təsvir etdiyin novruzəlilərin avropa mədəniyyətindən geri qalmayan yüksək mədəniyyətləri var, nə olar savadsız olanda?! Xalqın təbii mədəniyyəti çox yüksəkdir. Fikir vermisənmi azərbaycanlı, kəndi at üstündə keçməz. Yad yer osa da kəndə çatanda atı yedəyinə alar ki, birdən qabağıma Ana və ya ağsaqqal çıxar, onlara yuxarıdan aşağı baxmalı olaram. Bu da bizim millətin xüsusiyyətidir! Gəl bir az da onun yaxşı cəhətlərindən yazaq.


Əslində bu söhbət olduqca ibrətamizdir, mövzusu başdan ayağa öz xalqını xor görən zehniyyətə savaş açan bir münəvvər aydın baxışıdır. Yəni burada Yusif Vəzir çox incə məqama toxunur: Xalqa yuxarıdan aşağı deyil, AŞAĞIDAN YUXARI baxmaq, onun qüsurlarını aradan qaldırmaq istəyir. Əslində qüsur elmlə, maariflə aradan qaldırılanda qüsur olmaqdan çıxır. Bax, bunu bacarmaq lazım, yoxsa hər zaman qüsurlara satirik, ironik, sarkazmla yanaşmaq əsla çıxış yolu deyildir.

Rəhmətlik Xudu Məmmədov deyirdi ki, “Xalq öz dilində ağlar. Onunla danışmaq istəsən onun dilini öyrən, ona dil öyrətmə.” Həm də anla. Bunu adını ziyalı qoyub bir iki termin əzbərləyib qıcqırmış “savadını” millətin gözünə soxmaq istəyənlərin üzünə çırpmaq lazım…

Yusif Vəzirin məntiqi ədəbiyyatımızda, ictimai fikir tariximizdə yaralara duz basmaq adətkarlığının tam əksinə, məlhəm qoymaq adına olduqca ali bir məziyyətdir. Toplumsal olaraq yüz il öncə hamı Yusif Vəzir düşüncəsinə sarılsaydı qələmlərdən ironiya, satira, sarkazm qarışıq kir yerinə qaranlıqları aydınladan nur axardı hər halda. Yəni qüsurlara gülmək heç də çıxış yolu deyil, həm də heç!

Sabir, Axundov, Mirzə Cəlil öz dövrünün cəhalətini qamçılayırdılar, üslubları mübahisə edilə bilər. Onsuzda Yusif Vəzir Mirzə Cəlilə “bəsdir ata minib yuxarıdan baxdın millətə, eqoist olma düş, en xalqın səviyyəsinə, onun dilində ağla, anlat, novruzəlilərə təkcə lağ eləmə, hərf öyrət!” və s. bəyanını çox açıq və kibar bir şəkildə dillə gətirir. Ziyalılıq bu olmalı. Bunun – Snellmanın Finlandiya üçün yaratdığı gözəl intibah nümunəsi var, bataqlığı cənnətə “ağ zambaqlar ölkəsinə” çevirən Snellman. Heç olmasa Fin aydınlarının öz ölkəsi üçün yapdıqlarını, xilas yolunu modelləsək bu günümüzə. Sabir də, Mirzə Cəlil də öz dövrünün cəhalətinə ayna tutublar qorxmadan, çəkinmədən və ölüm təhdidləri altında. Onlardan öyrəndiyimiz çox şey var, Sabirin elə təkcə “Kim ki, insanı sevər,-aşiqi-hürriyət olur, Bəli hürriyyət olan yerdə də insanlıq olur” misraları M.Ə.Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal”şüarıyla şanlamlıdır. Sadəcə qəbul edək ki, bu nəhəng klassiklərimiz çox zaman özləri də bilmədən “qaş qayırdıqları yerdə vurub göz çıxarıblar.” Yəni Milli natamamlıq kompleksimizə rəvac veriblər biixtiyar. Sabiri, Mirzə Cəlili modelləmək olmaz axı bugünümüzə, onlar da istəməyib bunu heç bir zaman. Xalq qaranlıqdan qurtulsun deyə ürəklərinə daş basıb yazıblar, sadəcə Yusif Vəzirin kompleksini daşımayıblar çox təəssüf ki…

İndimizdə isə hər tərəf Novruzəli olsa da heç kim özünü Novruzəli saymır və hamı Novruzəliyə gülür…

TARİXDƏN GƏLƏN BİR SƏS, BƏLKƏ DƏ HARAY...
Yusif Vəzirə gəlincə, o da ədəbiyyatın və siyasətin nakâmlarındandır. İstanbul Konsulu olub Azərbaycan Cümhuriyyətinin. Sonra tərəf dəyişdirib. Əlimərdan Bəy Topçubaşova qarşı çox kinlidir. Özəlliklə qardaşı vərəmdən öləndən sonra daha aqressiv olub. Özbəkistanda da xoşbəxt ola bilməyib. Nə AXC-dən yarıyıb, nə də Sovet hökümətinə yarıyıb… O nəsil tərəddüdlü nəsildir – biraz bizim kimi… Əslində bu iki nəsli qarşılaşdırmaq lazımdır.

VƏ SON OLARAQ…

Görəsən iki yüz il bundan öncə bizi cahilliyin pəncəsində boğan bu zehniyyət niyə iki yüz ildən sonra ruhumuzu “oxşayır”?!

Əksəriyyət indiki dövrdə bu mümtaz zatları oxuyur, böyük feyzlə, alimanə şəkildə “dəyişən bir şey yoxdur!” fikrini saqqız kimi çeynəyir. ALLAH eşqinə DƏYİŞSİN, özü də Külliyən!!!

Kim nə deyir desin, Axundov ateist olduğu qədər mömin idi, alim idi, nə qədər ziddiyyətli görsənsə də. Və bizim qaranlıqlara gömülmüş zehniyyətimiz o vaxt aydınlanıb nurlanacaq ki, Axundov, Sabir, Mirzə Cəlil kökündən öz aktuallıqlarını itirsin və xalqın cahilliyindən ürəkləri vərəmləmiş bu rəhmətliklər qəbrlərində tərs dönməsinlər, ruhları əbədi sakitlik tapsın…

Bunun üçün də yuxarıdakı məktubu yazan Yusif Vəzir Çəmənzəminli modellənməli! Qələmdən kin, küdurət, qəzəb, şikâyət, ah-vay deyil, milli qüsurları aradan qaldıran elm və maarifə yiyələnməyin çabalarını verməliyik! Bir sözlə, tərləməmiz lazımdır. Aristotelin “Elmin kökləri acı, meyvələri şirin olur.” hesabıyla.

Konfiçyus düz deyirdi, “Qaranlıqdan qurtulmağın tək yolu işıqları yandırmaqdır, qaranlığa söymək deyil…”

Vəssalam…

Məhəmməd İsrafiloğlu


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir