Qəlbimizdə yaşayan Rasim Kərimli


Sürət əsrində yaşayırıq. Və bu sürət bizi qovduğundandırmı, yoxsa bizmi təsəldiyimizdən, hər şeyin üçtündən qaçaraq keçirik. Bu mətbuata aiddir. Bir yazını, bir postu oxumadan ilk gözümüzlə həcmini müəyyənləşdirir və… Amma bütün bu qaçaqaç qovhaqovda heç bitməsini istəmədiyin, səni ozündə ovsunlayıb buraxmayan yazılar da var, yazarlar da.

Nəsib Nəbioğlu zəng etmişdi. “Tünzalə, bir şeir oxuyacam, müəllifinin kim olduğunu deyə bilərsənmi?”-dedi və cavabımı gözləmədən “Məftunu olmayıb…” davamını ikimiz də birlikdə əzbər söyləyirdik. Çox kövrəldim. “Şeirin müəllifi Rasim Kərimlidir dedim. Nəğmələrlə, müğamlarla daxil olmuşdu evimizə.” Təəccübünü gizlətmədi, Nəsib müəllim. “Oxucu onun qəlbinin sarı siminə toxunan yazını, şeiri axtarır, tapır. Tək bir şeiri ilə adını ədəbiyyata, əbədiyyata yazdıran imzalar var. Nəsib müəllim, mən də şeirlərindən tanımışam Rasim Kərimlini”.

Nəsib müəllim xatiərlərini vərəqlədi. “Sənin şerilərindən tanıdığın Rasim Kərimli mənim müəllim, ilk ustadlarımdan olub. Mən də onun şeirlərinin məftunu olmuşam”.

Məncə, Nəsib müəllimin qısa təqdimatı və Rasim Kərimlinin şeirləri bir anlıq durduracaq sizi.

Tünzalə Vəliqızı

Qəlbimizdə yaşayan Rasim Kərimli

Yaxın dostlarımdan olan Rabson Məmmədovla telefonla danışırdıq. Hər ikimiz dünyanı ədalətsizliyindən, haqsızlıqdan, mərdi qova-qova namərd edənlərdən danışırdıq. Mən rəhmətlik Rasim Kərimlinin yaddaşımda qoruyub saxladığım bir neçə şeirindən parçalar dedim. Dostum o şeirləri yazıb Facebook-da paylaşmağımı istədi. Və təbii ki, paylaşdım.

Bir gün ərzində mənə çox zənglər oldu. “Yeni səs”-in baş redaktoru gözəl jurnalistimiz Tünzaləylə telefonla danışdıq. Rasim Kərimlidən söz salan kimi, kövrələ-kövrələ dilləndi:

“…Məftunu olmayıb könlüm heç kəsin, Ay xumar baxışlım səndən savayı. Sığındım eşqinə bir pay görmədim, Dumandan savayı, çəndən savayı…”

Və qərara gəldik ki, Rasim Kərimlinin şeirlərindən saytımızda yerləşdirib, oxucularımıza təqdim edək.

Mən də Rasim Kərimlinin tələbəsi kimi onun haqqında neçə söz deməyi özümə borc bildim. Rasim Kərimli mənim müəllimim olub. 1975-1980 illərdə M.F.Axundov adına rus dili və ədəbiyyatı İnstitutunda təhsil aldığım illərdə o, Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllim işləyirdi. Həmin illərdə Rasim Kərimli institutda tələbə şairlərin yaradıcılığını nəzərə alıb bir “Bulaq” poziya dərnəyi yaratmışdı. Ayda bir-iki dəfə bir sinif otağına yığılıb şeirlərimizi oxuyub müzakirə edirdik. Rasim müəllimin bəyəndiyi şeirlər institut qəzetində dərc olunurdu. Hətta rus dilində nəşr edilən “ Русский язык” qəzetində bir səhifənin də azərbaycan dilində yazılan şeirlərlərə ayrılması üçün Rasim Kərimliylə birgə o zaman institutun rektoru olan Əli Məmmədovdan icazə istəmişdik. Rasim Kərimlilə dostluq münasibətimiz var idi. Həmin institutda gələcəyinə ümid bəslədiyi tələbə şair kimi mənim şeirlərimi bəyənib, xeyir-dua verənlərdən olmuşdur. Rasim Kərimlinin tələbəsi kimi onun yaradıcılığından danışmaq mənim üçün 70-80 illərin ədəbiyyatından söhbət açmaq deməkdir. Rasim Kərimli hər bir istedadlı gəncin təəssübünü çəkən, haqsızlığa dözməyən, ictimai ədalətsizliyə nifrət edən bir şairdi.

Rasim Kərimli 1932-ci ildə Tovuzun Düzqırıxlı kəndində anadan olub.O kəndi görməsəm də, o kəndi özümə çox doğma bilirəm. O kəndi mənə doğmalaşdıran, sevdirən bir dostum da var. Xətrini həmişə əziz tutduğum Qəzənfər Paşayev də məhz həmin kənddəndir.

Rasim Kərimlinin yaradıcılığı Tovuz elinin poeziya ənənələrinə söykənən, şifai xalq yaradıcılığından bəhrələnən bir yaradıcılıqdır. Hər birimizin ədəbi zövqünün formalaşmasında, insanlara humanizm prinsiplərinin, xeyirxahlıq, halallıq, ədalətlik, dürüstlük, təmizlik cəsarət, qeyrət və məhəbbət hisslərinin aşılanmasında mühüm rol oynayan poeziyadır.

Sovet dövründə doğulub tərbiyə almış şair, həmin illərdə Azərbaycan xalqının yaşamış olduğu problemləri qorxmadan, çəkinmədən qələmə almış, yaradıcılığında haqsızlığa, zülmə, ədalətsizliyə etirazını bildirmişdir:

…Köpəklər qurdlarla aşnalıq qatıb,
Sürünü dəyərə-dəyməzə satıb.
Tülkülər, çaqqallar o qədər artıb,
Bir toyuq, bir cücə saxlamaq olmur.

Rasim öz piltəsi əridər şamı,
Saxlasa qabığı saxlar badamı.
Qammazlar bir kökə salır adamı,
Əllicə yaşı da haqlamaq olmur…

Öz yazdığı şeirlərində Rasim Kərimli insanları düzlüyə, doğruluğa, xeyirxahlığa, yurdsevərliyə çağırmış, əxlaqi dəyərlərimizə, ülvi məhəbbəıtə önəm vermişdir. Elə bir ülvi hiss, duyğu tapa bilmirəm ki, Rasim Kərimlinin yaradıcılığında öz əksini tapmamış olsun. Rasim Kərimlinin şeirlərində yaşadığı dövrün ictimai-siyasi reallıqları, təmsil etdiyi xalqın sarsıntıları öz əksini tapıb. Ənənəvi üsluba sadiq qaldığından Rasim Kərimlini tənqid edən, onun yaradıcılığını bəyənməyənlər, gözümçıxdıya salanlar da var idi. Amma o hər deyilənə fikir vermədən öz yaradıcılığını davam etdirdi, biri-birindən gözəl şeirlər yazdı. Şeirlərinə mahnılar bəstələndi.

Rasim Kərimli şeirlərini xalq yaradıcılığı ruhunda qələmə almış, çoxlu qoşmaları, gəraylıları dillər əzbəri olmuş, xalqın qəlbinə yol tapıb, onu xalqımıza sevdirmişdir. Rasim Kərimli aşıq şeiri üstündə köklənmiş, el-oba həyatını, gözəlləri gerçək şəkildə tərənnüm edən və bununla da hər birimizin qəlbində əbədi yaşayam şairdir.

Təsadüfi deyil ki, Rasim Kərimli elə dünən də, bu gün də ən çox sevilən, ən çox oxunan şairlərdəndir və bir oxucu kimi əminəm ki, sabah da belə olacaq.

Rasim Kərimlinin şeir dünyasının şah əsərlərindən bir neçəsini Sizə təqdim edirəm:

Min yaşasın

Dünya mərdlər dünyasıdır,
Ərənləri min yaşasın.
Sinəsini tufanlara
Gərənləri min yaşasın.

Nə gözəldir dağ qüruru,
Bulaq kimi gözlər duru.
İnsanlara həyat nuru
Verənləri min yaşasın.

Öz adı var el yanında,
Yaxşının da, yamanın da.
Hər bir kəsi öz donunda
Görənləri min yaşasın.

El tanınar çörəyiylə,
Torpaq gülü, çiçəyiylə.
Nəbzi xalqın ürəyiylə
Vuranları min yaşasın.

Könül gülər beşiyində,
Öz evində, eşiyində.
Həqiqətin keşiyində
Duranları min yaşasın.

Olmur

Çağlamaq eşqiylə coşur ürəyim,
Hər yanı bənd alıb çağlamaq olmur.
Qeyrətsiz deyirlər ağlayan kəsə,
Dərd deşir sinəmi ağlamaq olmur.

Alçaqlar ucalıb, ucalar enib,
Məhəbbət məhv olub, sədaqət sönüb.
Hamı ac aslana, ac qurda dönüb,
Heç kimə etibar bağlamaq olmur.

Qanqaldan qiymətsiz olub qızılgül,
Sərçənin əlinə su tökür bülbül.
Bu dərddən od tutub alışır könül,
Haqsızı haqq ilə dağlamaq olmur.

Köpəklər qurdlarla aşnalıq qatıb,
Sürünü dəyərə-dəyməzə satıb.
Tülkülər, çaqqallar o qədər artıb,
Bir toyuq, bir cücə saxlamaq olmur.

Rasim öz piltəsi əridər şamı,
Saxlasa qabığı saxlar badamı.
Qammazlar bir kökə salır adamı,
Əllicə yaşı da haqlamaq olmur

Baş üstə

Mənə hər nə desən, işləmək demə,
Yeyim, buğa kimi yatım? Baş üstə!
Böyüklər inciyib küsməsin məndən,
Eli bir-birinə qatım? Baş üstə!

Kimə nə dəxli var, yaltağam, pisəm,
Ya əliəyriyəm, ya da xəbisəm,
Qoy dolsun, nə yolla dolursa, kisəm,
Qohumu-qardaşı atım? Baş üstə!

Qeyrətdən dəm vurur mənə hər naşı,
Bilmir qeyrətlinin nə çəkir başı.
Cibimin xeyrinə dostu yoldaşı
Keçi qiymətinə satım? Baş üstə

Nə fayda

Elinə, gününə yanmayan bir kəs
Tutaq ki, sultandı, xandı nə fayda?
Gənclikdə özünü xar eyləyənlər
Çallaşan vaxtında qandı, nə fayda?

Yeri ayrıcadır dünya üzündə,
Qəlbi xainin də, könlü düzün də.
Hamının əksi var elin gözündə,
Alçaqlar adını dandı, nə fayda?

Rasiməm dar gündə insana dayaq,
İnamın yoxdursa imtahan et, bax.
Zülmət gecələrdə yanmayan çıraq
Günəşli günlərdə yandı nə fayda?

Əlindən

Hər incə mətləbi anlamaz naşı,
Tez düşər, tez düşər kaman əlindən.
Könlüm zirvələrlə görüşmək istər,
Yol tapa bilmirəm duman əlindən.

Ziyarət etdirən bağı bar imiş,
Ən uca dağların başı qar imiş.
Nə yaxşı, dünyada yaxşı var imiş,
Yoxsa tərk olardıq yaman əlindən.

Rasim, bu dünyanın nurudur insan,
Kim bilməz qədrini yaratsan, yansan.
Sən elin, Vətənin haqqını dansan,
Yıxılsan tutarmı zaman əlindən?

Verilmədi

Yetirin dərdimi naşı təbibə,
Deyin ki, dərmanım düz verilmədi.
Sərraflar əlindən düşməyən zərə
Misgər bazarında üz verilmədi.

İstəsən qəlbinə nur ələsin dağ.
Zirvəyə qartalın gözləriylə bax.
Günəşin nurunu sevməz yapalax.
Əzəldən bayquşa göz verilmədi.

Rasim, tək olanda hünər də laldı,
Yalqızın talehi gümana qaldı.
Qarğa qarıldadı, mükafat aldı.
Biçarə bülbülə söz verilmədi

Səndən savayı

Məftunu olmayıb könlüm heç kəsin,
Ay xumar baxışlım səndən savayı.
Sığındım eşqinə bir pay görmədim,
Dumandan savayı, çəndən savayı.

Qaytar eşq havası çalan günləri,
Ağlımı başımdan alan günləri.
Ömürdən saymıram qalan günləri
Oduna yandığım gündən savayı.

Hanı sədasına uçduğum o səs,
Dərdə düşməyənlər dərdimi bilməz.
Tərk etdin Rasimi, demədinmi bəs
Yoxdur bir kimsəsi məndən savayı.

Bildirəcəkdir

Məsəl var:”Dost olmaz qurddan qoyuna”,
Yadlar yadlığını bildirəcəkdir.
Xəbisin əlinə fürsət keçəndə
Adını hər yerdən sildirəcəkdir.

Vəfadar eşqiylə coşub çağlasan,
Gözünün yaşının silər ağlasan.
Vəfasız gözələ könül bağlasan,
Aləmi üstünə güldürəcəkdir.

Vaxt ola, yol tapam, zirvədə duram,
Alçağa, satqına bir divan quram.
Düşməndən qorxmuram,”dost”dan qorxuram,
Məni yaxın dərdi öldürəcəkdir.

Sarsılmaz dost dostdan aralanmasa,
Aslanlar oyanmır yaralanmasa…
Özü bölünməsə, paralanmasa,
Rasim, kim ürəyi böldürəcəkdir.

Büsbütün

Bilmirmi xəbisi başa çəkənlər,
Vicdanı ləkədir, qandır büsbütün?
Yazına qış deyər, gülünə qanqal,
Saxtadır amanı, andı büsbütün.

Tilsimlər sındırmış insanın ağlı,
Getsə də bir çoxu sinəsi dağlı.
Fil gördüm noxtası ulağa bağlı,
Ürəyim alışdı, yandı büsbütün.

Zamanla döyündüm, zamanla dindim,
Hardasa ucaldım, hardasa endim.
Yaxşının gözündə günəşə döndüm,
Yaman varlığımı dandı büsbütün.

Nəsib Nəbioğlu, Moskva
10.02.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir