Unuda bilmədiyim dost


Unuda bilmədiyim dost

Moskvada 40 ildən çox yaşadığımdan, burada çoxlu dostlarım, tanışlarım olub. Uzun illərdir dostluq etdiyim, oturub-durduğum, keçirdiyimiz müxtəlif tədbirlərdə fikrlərimi bölüşdüyüm adamlar da az deyil. O adamlardan biri də Vladislav İvanoviç Şvetsov idi. Biz Moskvada Aeroport metrosunun yaxınlığında Usiyeviç küçəsi ev 12/14 yerləşən “Bakı” kinoteatrında keçirilən növbəti tədbirlərimizin birində görüşüb tanış olmuşduq. O tədbirdə ikimizin də çıxış etməyimiz bizi tanış etdi və dostluğumuzun təməlini qoydu. O vaxt “Bakı” kinoteatrı bağlanmamışdır və bir sıra tədbirlərimizi orada keçirirdik.

Vladislav İvanoviç Şvetsov Azərbaycanda anadan olmuşdur. Yeniyetmə çağlarından idmanla məşqul olmuş, ucaboylu, cüssəli bir adamdı. Uzun illər Bakıda hüquq – mühafizə orqanlarında çalışımış, daxili işlər nazirinin müavini olmuşdu. İşinə, peşəsinə sədaqətli insan idi. O vaxtlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

Hər yerdə özünün Heydər Əliyevin kadrı olduğunu vurğulayardı. Həmişə işə götürüldüyü günü maraqla xatırlayardı: “Məni Daxili İşlər nazirinin müavini vəzifəsinə Heydər Əliyev özü götürmüşdü. Məni yanına çağırtdırıb sorğu – suala başladı: –Sən Azərbaycanda doğulmusan, de görüm azərbaycanca bilirsənmi? Mən azərbaycan dilində dedim ki, Heydər Əliyeviç, belə də, babat bilirəm. Heydər Əliyev gülümsəyib dedi ki, əgər sən babat sözünü bilirsənsə, səni işə qəbil elədik.

Azərbaycandan gedəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin Ural, Sibir və Uzaq Şərq bölgələri üzrə kuratoru vəzifəsində çalışıb. Rusiya vəkillər kollegiyasının üzvü idi.

Bir neçə gün bundan əvvəl Ramiz Abutalıbovla Vladislav İvanoviçi xatırladıq. Xatirəsini etiramla yad etdik, rəhmət dilədik. Ramiz müəllim Vladislav İvanoviçi çoxdan tanıdığını, hətta onun böyük qardaşı Stanislav İvanoviçlə bir sinifdə oxuduğunu dedi. Bakıda 29 – saylı orta məktəbin 4-cü sinifdə oxuduqları vaxt çəkdirdikləri bir şəkli mənə göndərdi.
Unuda bilmədiyim dost
Vladislav İvanoviç Şvetsov həmişə doğulduğu Azərbaycandan, orada işləməsindən, dostluq etdiyi insanlardan böyük məhəbbətlə, canlı, maraqlı xatirələr danışardı. Qarabağın işğalıyla barışmırdı. Son dövrlərdə günahsız insanların haqsız yerə yurd-yuvalarından didərgin düşməsindən, onların üzləşdiyi problemlərdən söz salar, haqsızlıqlara məruz qaldıqlarını ürək yanğısıyla bildirərdi. Məndən yaşca böyük olmasına baxmayaraq bizim aramızda yaxın dostluq münasibəti yaranmışdır. Müntəzəm olaraq bir-birimizə zəng edib hal-əhval tuturduq, bir balaca başım qarışıq olsaydı, gec zəng eləsəydim, özü mənə telefon açardı.

Moskvada vaxt tapıb görüşür, söhbət edir, siyasətdən, poeziyadan, təhsildən, bizi narahat edən problemlərdən söz açardıq. Onun keçirəcəyimiz tədbirlərlə bağlı təklifləri o qədər maraqlı idi ki, onu dinləyərkən böyük zövq alırdıq. Şvetsovu yaxından tanıyan başqa azərbaycanlılar da bizə yol göstərən, bizə doğru məsləhət verən belə bir insanın dostluğundan qürur hissi keçirirdilər. Vladislav İvanoviçin sözübütövlüyü, möhkəm iradəsi, prinsipiallığı hamımıza bəlli idi. Onun geniş dünyagörüşü məni valeh edirdi. Onun da mənimlə ünsiyyət saxlamaqdan, həmsöhbət olmaqdan xoşlandığını hiss etdiyimdən bundan qürurlanırdım. Bizim diasporayla bağlı planlarımız var idi. Moskvada planlarımızı, görəcək işlərimizi müzakirə edirdik, təəssüf ki, bizim o planlarımız həyata keçmədi.Vladislav İvanoviçin qəflətən və vaxtsız ölümü hər şeyə nöqtə qoydu. Onunla bağlı yaddaşımda bir çox işıqlı xatirələr qalıb. Taleyimə minnətdaram ki, o, mənə həyatda belə bir dost bəxş etdi.

Dostluğumuzun möhkəmliyinin bir səbəbi də var idi. Vladislav İvanoviç mənim Kəlbəcərdən olduğumu biləndən sonra aramızda dostluğumuz daha da möhkəmlənmişdir. Və elə ilk tanışlığımızda mənə bildirdi ki, məni Kəlbəcərdən tanıyır. Bir hadisəni mənə danışdı. Sonra 2014-cü ildə may ayının 17 – də Moskvada Mərkəzi Ədiblər evinin böyük zalında mənim 60 –illik yubileyimdə öz çıxışnda bunu bir daha xatırlatdı. Vladislav İvanoviçin həmin çıxışı haqda gözəl qələm sahibi olan jurnalistimiz Tünzalə Vəliqızı geniş bir yazı yazıb “Yenisəs.ru” saytında yerləşdirmişdir.
Unuda bilmədiyim dost
Vladislav İvanoviç danışırdı ki, 1982 – ci ildə Kəlbəcərdə bir cinayət hadisəsi baş vermişdir. O işi araşdırmaq üçün məni Mərkəzi Komitənin tapşırığıla Kəlbəcərə göndərdilər. Mənə xüsusi vertolyot da ayırmışdılar. Pilot vertolyotu şəhərə endirə bilmədi. Kəlbəcərdən bir az aralı bir düzdə yerə endik. Mənim rayona gəlməyimi artıq rayon rəhbərliyi bilirdi. Bir az keşmişdir ki, Qaz-69 “Vilis”” markalı maşınla rayondan dalımca gəldilər. Mən işi araşdırırdım və rayon rəhbərliyinin məni ələ alacaqlarından ehtiyat edirdim. Hətta onların yeməyə dəvətlərinə də etiraz eləmişdim. Orada mənə dedilər ki, Kəlbəcər şəhərində Kəlbəcər tarix diyarşünaslıq muzeyi açılıb. Məni maraq götürdü, muzeyə baxmq üçün oraya getdim. Muzeyin direktoru məni çox həvəslə qarşıladı. Sonradan bildim ki, o Kəlbəcərin ən tanınmış simalarından olan Şamil Əsgərovdur. “Nəsib, Şamil müəllim mənə sənin muzeydə şəklini göstərdi, bizim də Moskvada bir şairimiz var”,- dedi. Bu ad o vaxtdan yadımda qalıb. İndi sevinirəm ki, o vaxt adını Kəlbəcərdə eşitdiyim həmin o kəlbəcərli şairin Moskvada yubileyində şıxış etmək mənə qismət olub.

Vladislav İvanoviç adətən çıxışlarını azərbaycan dilində böyük şairimiz S. Vurğunun “Azərbaycan” şeiriylə bitirərdi. İnsanlara Allahın verdiyi ən yüksək keyfiyyətlərdən biri əsl ziyalılıq və müdriklikdir. Bunları qazanan insanların üzündən-gözündən ətrafına işıq yağar. Və belə adamları nurlu adam deyib çağırarlar. Vladislav İvanoviç Şvetsov da mənim yaxından tanıdığım nurlu insanlardan idi.
Unuda bilmədiyim dost
Vladilav İvanoviç tez-tez mənə xatırladırdı ki, Nəsib, ikimizində həyatımızda bir oxşarlıq var: – Mən Azərbaycanda doğulmuşam, ömrümün çoxunu orada yaşamış rusam. Sən isə Azərbaycanda doğulub, ömrünün çoxunu Rusiyada yaşayan azərbaycanlısan. İkimizdə Rusiyada yaşasaq da nədənsə Azərbaycanı daha çox sevirik.

2011-ci ilin iyulun 5-də Dünya azərbaycanlılarının III qurultayında iştirak etmək üçün Moskvadan Bakıya gələn nümayəndələrdən arasında Vladislav İvanoviç də vardı. İkimizdə “Park-İnn” otelində qalırdıq. Demək olar ki, hər gün bir yerdəydik və tədbirlərdə bərabər iştirak edirdik.

Qurultay günlərində Vladislav İvanoviç o vaxt Bakıda əldə edilmiş nailiyyətlərə sevinir, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsini ürəkdən alqışlayırdı. Onun tədbirlərdə ki, çıxışları Rusiyada yaşayan soydaşlarımızı daha da ruhlandırırdı, hər görüşümüzdə Azərbaycanımızın milli maraqları ətrafında sıx birləşməyimizi bizə tövsiyyə edirdi. Ömrünün son illərini Azərbaycanda yaşamağı arzulayırdı.

Allah Vladislav İvanoviçə rəhmət elə¬sin! Qəbri nurla dolsun!

Nəsib Nəbioğlu
Moskva, 29 may, 2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir