YANILTDIN, GENERAL, YANILTDIN!!!


Səndən yazmaq, sənə yazmaq qədər çətindir!

-Bu qədər sadəliyi, səmimiliyi sınamaq nəyə gərəkdi ki?! Zirvənin mənası ən hündürdə olanda aşağı baxmaq deyilmi?

-Yuxarıdan aşağı baxmaqla Yuxarıdan aşağıya baxmağın fərqi var.

-Qrammatik dəyişiklik mənanı dəyişər yəni..

-Yuxarıdan aşağı baxsan dəyişər.

-Yuxarıdan aşağıya baxsan?

-O zaman oradan kimin harada və necə yaşadığını daha yaxşı görərsən.

-Sputnikdən baxanda yer görünmür.

-Amma sputnikdən baxanda aşağıda olduğun yer təyin edilir.

-Təyin…

-Bəli təyin…Onun da anlamları qarışıqdır.

***

-Rütbənin yüksəkliyi yerdənmi ölçülür?

-Yerə görə ölçülür.

-Yüksək rütbəli deyincə yuxarı..?

-Yuxarı və ya aşağı olması da daşıyıcısına görə şərtlənir.

-Heç xatırlanmayan və ya heç unudulmayana görəmi?

-O da var. Amma..

-Amma nə?

-Göylər hamınındır, onun sərhədi yox. Yüksəklik də hamıyla hamını paylaşa bildiyin yerdir.

-Ona görəmi hamıylaydın?

-Hamıylaydım, ona görə ki, hamı məndəydi.

-Yəni sən hamı deyildin?

-Hamıdan məndə vardıysa, demək məndən də hamıda var.

-Varsan yəni?

-Varam!

***

-Hansı kitabdandır? Kimin əsəridir?

-Kitabdan deyil, onun yaratdığı əsərdi. Yazmadığı-yaşadığı… Yaşadanlar yazmazlar. Sadəcə imzalarlar, möhürlərlər. Kim yazsa, kim çəksə, möhür, imza, kilid, açar söz O OLACAQ!

-Kimdir-deyə sorma! Çünki o tək deyil! O ailəsiylə xidməti, ANASIyla ANAsı (VƏTƏNİ) arasında sevgisini bölmədən bütöv edəndi. Birini o birindən çox istəmək? Bu sualın cavabında sadəcə tərəddüd edər, etsə…

-Yenə də sorsan.

-Hər ikisini.

-Əgər yenə ikisindən birini seçəcək olsan?

“Öncə Vətəndir”-deyib deyənlər. Vətənsə səngərdən başlanır. Səngərdə hamı əsgərdir! General -ən öndə duranı!

-İndi hardasan?

-Hakim olandan sor.

-Əgər hakim olsam, yenə hər yerdə SƏNSƏN!

-Stereotipləri, qəliblərin ölçüsünü dəyişdin. Yanıltdın, general, yanıltdın.

-Yanlışları yerinə oturtdum, sadəcə.

-Mən də deyirəm də. Yanlışları yanıltdın!!

Tünzalə Vəliqızı,
Moskva
30.07.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir