Adamı utandıran kimliyi


Adamı utandıran kimliyi
Bir müddət əvvəl tacik miqrantlara Rusiya höküməti qeydiyyat müddətinin uzadılması üçün imkan tanıdı. Buna görə tacik miqrantlar hökümətinə minnətdar oldu, olacaq. Onun “podyezd””, küçə süpürmək şansı artdı. Çörək qazanmaq üçün hər bir halal əmək şərəfli işdir. Amma bəzən özünə sıradan bir işin-süpürgənin, qar təmizləyən küyərin arxasından baxdırmaq içində bir o qədər də sındırır insanı. Və bir də sənə ailə içində “aclığını, susuzluğunu, yoxsulluğunu qonşuya bildirmə”- kimi dədə-babadan qalma öyüdlərə riayət etməklə yaşamaq öyrədiblərsə. İndi bütöv bir el şəklində sirrin bir yana səni çöllərə salan hökümətinə bunun üçün minnətdar olmaq məcburiyyətindəsən. Bununla taciklərin qüruruna toxunmaq istəmirəm. Sadəcə reallığa onların probleminin arxasından baxdım.

Nəysə, yenə də o tacik haradasa ona yapışdırılan bu yarlığı qəbullanmır və çox zaman özünü bundan bixəbər göstərir. “Eybini görmək yox, ona görməməzlikdən gəlməklə” başqalarının da görmədiyini düşünmək var biz çoxumuzun düşüncəsində. Millliyətindən asılı olmayaraq.

Bizim üçün hansı yarlıq və ya yarlıqlar var bunu da biz bilməməzlikdən gəlirik. Diasopranın tədbirlərindən birində AzərRossdan olan bir yetkili bizə münasibətdən danışanda buna təxmini belə cavab vermişdi. “Niyə biz marşturtda, metroda gedən rusun bizə verdiyi qiymətlə özümüzü qiymətləndiririk ki? Əslində onunla eyni nəqliyyatı paylaşanın bizlərdən birinə baxıb verdiyi qiymət bizim o qiymətdə olduğumuz anlamına gəlməz”. Fikrinin davamı kimi onu dinləyənlərə hər zaman çalınmış köhnə bayatılardan çalacağını təxmin etmək o qədər də çətin deyildi. Yenə bizim dahi, dühalarımız… Biz o azərbaycanlıyıq ki…

Yaddaşımızın əzəbəri pozulmayan prizmasından baxdığımıza bizə baxanlar üçün o əzbərlərin çoxdan pozulduğunu isə hələ yaddaşımız qəbul etmir.

O məclisdə kimsə qalxıb münasibət bildirmədi. Çünki orada oturanların çoxu təbii ki, o metroda, marşrutlarda ayda-ildə bir dəfə getdiklərinə görə bu yanaşma normal ola bilər. Amma rəyin adının ictimai olduğunu da xatırlasaq yaxşı olar. Və bir uğulu azərbaycanlı millət adına rəy formalaşdırdığı kimi, bir sıravı azərbaycanlıya nəzərən də fikir formalaşır.
Kimliyini daşıdığımız Azərbaycan pasportu Rusiya və digər sərhədləri keçən zaman üzümüzə ikrahla baxdırır. Çiyni paqonlunun hətta düz sənədinə belə əyri baxıb, onun düzlüyünə şübhəli yanaşması var. Yanaşır da. “Bizim haqqımızda imic formalaşdırmaq haqqından ona az pay düşür”- deyib gözardı etdiklərimizin rakursundan qəbul edilmirik. Orada “mən hansısa ünlünün soydaşı, hansısa dahinin millətindənəm”- deməyin də az karına gələr. “”Onu keç””- deyib sənin də buradan keçmə səbəbinə bir kəlmə ilə nöqtə qoyarlar: “Ezjay svoy Azerbaycan” (Get öz Azərbaycanına).

Millətçilik damarı tutana qarşı vətənpərvərlik nümayiş etdirə bilməyəcəksən. Bu gün Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları üçün sən yoxsan. Diaspor təşkilatlarının fəaliyyətinə nələrin daxil olduğunu detalları ilə bilən azdır. Diaspor- əsas fəaliyyət istiqamətindən biri- yad ölkədə oranın vətəndaşı olan soydaşalarından öz ölkənin maraqları üçün yararlanmağa yönələn təşkilatdır.

Yararlanır bu təşkilatlar. Amma necə? Burada bir başarıya imza atandan sadəcə vəsait verməsini tələb etməklə. Azərbaycan gecələri, Azərbaycan yubileyləri sırasından olan tədbirləri keçirmək xərcləri onların cibindən çıxır, uğuru diasporun adına yazılır. O uğurlu, ondan yardım istəyən həmyerlisinin əlindən iş otağında otura bilməməsi bir yana, qaçıb canını qurtarmaq istəyir.

Xaricdə vətəndaş olmayan azərbaycanlı isə özu öz başının çarəsini qılmağa çoxdan alışmış və sadəcə yaşamaq uğrunda savaş verir. Və hər üç aydan bir sərhəd keçəndə ikrahlı baxışlar altında sındığını anlada bilmədən kimliyindən utanmaqla yaşamağa məcburdur.

Millətçilik edib öz torpağında özgəsini istəməyən, ona həqarətlə baxıb təhqir edənlər qarşısında əzilən, içindəki vətənpərvərliyi ölməyə doğru gedənlərə bir təşkilat əl uzadıb qarşısısnı almaq vaxtı ötüb keçir deyəcəm. Amma yazdığın yazıda tənqidi bol olarsa müxalifətə, tərifi çox olarsa iqtidara bağlayacaq bir əzbərimiz də var ki, onu da pozub düzü-düz, əyrini-əyri yazmaq özünə qarşı yönələ bilər.

Özümüzə saxladığımız münasibətlər elə ürəyimizdə qaldıqca ürəyi ağır və ağrılı edir. Ürəyimizdə gəzdirdiyimizi əynimizdə gəzdirdiyimiz kimi gözə soxa bilməməyimizin səbəbi nədir? Hər nədirsə, o səbəblərdən bugünkü və bundan sonrakı nəticələr doğacaq. Biz hər dəfə diasporun tədbirlərində yığışıb uğurumuzdan özümüz -özümüzə danışıb, sonra da dağılışacağıq.

Çöldə isə sabah barikkadalar qurub səninlə savaşmaq isəyən millətçi-vətənpərvərlər var.

Taleyimizə dövlətlərin sərhədlərini keçmək düşən bizlər problemlərin sərhəddinin astanasında kimliyimizdən utanaraq onu itirmək yolunda deyilik də, bəs hardayıq?

Tünzalə Vəliqızı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir