AĞIR İTKİ


AĞIR İTKİ

Azərbaycan ictimaiyyətinə, Rusiya və Azərbaycan elminə ağır itki üz vermişdir. Geologiya-minerologiya elmləri doktoru, professor, Yerin təkinin fəxri kəşfiyyatçısı, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyasının və Rusiya Təbiiyat Akademiyasının həqiqi üzvü, Beynəlxalq Filiz yataqlarının Genezisi Akademiyasının üzvü Namiq Qurban oğlu Qurbanov ağır xəstəlikdən sonra yanvar ayının 31-də Moskva şəhərində 82 yaşında vəfat etmişdir.
N. Qurbanov 1932-ci il aprelin 29-da Naxçıvan şəhərində anadan olmuşdur. 1954-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib, 1962-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1954-1963-cü illərdə Mərkəzi Geoloji Kəşfiyyat Elmi Tədqiqat İnstitutunun (MGKETİ) kiçik elmi əməkdaşı, 1958-1960-cı illərdə saziş əsasında Suriya və Misirdə calışan tədqiqat qrupunun texniki rəhbəri, 1969-1982-ci illərdə MGKETİ-nin bölmə müdiri, Kafqaz laboratoriyasının rəhbəri, 1982-1986-cı illərdə SSRİ-nin Cənub qızılı şöbəsinin rəhbəri, 1986-1994-cü illərdə SSRİ-nin, sonra Rusiya Federasiyasının Qızıl şöbəsinin rəhbəri, 1994-1999-cu illərdə filiz yataqları ərazi kompleksləri şöbəsinin rəhbəri, 1999-cu ildən ömrünün sonunadək Əlvan metalların proqnozlaşdırılması və axtarışı şöbəsinin baş elmi işçisi olmuşdur.

Namiq Qurbanov 27-si monoqrafiya olmaqla əlvan və nəcib metalların yerləşməsi və yaranma şəraitinə, onların model sistemlərinə, proqnozlaşdırılması və axtarışına həsr olunmüş və dərc edilmiş 290 elmi əsərin müəllifidir.

Dünyanın müxtəlif ölkələrində, o cümlədən İran, Pakistan, Rumıniya, Suriya və başqa ölkələrdə geoloji kəşfiyyat işinin təşkilində xüsusi xidmətləri olan alimin geoloji axtarışlara həsr olunmüş ən mötəbər simpoziumlarda, konfranslarda məruzələri, elmi mülahizələri, təklifləri diqqətlə qarşılanmışdır.
N. Qurbanov geologiya sahəsində yeni mütəxəssislər hazırlanmasına da sanballı töhfə vermiş, 12 elmlər namizədi, 3 elmlər doktoru hazırlamışdır.

Gərgin və səmərəli elmi fəaliyyəti ilə yanaşı N. Qurbanov Moskvada yaşayan azərbaycanlılar arasında fəal vətəndaş mövqeyi olan həmyerlimiz idi. Respublikamızda və onun hüdudlarından kənarda Azərbaycanla bağlı heç bir məsələyə biganə qalmayan, problemlərimizə dərin ürək yanğısı ilə yanaşan, haqsızlıqa dözməyən, gənclərə böyük qayğı və ümidlə yanaşan, müdrik, elmi cəhətdən əsaslandırılmış məsləhətlərini əsirgəməyən böyük alim idi.

N. Qurbanovun respublikamız qarşısında da misilsiz xidmətləri var. Yeraltı sərvətlərimizin kəşf olunması üçün Azərbaycanı qarış-qarış dolaşmış alim müxtəlif yataqların ilk müjdəçisi olmuşdur. Hazırda düşmən tapdağı altında olan Kəlbəcərin qızıl yataqlarının kəşfində onun müstəsna rolu vardır.

Çoxillik səmərəli elmi fəaliyyətinə görə Namiq Qurbanov SSRİ-nin və Rusuya Federasiyasının mükafatlarına, orden və medallarına, “Fəxri geoloq” adına layiq görülmüşdür.

Ömrünü elmi axtarışlara, yeraltı sərvətlərin dövlətin güclənməsinə, xalqın firavanlığına xidmətinə sərf etmiş alim, görkəmli ictimai xadim, səmimi ailə başçısı Namiq Qurbanovun ölümü onu tanıyanları dərindən kədərləndirir və onlar mərhumun ailəsinə, xanımı Mənzər Qurbanovaya dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Ramiz Abutalıbov, Eldar Abbasov, Cəfərsadıq Abbasov, Manaf Ağayev, Roman Ağayev, Alla Axundova, Araz Axundov, Qorxmaz Axundov, Abbas Alıyev, Lətif Alnazarov, Tünzalə Vəliqızı, Məmməd Bağırov, Abuzər Bağırov, Aqşin Bağırov, İlham Bədəlbəyli, Timur Bədəlbəyli, Nizami Bəşirov, Məmməd Quliyev, Paşa Quliyev, Rafiq Quliyev, Rafiq Qafarov, Bella Musayeva, Mehman Məmmədov, Nüsrəddin Məmmədov, İlqar Məmmədov, Şaiq Məmmədov, Nəsib Nəbioğlu, Leylaxanım İsmayılova, Ramil İsmayılov, Elmira İsmayılova, Sevil İsmayılova, Alşan Zakirov, Avtandil Zeynalov, Qasım Kərimov, Sabir Həbibov, Rabson Məmmədov, Oqtay Məmmədov, Vasif Məmmədov, Əliş Əvəz, Yusif Əmiraslanov, Kamran Rüstəmov, Şamil Tağıyev, İqbal Rüstəmov, Camal Camalov, Azər Cahangirov, Azər Səfərov, Əvəz İbayev, Afaq Şıxlı, Soltan Mərzili, Mehman Tanrıverdiyev, Xalidə Səmədova, Mirəşrəf Fətiyev, Mərdan Feyzullayev, Füzuli Fərəcov, İlqar Hacıyev, Anar Həsənov, Əşrəf Hüseynli, Yaşar Hüseynov, Oqtay Hüseynov, Mehman Şükürov


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir