Bir hadisənin tarixçəsi


Bir hadisənin tarixçəsi
Aşağıdakı hadisə təxəyyül məhsulu deyil. Təəssüf ki, keçən əsrin yetmişinci illərində baş vermiş, o vaxt respublikada böyük səs çıxarmış bu hadisənin dəyişdirilmiş adları arxasında real insanlar durur(du) və indiyə qədər bu əhvalatı dilə gətirməməyimin səbəbi hadisənin əsas icraçısının xatirəsini, onunla bağlı başqa əhvalatları gündəmə gətirməyə haqqımın olub-olmamasındakı əndişələrimdi. Bu gün hadisədən qırx ildən çox vaxt keçdiyinə görə içimdə ağır yük kimi qalan əhvalatı oxucuların müzakirəsinə verməyi qərara aldım.

FİLOSOF ASLAN

Əslində filosof deyildi. Sadəcə universitetdə sovet dövrü ali məktəblərinin təhsil proqramlarına uyqun olaraq indiki gənclərin adını belə eşitmədikləri “Dialektik materializm”, “Tarixi materializm” kimi əsli-əsası materialist dünyagörüşünü hafizələrə qazımaq məqsədi daşıyan fənləri tədris edirdi. Həmkarlarının çoxundan gənc, əksəriyyətindən savadlı və iddialı idi. Keçən əsrin yetmişinci illərində Azərbaycan Dövlət Universitetində sanballı professor-müəllim kollektivi vardı və onların respublikanın bütün ali məktəbləri arasında “bir baş yuxarı” olduqları danılmaz idi. Bu kollektivin içində də gəncliyi, ötkəmliyi, fenomen sayılacaq qədər mükəmməl hafizəsi, tələbələrlə səmimiyyəti, xüsusi tapşırıqla, vasitəçiliklə tələbə olanlara amansızlığı ona qarşı xüsusi münasibət formalaşdırmışdı. Bu münasibəti hamılıqla rəğbət adlandırmaq olmazdı, çünki bəzən onun sərbəstliyi “yuxarıları” qıcıqlandırır, işini gözəl icra etdiyinə görə də “müdirlərin” ona cəza verməsi imkanını məhdudlaşdırırdı. Fəhlə-kəndli tələbələr isə onun vurgunu idi. Mahiyyətcə yorucu, məntiqcə çətin olan dialektik materializm tələbələr üçün həm də marksizm-leninizm klassiklərinin mahiyyəti bir yana, heç adı dilə yatmayan əsərləri ilə yükləndiyi üçün ümumiyyətlə sevilməyən fənn idi. Aslan müəllim isə heç bir kağız, “konspekt” işlətmədən dövrün klassiklərindən, qədim yunan filosoflarından elə sitatlarla mühazirəsini zənginləşdirirdi ki, humanitar fakültələrdə dərs deyən ədəbiyyat müəllimləri də ona həsəd aparırdılar.

Filiosofsayağı qəribəliklərindən biri səhər tezdən Xəzərdə çimib sonra universitetə gəlməsi idi. Bir dəqiqə belə gecikməz, auditoriyaya girib tribuna arxasına keçərək əvvəlki dərsdə qaldığı cümlənin davamı ilə mühazirəyə başlayardı. Özündən sonra auditoriyaya girənləri çölə çıxarırdı. Ona görə onun dərsinə hamı vaxtında gəlməyə çalışır, gecikən isə içəri girməyə cəsarət etmirdi. Bir dəfə baş verən epizod bu sarıdan şübhəsi olanların bütün tərəddüdlərinə aydınlıq gətirdi. Atası ali məktəblərdən birində professor olan tələbə yoldaşımız adəti üzrə gecikdi. Amma o gecikmələr başqa dərslərdə olurdu və müəllimlər bizim şıltaq qızımızın xətrinə dəymirdilər. Aslan müəllim qapını örtüb yerinə keçmək istəyən qızın üzünə baxmadan “qapını o tərəfdən ört” dedi. Aytən (belə deyək), üzr istəmək yerinə şıltaqcasına və rusca “da ladno” deyib hərəkətini davam etdirmək istədi. Müəllimin sərt səsi ildırım kimi çaxdı: dərsə mane olma, çıx çölə! Səsin ahəngi qızın şıltaqlığını da özü ilə bərabər dəhlizə atdı.

Tələbələrlə çimərliyə gedər, voleybol oynayardı. Rusiyada, başqa ölkələrdə bu adi hal sayılır, amma ən azından o vaxt Bakıda müəllimlərlə tələbələrin belə yaxınlığı qeyri-adi idi.

Sərbəst, azadfikirli idi. Haqlı olduğu mübahisələrdə qarşısındakının çinindən, vəzifəsindən çəkinməzdi. Hətta belə bir epizod danışırdılar ki, növbəti iclaslardan birində rektor onu istəmədiyi, haqlı saymadığı addımı atmağa məcbur etmək istəyib. Etirazına rektor hədə-qorxu ilə cavab verib. Cavan müəllim hiddətlənərək stulu qaldırıb rektorun üstünə cumub. Bu epizod qadın dedi-qodusuna bənzəsə də, sonralar baş verən hadisələr həm Aslan müəllimin səbirsizliyindən, həm də rektorun onu universitetdən uzaqlaşdırmaq istəyini ağla gətirirdi.

Sonradan baş verən hadisələr isə təkcə müəllimlik karyerinə deyil, Aslan müəllimin həyatına son qoydu. Bu hadisələri eşidənlər, oxuyanlar “müəllim” adı ilə cinayətkar statusunu bir arada görmək istəməyəcək, törətdiyi cinayətə görə haqlı olaraq müəllim adını ona layiq görməyəcəklər. Amma dünyada baş verən minlərlə cinayətin icraçıları cinayət anınadək müxtəlif məsləklər daşıyıb, ömür boyu cinayətkar olmayıblar. Cinayətkarı törətdiyi cinayətə görə cəzalandırmaq nə qədər labüddürsə, cinayətəqədərki fəaliyyəti görüb dəyərləndirmək də o qədər zəruridir. Çünki həyat sırf ağ və qara rənglərdən ibarət deyil. Əslində elə bu iki rəngin arasındakı çalarlar həyatdır.

Moskvadakı bir təsadüfi görüş Aslan müəllimin həyat dramının incəliklərini dəqiqliklə bilməyimə imkan yaratdı.

…Bakıda eyni vaxtda Universitetdə oxumuşuq. O hüquq, mən jurnalistika fakültəsində. O məndən bir kurs yuxarı oxuduğuna, hüquq fakültəsində oxuyanların əksəriyyəti himayədarlıq vasitəsilə tələbə olduqlarına, bizim əsas binalarımız fərqləndiyinə və onlarca belə “xırda-para” səbəblərə görə bir-birimizi tanımamışıq. Tələbəlik illərində heç öz fakültənin yuxarı kurslarında oxuyanları düz-əməlli tanımırsan, o ki qaldı başqa fakültələr. Universiteti bitirdikdən sonra Kamil uzun müddət Türkmənistanda işləyib, məsləyində yüksək zirvələrə qalxıb. Hüquq elmləri doktoru olub. Bir müddət Azərbaycanda yaşayıb. Sonra Moskvaya gəlib. Doğrusu onun həyatının öz keşməkeşləri var, amma 2012-ci il iyul ayının 22-də görüşərkən aramızda olan söhbət vaxtilə ikimizin də sevimli müəllimimiz olan Aslan Sərdarovla bağlı oldu və onun danışdıqları məni həm sarsıtdı, həm də bir çox müəmmalara son qoydu. Yuxarıda göstərdiyim kimi, Aslan müəllim bir qızı öldürməkdə ittiham edilib ən ağır cəzaya məhkum edilmişdi. Mən Aslan müəllimin məhkəməsində iştirak etmişdim və o vaxt hamımızda, hadisənin məğzini bilmədiyimizdən, belə şübhə vardı ki, deyəsən əsil cinayətkar başqasıdır, onu isə prinsipiallığına görə haqsız cəzalandırırlar. Aradan 35 ildən çox vaxt keçəndən sonra öyrəndim ki, Kamil müəllim o vaxt tələbə kimi Yasamalda universitetin yaxınlığında milis idarəsinin istintaq bölməsində praktikaya gedirmiş. Şübhəli qismində tutularaq milis şöbəsinə gətirilmiş Aslan müəllimlə də hər gün görüşür, ona yemək gətirirmiş. İfadəsini almaq üçün ona göstərilən təzyiqlərə baxmayaraq Aslan müəllim uzun müddət cinayəti etiraf etməyib, lakin sonunda vicdan əzabımı, döyülmələrə tab gətirməməsimi bir gün onu məhz Kamilə etiraf etməyə məcbur edib.

Kamil Hacıyev: “Məni döyənlərdən birini tanıyıram,–dedi mənə. Başına plastik torba keçirib döyürlərmiş və arabir də həmin torba-paketlər yırtılırmış. Bir gün mənə dedi ki, otur sənə bir şey deyəcəm. Bu cinayəti mən törətmişəm, amma o müstəntiqlərə demək istəmirəm. Mən o dəqiqə tezliklə baş verə biləcək hadisələri təsəvvürümə gətirdim və ağladım. İndiyə qədər cinayəti onun törətdiyinə şübhə edirdim, indi həqiqəti eşitsəm də onun güllələnməsini istəmirdim. O vaxt Azərbaycan Cinayət məcəlləsi ağır cinayətlərə görə ölüm hökmü nəzərdə tuturdu. Ona ürək-dirək verməyə çalışdım, dedim Allah böyük, rəhmi çoxdur, amma etirafla məsələ həll olunmuşdu. Mənə elə gəlirdi ki, bir həftə də etiraf etməsəydi, buraxılacaqdı, buraxıla bilərdi. Cinayəti onun törətdiyini sübut edən bir dəlil yox idi ortada. Öldürülən qıza universitetdə əlavə dərs verirmiş, bu zaman da aralarında intim münasibət yaranıb. Uzun müddət belə münasibətlər davam edib. Yaşı otuzu çoxdan keçməsinə baxmayaraq ilk dəfə nişanlanan Aslan müəllimin toyunun yaxınlaşdığı vaxt tələbə qızın ona problem olacağından, məsələ açılarsa el içində rüsvay olacağından təşvişə düşərək qızdan radikal şəkildə yaxa qurtarmağı qərara alır. İdmanla müntəzəm məşğul olurdu. İdman qantelini bir zənbilin içinə qoyub qızı Qanlığöl deyilən yerə dəvət edir. Gölün sahilində qantellə onu öldürərək çəsədi və qanteli gölə atır. Cinayətkarın cinayət yerinə aparılması əməliyyatında mən də iştirak etdim. O qanteli atdığı yeri göstərdi və dalğıc suya baş vurub qanteli çıxartdı və şəkillər çəkildi.

Etiraf edəndən sonra məndən bir qutu siqaret istədi. Gətirdim. “Mənim ömrüm başa çatıb,–dedi,–deyəsən”. Yanına vidalaşmağa gələn qohumlarını görəndə ürəyim parçalandı. Fağır, sarsıntıdan beli bükülmüş insanlardı. Hamısının qürur yeri olan bu cavan oğlan həyatda hər şeyi öz zəhmətilə qazanmışdı. Əfsuslar olsun ki, bu son vəziyyəti də”.

Aradan bir müddət keçdikdən sonra Sibirə göndərildiyini, az sonra da hökmün icra edildiyini dedilər. Atası da bu ağır xəbərə dözməyib dünyasını dəyişdi.

Cəfər Sadıq,
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir