Kəlbəcər – 25 il əvvəldən əvvəli vardı…


Kəlbəcər - 25 il əvvəldən əvvəli vardı...
KƏLBƏCƏR 2018-1993=25 ((

Oralarda bir kənd var- o kənd bizim kəndimizdir…

Keçmiş gələcəyin təməl daşıdır. O daşın üstündə qurulan gələcəkdir. Geriyə dönüb qururlanmaqdan başqa, bir də yaşanmış təcrübə məktəbidir. Amma bir yerə qədər. Bir yerdən sonra….

Orada bir kənd var. Kəlbəcərli dostlarımızın xəritədə tapıb, texnikanın verdiyi imkanla bilgisayarında böyüdüb baxa bildiyi nöqtə. Çığırlar, izlər, dalanlar, dağlar, qayalar, meşələr, çaylar, göllər, qızıl karxanaları… Hamısı bir nöqtə kimi… İşə bax, necə də coğrafiyanı bilir. Halbuki, coğrafıya dərsini bilmirdi bir vaxtlar. Müəllim o zaman xəritədə kəndimizi göstər desə, kənd o yana, Kəlbəcər yerləşən qitəni belə tapammazdı. İndi isə… Bilgi coğrafiyadan gələn deyil. Qarış-qarış gəzdiyi, xatirəsi hopduğu o yerlər alt yaddaşına elə yazılıb ki. Bu məşəqqətlərdə elini-özünü itirən o müəllimim bir də xəritəni qarşısıma qoyub sorsa-deyir. O gün verə bilmədiyi cavabı bu gün … Verə bilərmi?!

İtirdikdən sonra tapdığı cavab… O cavab nə onu qane edir, nə də qürbətdə məzarı müvəqqəti torpağa əmanət edilən o coğrafiya müəllimini.
Kəlbəcər - 25 il əvvəldən əvvəli vardı...
Orada bir kənd var… Baxın, burada-əlimin altındakı bu nöqtədə. Buradan kimlər gəlib keçməyib ki…

25 il əvvəldən əvvəli. O keçmiş şirindi. 25 il keçən keçmiş işə. Niyə bu qədər yaralayır, incidir, axı?!

Əsrin dörddə biri. Və dünyanın gülüş – zarafatlı aldatma günü kimi qeyd etdiyi tarix inana bilməyəcəyin acı gerçəkliklə qapını döyər.Yox səhv etdim. Güllə qapı döyməz, izn istəməz. Güllə sadəcə tətikçinin barmağının ucunda, onun tuşladığı nöqtəyə istiqamət götürərək qəfildən ocağına od –atəş salar.

Əsrin dörddə biri. O güllü-gülüzarın səsini mərmilər susdurar. Təbiətin bəstəsini yanlış notlar dəyişdirər. O gün bütün gerçəklərin yalan olar. Günün mistikasıdırmı? Sabah olacaq da bu yalanlar bitəcək. Niyə bitimir 25 ildir?

Bir gün yuxudan oyanıb evsiz-eşiksiz qalmaq, bir gecədə min ilin acısını yaşamaq və ən acınacaqlısı adına-qaçqın, didərgin, köçkün deyilib çağırılmaq. “Düşmənimə də aruzlamaram”- kateqoriyasına düşən acıdandır bu. Elə o düşmənin səndə açdığı xərçəng kimi şaxələnən, hələ öldürməsə də, süründürən bu dərd.

Mübtədan, xəbərin yerində olsa, nə olacaq ki… Söz qılıncdan kəsərli o zaman olur ki, qılınc sözlə eyni ritmdə, eyni laddadır.

Pafos… Ədəbi giriş… Keçmiş gələcəyin təməl daşıdır. Sadəcə 25 il əvvəldən əvvəli var olanı bir də 2 il əvvəl Aprel döyüşləri oyandıracaq, bir ümidə yol tutacaq və dava-mı, davamı-mı olcaqdı.

Bu keçmişin gələcəyi… 25 il bundan əvvəli… Onun tarixi. Coğrafiyanı öyrədən acı, bir bu tarixi də yerbəyer etsə…

Baxın, orada bir kənd var… O kənd bizim kəndimizdir. Amma gedə bilməyəcəyim qədər hələ çox uzaqdır.

Tünzalə Vəliqızı, Moskva
02.04.2018
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir