Məmməd İsmayıldan Musa Yaquba rekviyem əvəzi


Bәlanın bәhsindә bәxt uduzanda

Durub görәrsәn ki, yaza qar yağıb.

Ağzına su alıb zaman susanda

Yaxşı ki, sәn vardın, ay Musa Yaqub.

Gәlsin, ümid әkib dәrd bitirәnlәr

Zoğ kimi göyәrdi bu giley niyә?

Qardaş itirәnlәr, yar itirәnlәr,

Diyar itirәnlәr, belә göynüyәr.

Qürbətdə ölüm xəbərini eşidib göyür göyür göynəməkdən başqa əldən nə gəlir, tale qardaşım. Təsəllimiz budur ki, ölümsüz poeziyan böyük ruhunu min iller boyu yaşadacaq yetimlik yetirsә

şair yetirәr.

( Şair Musa Yaquba cavab mәktubu )

Hәqiqi ziyalı, şәrtlәr nә olursa olsun, tapındığı hәqiqәti hәtta ölüm ayağında da müdafiә etmәyi bacarmalıdır. Çünki çәkilәn hәr istirab sonunda müqәddәsliyin xәbәrçisidir vә onsuz da ziyalını ziyalı yapan çәkdiyi zülümdür, uğradığı haqsızlıqlara qarşı verdiyi mücadilәlәrdir. Münaqişәdә sonunda zәfәr mәğlub olanındır, bәlkә yenilmәk hardasa zәnginlәşmәkdir bir düşünürә görә. Vә ziyalı adındakı işığı qoruya bilmәsi ilә ziyalıdır. Onsuz da qaranlıq deyә bir şey dә yoxdur, işığın yox olduğu yerdә qaranlıq var. Aydının görәvi qaranlıqları aydınlatmaqdır.Ustad Cәmil Mәricin sözlәrini tәkrarlasaq: “ Türk aydınının qәdәri mәhbәsdә şarkı söylәmәkdir”. Dәrdi yalnızca pul olan bir yığından millәt olmaz, olsa da, ayaqda qalması mümkünsüzdür. Azәrbaycan aydını yalnız qürbәtdә deyil, vәtәndә dә qәribdir.

“Hәqiqәti bulan, fәrqli düşünür deyә onu hayqırmaqdan çәkinirsә, hәm axılsız, hәm dә qorxaqdır. Bir adamın mәndәn başqa hәr kәs aldanır demәsi doğrudan da çәtindir, amma hәqiqәtәn hәr kәs aldanırsa o nә etsin?” Daniel de Foin bu fikirlәrini dә elә belә xatırlamadım. Doğrudan da satqınlığın baş alıb getdiyi Azәrbaycan coğrafi mәkanında toplumumuz milli lallığını, karlığını yaşadığı, Bakı korlar şәhәrinә Türkiyә unudulanlar diyarına çevrildiyi bir vaxtda vәtәndәn qürbәtә gәlәn bir xәbәr ümidsizliyә haqqımın olmadığını, nә ölsә dә toxumun ölmәdiyini, min ildәn sonra da torpağa düşsә, yenә göyәrәcәyini diqtә edirdi.

“7 gün” qәzetinin 15 aprel 1997-ci il tarixli nömrәsindә Musa Yaqubun “Şair Mәmmәd İsmayıla mәktub” şeri çap olunmuşdu. (Әslindә ona poema da deyә bilәrsiniz.) Nә adı verirsiniz verin, bu mәktub, “Hamı lala, hamı kar, hardadı hәmkar?”.  Sәssiz iç harayıma vә mәnә qarşı qurulan unutdurma xәyanәtinә bir başqaldırı, bir hayqırış idi… Çünki indi yox, mәhz o zaman o mәktubu yazmaq da, onu sәxavәtlә çap etmәk dә qәhrәmanlığa bәrabәr bir iş idi, çünki yazan da, çap edәn dә buna görә onlara “sağ ol” deyilmәyәcәyini gözәl bilirdilәr. O zaman Musa Yaqub iqtidara yalmanan mәclisin üzvü idi vә deputat mandatlı bir adamın, qorxmadan, çәkinmәdәn, bilә-bilә bu riskә getmәsi, hәlә yaxşılıq toxumlarının sona qәdәr tükәnmәdiyinin bir sübutu idi. Hәqiqәti qızıl qırmızı müdafiә edәn vә buna görә işindәn-gücündәn, ailәsindәn, әn әsası canı qәdәr sevdiyi vәtәnindәn olan, geriyә dönüşü düyünә düşәn bir dostun xәtrinә “gözü çıxan qardaşı görmürsәnmi” misalını bilә-bilә öz taleyini riskә atmaq! Әlinizi ürәyinizin üstünә qoyub bu sualın cavabını öz-özünüzә verin,”әlini üzünә tutub” getmiş bir adama bundan artıq nә lazımdı ki?! Hәm dә uzun illәr sağımda, solumda quyruqbulayan tanrıtanımaz “dostlar”ımın buxarlandığı bir vaxtda nәdәn Musa Yaqub? Nәdәni birdir: Musa Yaqub tale şairidir, ona görә.

İnana bilәrsәn, әziz oxucum, “dostlarımı” sınağa çәkmәk üçün mәni qürbәtә salan taleyimә min kәrә şükür oxuyuram, bilirsәnmi niyә? Çünki vәtәndә qalsaydım, әvvәlki kimi vәzifәm-filanım olsaydı, heç zaman mәn bu adlarına dost dediyim sürüngәnlәrin kimliyini öyrәnә bilmәyәcәk vә bәlkә dünyamı da bu bilmәzlik içindә dәyişәcәkdim. Mәni sınaqdan-sınağa böyüdәn tale, sanki bu kәs dә “dost” sınağı-satqınlığı ilә üz-üzә gәlmәk üçün yolumu qürbәtә saldı vә dәstәk, umduğum yerdәn yox, bәlkә dә güman etmәdiyim yerdәn gәldi-Musa Yaqubdan. Mәnә ünvanlanmış bu qardaş göynәrtisi görünür Azәrbaycanın başqa bir yerindәn yox, mәhz tale qardaşım Musa Yaqubun doğma kәndi Buynuzdan yüksәlә bilәrdi.Yәqin bu, tәsadüfü deyil, çünki Buynuz nәyi ifadә edirsә, elә mәnim doğma kәndim Әsrik dә eyni anlamı ifadә edir. Bu adlar tәsadüfü deyil ki?! Hәr qoç buynuzlu, hәr gәnc әsrimiş-dәliqanlı olmur ki?! Vә belәcә Buynuzun qardaş göynәrtisinә Әsriyin bir şükran vә cavab borcu vardı.Vә o borcu әziz oxucum, sәninlә dә bölüşmәk istәdim.

Zәng etsәm, bir ümid varmı zәngә dә,

Elәmi yerdәsәn sәnә әl yetә?

Yağış buluduyam üzü qürbәtә,

Kövrәk misraların mәnimlә gedәr…

Bildim ki köpümü alacaq sәsin,

Dedim ki, bu şimşәk çaxmasın hәlә.

Dedim ki, bu bulud suya dönmәsin

Dedim ki, bu yağış yağmasın hәlә…

Nә bilim, bәlkә dә kәsibdi baxtım

Çәkdim sözlәrini hәsrәt suyuna.

Ege sularına qarışıb axdım,

Qarışdım qürbәtin qürbәt suyuna.

Gәlib imza atır hәrә bir ilkә

Min bir toy olsa da, birdir yasımız.

Anadan vәtәnә uzanmır, bәlkә

Qürbәtә uzanır alın yazımız…

Hәr insan dünyada qürbәt ölkәsi

Dәrd kimi oyanmış, bәxt kimi yatmış.

Bir el ki, içindә boğulur sәsi,

Bir yurd ki, haçandı qulağı batmış.

Bәlanın bәhsindә bәxt uduzanda

Durub görәrsәn ki, yaza qar yağıb.

Ağzına su alıb zaman susanda

Yaxşı ki, sәn vardın, ay Musa Yaqub.

Gәlsin, ümid әkib dәrd bitirәnlәr

Zoğ kimi göyәrdi bu giley niyә?

Qardaş itirәnlәr, yar itirәnlәr,

Diyar itirәnlәr, belә göynüyәr.

Çaya can atmaqdı bulağın andı

Dәrd vәtәn dәrdidi, ay Musa Yaqub.

Arxamca uzanan bu nә fәğandı,

Bu nә göynәrtidi, ay Musa Yaqub.

Uca zirvә seçәr yağan qar belә

Zirvә qazananı bulud itirәr.

Yetim ağlayanda ağlayar belә

Yetimlik yetirsә, şair yetirәr.

Şeytan marığına yatanda hamı

Yaxşı ki, sәn vardın, ay Musa Yaqub.

Bәlәnin başını aşan dünyamı

Geriyә qaytardın, ay Musa Yaqub.

Tanrı duasına gözü acdımı

Yal-yamac quruyur, ay Musa Yaqub.

Tәk elә quruyan qarağacdımı?

Hәr ağac quruyur, ay Musa Yaqub.

Dumana bürünәn bir dağ kimiyәm,

Qürbәtә bürünüb itdim gözündәn.

Üzüm yox, üzünә çıxa bilmirәm

Üzü qara olmuş bәxtin әlindәn.

Çürükdü bir qozun qabığında qәm

Yüz dәrdә qılıfdı, qәbirdi dәrim .

Mәn hardan gәlirәm? Vallah bilmirәm,

Haraya gedirәm? Yoxdu xәbәrim!

Göz oldum, qürbәtin nazına yatdım

İçinә boylanır yoldan azanlar..

Daha şairliyin daşını atdım

Kiminsә bәxtinә düşәcәk yәqin

Başını gözlәsin şeir yazanlar.

Düzdü, söz var oldu, paltar olmadı

Evdә uşaqların әyinlәrinә.

Susmadım, bu qәdәr yazdım, girmәdi

Çöldә nadanların beyinlәrinә…

Nәdәn qaçılsa da dәrddәn qaçılmır

Sirr kimi qönçәsi açsa da yazın.

Dәrdim açılsa da, qәlbim açılmır

Qalmışam әlindә bir çıxılmazın.

Şöhrәt dediklәri bir quru ündü

Bu dünya yox imiş eynimdә mәnim.

Uzaqdan baxarsan, başım düyündü

Yüz fikir dolaşıb beynimdә mәnim.

Öldümmü, qaldımmı düşmә sorağa

Nә yaxın anlayar, nә uzaq mәni.

O dәniz qoynundan atdı qırağa,

Büsbütün unutdu o torpaq mәni.

Çay bulaq gözündәn baş alıb gedәr

Bәlkә, ulaşmadı suyu bir kәsә.

Bu da bir taledi-ömrüm dәrbәdәr

Qayçı ayaqlarım mәnzillәr kәsәr.

Yol tutub yeriyir yalanlar bәzәn

Bәzәn açılanlar solmaq istәyir.

Görürsәn, birinci olanlar bәzәn

Axırdan birinci olmaq istәyir.

Yaşadım, bir şeylәr söylәdi yaşım

Әhdinә yetişәn bu bir mәramdı.

Birinci olmadım, yoxsa, qardaşım

Sonuncu olmaq da mәnә haramdı?

Sәn dә mәnim kimi “şöhrәtә” susa

Çәkilmәz qәmlәrin girinci sәn ol.

Dәrddә yerimizi dәyişәk,Musa

Gәl mәnim yerimә birinci, sәn ol.

Onsuz da çoxları qorxub, çәkinmir

Bazarı açıqdı-işә yarayır.

Gözәllik tükәnir, tükәnmәsinmi,

Gözәl yox, çirkin dә gözәl arayır.

Fikrinә tutalğac, ümid nöqtәsi

Hәrә bir bәhanә mәsәli tapır.

İnsan var arayır, gözәllik gәzir,

Sәadәt axtarır, tәsәlli tapır.

…Qürbәtin soluğu, suyu bir udum

Qayıdıb üz tutdum sәn sarı sәnә.

Bilmirәm, heç haçan mәn yalan oldum

Keçdi birincilik azarı sәnә.

Doğrudur, hәr tarda bir sarı sim var

Sәn dә o mәclisdә bir sirr adasan.

Dönüb bax, sağında, solunda kim var

Kim idin, kimlәrlә bir sıradasan?

Bәlkә, daş altında qalıbdı әlin

Bәs niyә çәkilib durmusan yanda?

İlin bu vәdәsi, böyük bir elin

Dili boğazından çıxarılanda.

Oxudum, gözümdә qaraltdı yazı,

Bir zaman N.S. qoşduğun yazı…

Qulaq burması var, qulaq burulub,

Qulağı eşitmir-kefindәdir kar!

Hamının ağzına qıfıl vurulub

Hamı lal, hamı kar, haradır hәmkar?..

Ömürmü, kömrmü fәrqi yox yanan,

Dәrd çıxır evlәrin baclarından!

Mayası haqdandır hәr bәrәkәtin,

Bәlkәmi, bu işin bәlkәsi yoxdu.

Arada şeytan var, bu mәmlәkәtin

Üstündә Tanrının kölgәsi yoxdu.

Nә üzlә qayıdaq de hansı kәndә

Gedәn bir-birinin bәhsinә gedir.

Bizim üzümüzә getmir, gedәndә

Bahar, tanrıların sәsinә gedir…

Yayın qızmarında, qışın qarında

Yolum haçan düşər o doğma kəndə

Bir ulu məzar var yol kənarında

“Çiçəyi açılar” məni görəndə…

Ana ülfətinin əvəzi varmı

Nədir doğma edən o yad yoldaşı?!

Oğul ilk sevgini heç unudarmı

Sonrakı sevgidir həyat yoldaşı…

Daşını tökməzmi ilahi göylər

Gileylər başından yağsa dünyanın.

Ana məhəbbəti fəlakət eylər

Övlad məhəbbəti yoxsa dünyanın…

Bahara nә var ki, bahar usanmaz

Göbәlәk gәtirәr bağlı qapılar.

Burda peyğәmbәr dә tapılar, amma

Ona atılacaq daş da tapılar…

Düşmәn dil çıxardı biz susa-susa

Ümid qönçәlәri yanıb bürüşdü.

Әsrikdә әsriklik qalmadı Musa,

Yoxsa, Buynuzun da buynuzu düşdü?!

Çıx, Vәtәn seyrinә gör nә gündәdi,

Ağrılı başlardı ağıllı başlar.

Köç geri qayıdıb, axsaq öndәdir

Tutub öz yerini keçәllәr, çaşlar.

Qazancın ağzına aldığın susa,

Susmaq qızıl imiş sözü haqlanır.

Kabab iyisin gedirik, Musa

Çatanda görürük eşşәk dağlanır.

Ay millәt vәkil, bir işığa çıx

Soruş, gör bu millәt hayana gedir.

Baş yazıq olubdu,ayaq da yazıq

Hәr kәs öz başının hayına gedir…

Alan özlәridi, stan özlәri

Füzuli, Kәlbәcәr, Ağdam, Laçın yox.

Әn gözәl tәrәzi elin gözlәri

Tәrәzi gәzmәyә ehtiyacın yox!

Mәn deyim, sәn eşit nә var o kәnddә

Orda uşaqlıdan qalma bir payız

Orda vaxt bәlәnin başından aşır.

Uzaq yamacında xatirәlәrin

Tutqun yaddaşında çaqqal ulaşır.

Әski sevgilәrin susub dillәri

Soyuyub nәfәsi alxışların da.

Orda mәndәn әsәn soyuq yellәri

Görәrsәn dostların baxışlarında.

Qalıb öz hayına әski hәyanlar

Hәrdәn varlığımı yoxa saydılar.

Şeytan mәclisindә yuxa yayanlar

Sonra da haqqımda şaiyә yaydılar.

Yox, daha anam da gәlmir şerimә

Ölәnlәr ehsanlar, ayәlәr gәzir.

İndi o yerlәrdә mәnim yerimә

Namәrdin yaydığı şaiyәlәr gәzir.

Bir ömrün qışı var, bir ömrün yazı

Hәr papaq altında bir sirr oğlu sirr:

Qırışan üzümә baxıb qımışır,

Tökülәn saçıma baxıb sevinir.

Bu dәrdә dözәrmi bir dev oğlu dev

Üzә dirәnәndә bәd ehtiyaclar.

Allah ümidinә tәpәdә bir ev,

Yamacda sahibsiz, yetim ağaclar.

Dağların qamaşan gözü gündәdi

Suları çay olur әriyәn qarın.

Kökü tәpәlәrdә od içindәdi,

Kölgәsi dәrәdә yuyunan narın.

Qalıb ağzı günә әkdiyim әkin

Gecikmiş qәdәmi daş olub qarın.

Gümanı bir az da azalıb yәqin,

Dumanı bir az da artıb dağların.

Gör nәlәr söylәyir o çay, o bulud

Cavabı kimdәdi, su var, su yoxdu.

Eh dağa nә var ki, unutma, unut

Onda unudulmaq qorxusu yoxdu.

Kül basmış közlәri kimdi közәrdәn?

Arı baldan bezib, ilan zәhәrdәn.

Kәramәt gözlәmir oyunçu zәrdәn,

Beşi uç olacaq, vecinә deyil.

Ömrümüz güdaza gedәn hesabmı

Görüş ayrılıqdan gәlәn cavabmı

Bu gizli gәlişlәr әsәn-savabmı

Yoxsa, suç olacaq vecinә deyil…

Ötәri xәyaldı duman dağ üçün,

Qınama, bir şey yox qınamaq üçün.

Tanrı sevdiyini sınamaq üçün

Yolunu qürbәtә salır, ay Musa.

Sәn özün bilirsәn nә deyim axı

Harda kimin kimi, nәyin nәyi var.

İnsanın özünә daldalanmağı

Sonra ölümünә çәkilmәyi var.

Görünәn dağların ardında dağlar

Anrıdan o yana anrı var isә

Gözә görünәnlәr yoxluğa mәhkum

Tanrıdan o yana Tanrı var isә

Yoxluğum qoy sәni çox incitmәsin…

Ay Allah bәndәsi, daha nә deyim,

Dәrviş ol, mәnim tәk sәn dә dәrdә var.

Bәlkә bu qәdәrdi mәnim bildiyim

Mәnim bilmәdiyim bir şeylәr dә var.

Bu mәn! Mәn çәkilib durdum qıraqda

Әlim uğurludu, bu, bir siftәdi.

Şeytan bazarında zorlu qabaqda,

Tanrı dәrgahında güc zәifdәdir.

Yandırıb kül edәr qorun dәrdini,

Biri dәrd çәkәndә biri kef çәkir.

Gör necә güclüdü, zorun dәrdini

O başıbәlalı bu zәif çәkir.

Tarix danışdırsa kәsik başları..

Muzey marağı var xәncәrә, bizdәn.

Qaranlıq arayan yad baxışları

İşıq oğurladı npәncәrәmizdәn.

Bir zaman dilimdәn çıxanlar ahdı,

Demişdim mәnzillәr kәsәndә ağlım.

Seçilәn bәndәdi, seçәn Allahdı

Sәn kimi seçirsәn sәn kimi xalqım?!

Kimin damağında de bu dad olur,

Bir söz söylәmişdim, bir söz keçәnlәr,

Adamlar seçәnlәr deputat olur,

Tarixә ad olur tale seçәnlәr…

Danşırsan belә.Susuran olmur,

Ay Musa!

Havaya, suya boğulmur

Namusa boğulur, insan namusa.

Fikrindәn dönmәdi fikri sәthilәr

Gәkib dәyişdilәr haqqı nahaqla.

Bizә bu әsirdә yer vermәdilәr,

Özünә gәlәcәk yüz ilә saxla!

Kim keçir tarixin saldığı izdәn

Üç yüz il yaşayır adi qarğalar.

Günlәrin birindә ölәrik, bizdәn

Ölüm xәbәrimiz yadigar qalar.

Atı da çaşırar buraxma yüyәn

Vәtәn istәyirәm yüyәni dartsın:

“Ölsәm dә qoynunda qoy ölüm ki, mәn,

Çürüyüm bir ovuc torpağı artsın!”

Bakı-Çanaqqala, 1997-1999


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir