Qəhrəmanmaraş -“SEDA” apartmanının sükutu-FOTO


Və ya  Səssizliyin naləsi

Taleyin cilvəsi ya ironiyası deyin. Zəlzələ baş verən o ana kimi  “Səda” apartmanı adı kimi səsli-sədalı, xoşbəxt ailələrə isti yuva idi. İndi o binanın yerində sadəcə böyük uçqun, altında isə  səssiz canlar var.

Cəlal Arslan həmin binada 7 nəfər doğmasını-bir ailəni bütünlükdə itirib. Bacısı qızı Güləndam, yoldaşı Əhməd, onların övladları və nənə (babaanne). O gecə yataqlarına girib və dərin bir yuxuya gedib, bir daha da…

“Böyük oğlunun  başına tavandan qopan daş düşüb. Çox əzilməmişdi.  Məni tanımaq üçün dağıntının başına çağıranda üzündə təbəssüm vardı”. Dayı Cəlal Arslan dili-dodağı yana yana anladır.

Cəlal Arslanı mənimlə bir məclisdə Moskvadakı yaxınlarım  tanış etmişdi. Adanalı olduğunu söyləmişdi o vaxt. Uzun zamandır Moskvada yaşayır. Rusiya vətəndaşıdır.  Zəlzələ xəbərini də burada  eşidib və…

Onu, ailəsini dostu Rüstəm Ələkbərovdan soruşdum.

-Bacısı Adanada, bacısı qızı isə Qəhrəmanmaraşda yaşayır. Bacısı qızı Güləndamdan xəbər yoxdu-dedi Rüstəm.

Cəlal bəy özü?-sualımı yarıda qoydu:  “Bacı, hansı dayı buna seyrçi qala bilər, gedib Maraşa,  ordadır neçə gündür”.

Üç oğlu və bir qızı olan Ustamazman ailəsi  xöşbəxt-məsud yaşayırdılar. Cəlal Arslanın bacısı qızı Güləndam  erkən ailə qurub.  Və 4 gözəl övlad böyüyürdü bu ailədə. Ata nənələri Mariyo Ustamazman ingilis əsilli olduğu üçün uşaqlar ingilis dilində də ana-türk dilindəki kimi danışdırdılar. Ailənin böyük oğlu 23 yaşlı Meteson universiteti bu il qurtarıb, ingilis dili müəllimi ixtisası alıb. Digər oğulları Mertin 17, Akının 15,  ailənin sonbeşik qızı Acelyanın isə 11 yaşı vardı.

 Cəlal bəy “Seda” apartmanının dağıntıları yanında gecə-gündüz keçik çəkərək, xilasedicilərlə birlikdə  6 gün bacısı qızının ailəsindən birinin sağ çıxacağını ümidlə gözləyib.

 Mənimlə telefon əlaqəsində bunları deyə bildi. “7-ci gün o dağıntının altından  sağ çıxacaqlarına  ümidim qalmamışdı daha”.

Cəlal bəy onu da dedi ki, burada dağıntı və vəziyyət teleekranlarda göründüyü kimi deyil. Mənzərəyə görsəniz. İnsan ürəyi dayanmaz buna.

“Xiasedicilər  Rusiya Fövqəladə Hallar nazirliyinin əməkdaşları olub. “Səda” apartmanı ilk 3 saniyə içində yerlə-yeksən olduğu üçün o binadan sağ qurtulanlar demək olar ki , bir əlin barmaq sayı qədər belə deyil “-Çəlal  Arslan oradakı vəziyyəti təsvir edir.

 “Rus xilasediciləri çox ehtiyatla və məharətlə işlərini görürdülər. Hər biri cansız insan bədəninə rastlaşdıqca bizimlə birgə ağlayırdılar”.

 Cəlal bəy  zəlzələnin 7-ci günündə binanın birinci mərtəbəsində yaşayan  7 nəfərlik bacısı qızı  ailəsindən 6 nəfərin nəşinin ona verildiyini söyləyir. Buna söyləmək demək olarsa.

“Hər birini  zələlədə ölənlər-Şəhid olanlar üçün ayrılmış yerə yan-yana dəfn etdim. Yeznəmin nəşi isə hələ tapılmayıb, amma bir-birlərindən ayrılmasınlar deyə onun da yerini boş qoyub gözləyirəm”-deyə ürəkdağlayan hekayəni anladır.

 “2017-ci ildə alıb köçmüşdülər bu bunaya. Bacım qızının evini görməyə getmişdim o zaman Moskvadan. Çox geniş-320 kvadratmetrlik bir dairə idi. O binada bütün mənzillər belə farahdı-genişdi. Uşaqlar çox savadlı və həyat doluydular. Bacım qızının özünün nə yaşı vardı ki. Cəmi 40.  Yeznəm də 48 yaşında. İnanılır kimi deyil, indi onlar yoxdur”-deyə gözyaşlarını silir.

 Ustamazmanlar ailəsinin dağıntılar altında həyatlarını itirdiyi bina 8 mərtəbəli olub. İlk qatında “Vestel” və “Samsung” marketlər varmış. Cəlal bəyə o binada gözətçi olan və 8-ci mərtəbədə yaşayan biri   elektron ev əşyaları satan market magaza geniş olsun apartmanın sutunlarını uçurubmuşdu -deyə danışıb. Zəlzələdə binanın elə ilk anda tam yerə  batmasında bunun da çox təsiri olub.

Binanın gözətçisi həyat yoldaşı ilə özünü bayıra atıb canlarını qurtarsalar da, o dağıntı altında 17 yaşlı yeganə qızıarını qoyublar.  O da Cəlal bəy kimi doğmasının dirisinə deyil, ölüsünə sarılıb.

Bu sətirləri barmaqlarım necə yazır bilmirəm. Amma ürəyimin necə acıdığını barmaqlarım da hiss edir.

“Can Azərbaycanın yardıma ilk qoşduğundan da minnətdarlıqla danışmağı unutmur, o boyda acının içində. Rusiyanın 1-ci kanalı gəlmişdi. Çəkirdilər. Onalırn xlasedicilərinin  əziyyəti, zəhməti danılmazıdr”. Xilasetmə işləri aparanlara  tərcüməçilk də etdiyini söyləyir.

Və təbii ki, Türkiyə ilə bir ürək, bir yumruq olan yurdunun insanından danışır. Türkiyənin hər bir yanından adi insanlar əllərinə keçəni  maşınlarına yığıb -yemək, təzə paltar,  ədyal, telefonları doldurmaq  üçün power bank -gətirib paylayanlar vardı ilk gün. Dövlətin dəstəyi də ayrı.  Bu Yaralar sağalacq,  nə qədər ki, yurdumun neçəkilometrlərlə uzaqdan durub darda olan qardaşlaırnın harayına gələn insanları var bu millət bu dövlət  hər zaman ayaqda dik duracaq. Amma, keşkə  bu fəlakət ölkəmdə yaşanmasaydı….

Amma gedən canlar şəkillərdən nboylanan o xoşbəxt simalar, Sədaları yerlə yeksan olan   “Səda” apartamının səssizliyinə qovuşanlar bir daha geri gəlməyəcəklər.  

Allah rəhmət eləsin!

Tünzalə Vəliqızı, Moskva
14 fevral 2023


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir