Yanılmarıq, Yanıldarıq!!!


Bu keçən illər ərzində “Qarabağa geri dönməyəcəyimizi” bir an olsun belə xəyalımdan keçirmədim. Mən birinci Qarabağ savaşından sonra qapı-qapı gəzib bir çox şəhidlərimizin ailəsində oldum. Gəncəbasardan-Samuxun kəndlərindən şəhid olanların bir çoxu tandıqlarımız, qohum-qonşularımızdı. Yadiğar vardı aralarında, mən onu at belində görmüşdüm, Vəzir vardı əfəndiydi, Vüqar vardı, işi -gücü tarix oxumaqdı, Rabil vardı-Neft Akademiyasını bitirib Bakıda qalıb işləyirdi, sonra zabit kimi döyüşə getmişdi, Adil vardı -o da ali təhsilli, Şahin vardı musiqiyə bağlı, ləqəbi “”nənəbalası “” olan adını xatırlamadığım o uşaq vardı…. Hərəsi bir kənddən, bir qəsəbədən….

Mənə görə burada bilgisayar başında oturub iki-üç “barıtı çox olan” cümlə yazmaqla vətənpərvər olunmur. Uşaqkən pəncərədən atasının yolunu gözləyən o uşaqları indi eyni pəncərə qarşısında oturub gözləyən atalar var ha, əsl vətənpərvər onlardı. O pəncərələr Qarabağa açılır! Nəfəsi barıt qoxulu torpaqların nəfəsliyini onlar açır son nəfəsində olsa belə!!!

Bəlkə güllələr altında oğlu olan yüzlərlə valideyn üçün “”Atəşi kəs”” bir anlıq bir udumluq rahat alınan nəfəsdir. Amma o Ana davamlı rahatlıq üçün oğlunun atəşsaçan topları durdurmasını istəyir. Milli ruh Budur! Bağrına daş deyil, yanan ürək bağlayıb “”sonuna kimi savaş”” deyə bilməkdir! Ürəyi təşnə olanların atəşinin qarşısını kəsəcək güc varmı?!

Polad Həşimov şəhid olanda “”Yanıltdın, general, yanıltdın”” -deyə yazmışdım. Və sentyabrın 27-dən bütün dünyanı yanıltmağı bacardıq! Yanıltdıq. Oğullar döyüşə can atması, ünlülər ütülü paltarları uniforma ilə dəyişməsi ilə…. Və dünyada sülhsevərliyi ilə tanınan Azərbaycan Anaları bu torpağın son kəndi, son dalanı, son küçəsi alınmayana kimi Atəş Durmasın-deməsiylə…

Biz Yanılmarıq, Yanıldarıq!!!

10.10.2020
Tünzalə Vəliqızı, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir