Yaroslavlda “Aşura dərsləri” kitabının təqdimatı oldu


Yaroslavlda  “Aşura dərsləri” kitabının təqdimatı oldu
31 Mart Dünya azərbaycanlılarının soyqırımı günü Yaroslavl şəhərində İlqar Kamilin (Həşimov) yeni işıq üzü görmüş “Aşura dərsləri” kitabının təqdimat mərasimi keçirildi. Təqdimat faciə qurbanlarınin ruhuna “Quran”dan oxunan bir surə ilə başlandı.

14 əsr bundan əvvəl Kərbəla çölündə baş verən Aşura faciəsini günümüzün Xocalı faciəsi ilə müqayisə edilib, faciələrə elmi-dini-fəlsəfi baxış sərgilənən “Aşura dərsləri” kitabının təqdimatında ilk olaraq söz müəllifə verildi.

İlqar Kamil ilk əvvəl 31 Mart Dünya azərbaycanlılarının soyqırımı ildönümüylə bağlı salondakılara və bütün xalqımıza başsağlığı verib, şəhidlərimizə Allahdan rəhmət dilədi. Sonra o, “Aşura dərsləri” kitabının təqdimatının niyə məhz bu gündə keçirilməsinə aydınlıq gətirərək, əslində kitabın təqdimatının 26-27 fevral Xocalı faciəsinin anım günlərində keçirməyi planlaşdırıldığını söylədi. Müəyyən texniki səbəblərdən tədbir o tarixdə baş tutmadığı üçün bu günə- digər faciəmizinnin ildönününə saldıq-dedi.

Sonra o, Aşura günlərində yazılıb ərsəyə gələn kitabın yazılma səbəbindən danışdı.

“Azərbaycan xalqının bu günkü durumuna bais, xalqımızın milli-mənəvi dəyərləri arasına salınan süni ayrılıqlardır. Bir qüdrətli xalqı məhv etmək üçün onu müxtəlif qismlərə böldülər. Bizi süni formada dini dəyərlərdən uzaqlaşdırıblar. Aşura dərsləri bizim mənəvi əsaslı dəyərlərimizdir. Bizim cıxış yolumuz- Qarabağın həlli yolu bundan keçir. Yeganə xilas yolu, bundan qurtuluş isə bizim xalqın milli-mənəvi-dini dəyərləri arasındakı süni ayrılığı aradan qaldırmaqla mümkün olacaq””.

İlqar Kamil bu konteksdə fikrini davam etdirərək,- bir azərbaycanlı üçün belə bir kitabın təqdimatında çıxış etmək ilk baxışda qəribə səslənir bəlkə,- dedi. Niyə? Çünki bizə Aşuranı yanlış çatdırıblar. İslam alimi Əli Şəriəti deyirdi ki, “”Çox təəssüf ki, bizə Həzrət Hüseynin (ə) ideyaları yerinə, yalnız onun yaralarını göstərdilər””. Mənim məqsədim İslamı yanlış anlayıb dini fanatizm kimi qəbul edənlərə və beləliklə dini məhfumlardan uzaqlaşanlara onun mahiyyətini düzgün nöqteyi-nəzərdən açıb göstərməkdir.

Ermənilər tərəfindən məruz qaldığımız hədələrə, hücumlara da toxunan İlqar Kamil tarixən ermənilərin təkcə bizi hədələmək, torpaqlarımızı əlimizdən almaq deyil, daha mənfur niyyətə köklənib etnik təmizləmə apararaq bizi yer üzündən silmək istədiklərindən söz açdı.

“1918-ci ildə onlara qarşı Nuru Paşanın komandanlığı altında Qafqaz İslam ordusu yarandı. Məhz “”İslam ordusu”” ifadəsinin üzərində dayanıram. Bu ordu Azərbaycan xalqının yer üzündən silinməsi planının qarşısını aldı. Müasir tarixdə də belədir. Mübariz İbrahimov. O kim idi? İnanclı bir gənc! Bu insan göstərdi ki, fəlakətdən qurtulmağın yolu dini dəyərlərimizə qayıtmaqdır””.

“”Aşura ümumbəşəri dəyərlər toplusudu, onu İslam çərçivəsində xülasələşdirən biz müsəlmanlarıq”” . Səhrada, isti qumlar altında qalmış “”Aşura dərsləri””ni üzə çıxarmaqla, məqsədim onunla “”Xocalı faciəsi”” və digər faciələrimiz arasında bir bag olduğunu göstərməkdir. Aşuranın dəsrlərindən dərs almağımızı aşılamaqdır. Buna nə dərəcədə nail olmuşam, onu oxucular deyəcək””-deyib hər kəsə təşəkkür etdi.


Rusiya Yazıçılar Birliyinin üzvü, jurnalist-publisist Cəfərsadıq Abbasov (Cəfər Sadıq) çıxışında bu gün qədim rus torpağı Yaroslavlda belə bir məclisdə, belə bir ciddi məsələ ilə bağlı mövzuya müraciət edilən kitabın təqdimatında iştirak etməkdən qürur duyduğunu bildirdi.

Cəfər Sadıq “Aşura dərsləri” kitabında onun diqqətini çəkən məqam müəllifin milli-mənəvi-dini dəyərlərimizə bu qədər ciddi qiymət verə bilməsidir-dedi. Bunu təkcə özü üçün deyil, hamının dərk edə biləcəyi, günümüzə tətbiq edə biləcəyi şəkildə təqdim etmək həqiqətən qəhrəmanlıqdır. 31 Mart hadisələri haqqında nisbətən son zamanlar xəbər tutduğumuzdan söz edərək,o, təəssüflər olsun ki, yenə bu hadisələr nə tədqiq olunur, nə də onu ölkədən kənara çıxara bilirik-deyə vurğuladı.

“Aşura dərsləri”nin mənim üçün müsbət tərəflərindən biri müəllifin dinimizin əsas faciələrindən biri olan Aşuranı günümüzün əsas faciələrindən biri olan Xocalı, 31 Mart və ən ağrılı dərdimiz olan Qarabag faciələri ilə bağlamasıdır-dedi natiq.

“Mən özümü din mütəxəssisi hesab etmirəm. Uzun müddət vətəndən kənarda yaşadığımıza görə dinimizin təqdim və təlqin etdiyi qaydalara layiqincə əməl etməmişik. Mən də gənc həmkarımızın kitabını oxuyandan sonra onun əsərdə də göstərdiyi kimi “nəyisə bilməmək mümkündür, hamı hər şeyi bilə bilməz, amma bimək üçün əlindən gələni etmək lazimdır” çağırışına qoşuluram. İlqar Kamilin qələmə aldığı belə kitabların yazılmasında, dinimizin yaxşı mənada təblig edilməsində fayda var””-dedi Cəfərsadıq Abbasov.

Yaroslavlda  “Aşura dərsləri” kitabının təqdimatı oldu
“Moskva müsəlmanları cəmiyyəti”nin sədri Famil Cəfərov 95 il bundan əvvəl 31 martda Azərbaycan müsəlmanlarına qarşı törədilmiş qırğında şəhid olanlara rəhmət dilədi.

“İslamın qorunub saxlanması, bərpa edilməsi Aşura qiyamı vasitəsilə olmuşdur. Aşura İslam dinini belə canlı saxlayıbsa, niyə görə Azərbacan xalqı bu qədər müsibətlərə məruz qalmasına baxmayaraq, bu qiyamdan bəhrələnməsin?!”” Bu yöndən cıxış edən F.Cəfərov Hindistan Azadlıq hərəkatının lideri Mahatma Qandinin belə bir fikrini sitat gətirdi. “ Mahatma Qandi deyirdi ki, bütün dünyanı gəzib dolandım, ancaq müstəmləkə zülmündən xilas olmaq üçün İraqın Kərbəla şəhərində şəhid olmuş İmam Hüseynlə bağlı bir ərməğan gətirdim. O ərməğan İmam Hüseynin şəhidlik məktəbidir!”

“İlqar Kamilin bu kitabi bu cəhətdən çox əhəmiyyətlidir. Biz SSRİ dağılandan sonra sevindik ki, azadlığa çıxmışıq. Amma elə bir şeylər ortaya çıxdı ki, xalqı elə istiqamətə apardılar ki, o, haqla batili qarışdırdı. İlqar Kamil fəlsəfi düşüncələrini sadə dildə oxucusu ilə bölüşərək “Haqqla batili ayırd etməyin yolunun başqa ideyalardan deyil, İslam ideyasından keçdiyini” ortaya qoyub. Min illər boyu alimlər, klassiklərimiz ona müraciət edib. İlqar Kamilin də kitabında bu fikir davam etdirilir”.

İlahiyyatçı alim Oktay Məmmədov “Aşura dərsləri” kitabından danışarkən “Quran”da qələmdən ayrıca bəhs edildiyinə diqqət çəkdi. ““And olsun qələmə”-deyə belə bir ifadə var. Haqqı yazan qələm müqəddəsdir. İlqar Kamilin qələmi bu qəbildən olanlara aid olduğunu bizə “Aşura dərsləri” kitabı bir daha göstərdi, təsdiq etdi”-dedi.
Yaroslavlda  “Aşura dərsləri” kitabının təqdimatı oldu

Dağıstandan gələn fəlsəfə elmləri doktoru Nizam Zeynalov Yaroslavla İlqar Kamilin təşkil etdiyi mərasimə ikinci dəfərdir gəldiyini söylədi: “İlk dəfə gəlişimdə ömrümdə ilk dəfə Azərbaycan dilində çıxış etmişdim. Bu gün bu ikinci dəfə olur. İlqar Kamil, onun yazdığı “Aşura dərsləri” kitabı haqqında söylənəcək ən gözəl fikirlər burada söyləndi. Mən nə deyə bilərəm ki, doğma Azərbaycan ləhcəsiylə “Sənə qurban olum”-deməkdən başqa”. Bu ifadələrlə kitaba və müəllifə münasibəti səmimiyyətin daha ötəsində olduğunu göstərdi Nizam Zeynalov.

Moskvadan gəlmiş hüqüqşünas-jurnalist Namiq Əzimov, Sankt-Peterburqdan gəlmiş yazıçı-publisist, idrak.info saytının rəhbəri Niyam Aqil , “Azərbaycan Mədəniyyətinin inkişafı və dirçəlişi fondu”nun rəhbəri Şamil Tağıyev və digər çıxış edənlər “Aşura” faciəsinin güzgüsündə müasir faciələrimizin əksini sadə və oxunaqlı dillə qələmə alan İlqar Kamilin təqdim etdiyi kitaba ““Aşüra dərsləri” günümüzün, həyatımızın dərsləridir” prizmasından qiymət verdilər.

Kitabın redaktoru Tünzalə Vəliqızı İlqar Kamilə kitabına onu redaktor olmağa layiq bildiyi üçün dərin təşəkkür etdi. Kitabın üz qabığındakı rəsmin müəllifi və üzrlü səbəbdən bu məclisdə iştirak etməyən rəssam İlhamə Qurbanovaya da təşəkkürlərini çatdırmağı unutmadı.
Yaroslavlda  “Aşura dərsləri” kitabının təqdimatı oldu

Sonda İlqar Kamil, məclisin belə mehriban, səmimi abu-havaya köklənməsindan məmnun qaldığını qeyd edərək, əməyi keçən hər kəsə təşəkkür etdi. Nazim Zeynalova xitabən isə “Qurbanın Dərbənd qoyunu olsun!”-dedi.

Təqdimatda ÜAK-nın nümayəndələri, Rusiyanın digər bölgələrindən gəlmiş qonaqlar, elm adamları, ziyalılar iştirak edirdilər.

Tədbir zamanı çıxışlar arasında tamaşaçılara 31 Mart soyqırımından, Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edın videosujetlər də göstərildi.

Sonda müəllifin kitab imzalama mərasimi oldu.

Tünzalə Vəliqızı, Moskva-Yaroslavl-Moskva
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir