Yenises.ru-nun baş redaktoru miqrant rolunda


Yenises.ru-nun baş redaktoru miqrant rolunda
Miqrantların imtahanı

Rusiyada miqrasiyanın leqallaşmasına yönələn “miqrasiya haqqında qanuna edilən” dəyişikliklər miqrantlar üçün yeni bir qadağa, baryer, sədd və nəhayətdə sərhəddir… Qanuna əlavə edilən o sədlər bir çoxlarını sərhədə götürür. Bir daha geriyə qayıda bilməyəcəyi sərhəddə. Özünün iqtisadi tərəqqisi ilə öyünənlə geridə qalan ölkədən olanının fərqi burada fərqsizləşir. İnkişaf edən ölkədən olmağının sənin həyatında təzahürünün olmaması hazırda burada patent növbəsində olmağınla möhürlüdür.

Mübahisəlidir. Doğrudur. Miqrantın hamısını başqa ölkəyə üz tutmağa vadar edən səbəb ölkəsində keçinə bilməməsi deyil, deyəcəksiniz. Başqa ölkədə “keçinə bilməyi” çoxdan keçən miqrant artıq o statusu da üstündən atdığı uzun zaman oldu. Yenə mübahisə edəcəksinizsə, buyurun. Mən bu mövzunun mübahisəli tərəfini deyil, miqrantların patent almaq üçün keçəcəyi prosedurları araşdırmaq üçün yola çıxdım.

Yenises.ru-nun baş redaktoru miqrant rolunda

Miqrantların patent alması üçün ayrılan mərkəz aeropotun girişini xatırladırdı. Gün ərzində 2000 adam xidmət edən mərkəzin qapısından keçib sıraya düzüləndə ilk anda bu qədər insan selini görüb geri dönməyi düşünənlər də oldu. Hətta aralarında “şəhərdə patent düzəldən başqa yer olsaydı, bura gəlməzdim”- deyə peşimanlıq keçirənlər də vardı. Sırada olanların çoxu özbəklər, ukraynalılar və moldovanlardı. İlk dəfə gələnlər birinci sıraya düzülüb məlumat almaq üçün məsləhətçilərin oturduğu stollara yaxınlaşırdılar.

Növbədə məndən qabaqda və arxada iki özbək ailəsi dayanmışdı. Avtobusda tanış olduğum Özbəkistandan olan Səidə müəllimə həyat yoldaşı ilə (o da müəllimdir) dekabrın sonunda patent aldığını və 3 ayın da vergisini keçirdiyindən söhbət saldı.

-Dekabrda patent alanda düşündük ki, yeni qanundan yan keçəcəyik, olmadı. İndi o patentlər ləğv olunub.

Onu da qeyd edim ki, “qanunun geriyə qüvvəsi yoxdur”- aksioması burada keçmir. 2015-ci il yanvarın birindən köhnə patentlər hüquqi qüvvəsini itirib. Yeni qaydalara görə hər kəs yenidən patent almalıdır.

Bildiyimiz, cavabını təxmin etdiyimiz suallara miqrasiya xidməti idarəsi işçilərinin cavabından sonra əmin olub, ikinci sıraya- rus dilindən imtahan vermək üçün düzülənlərə qoşulduq. Bu dəfə sıradakıları imtahanı necə verəcəkləri əndişələndirirdi. Özünə güvənəni belə imtahandan qorxusunu gizlətmirdi. Arabir həmyerlimiz Nəsibə Musayeva “mən imtahandan qorxuram, birdən keçəmmədim” sualı ilə arada gəzişib miqrantları bilgiləndirən Olqaya üz tuturdu. Bu üzügülər sarışın, incə xanım isə hər dəfəsində “mənimlə rusca danışırsan, məni başa düşürsən, imtahandan da keçəcəksən” deyirdi. Bu gözləmə də 2 saata yaxın çəkdi. Və nəhayət, imtahan vermək üçün içəri keçdik. İçəri deyilən əsgər kazarmalarını xatırladan yanaşı binalardan ibarət böyük çöl idi. Əlifba sıralamasında olan hərflərlə (“A”, “B”, “V”, “Q”…) işarələnmiş qapılarda ox işarələri sənə hara gedəcəyini göstərirdi. Beləcə rus dili, hüququ və tarixindən imhatan vermək üçün ayrılan dövlət rüsumu keçirlən “kazarmaya” daxil olduq.

Yenises.ru-nun baş redaktoru miqrant rolunda

Onu da qeyd edim ki, burada 30 yaxın kassa fəaliyyət göstərir. Sonra test keçirilən binaya gəldik. Qrup şəklində imtahan otağına keçmək üçün nömrələrimizi aldıq. 5\1-mənim nömrəm idi. Bu arada gözüm imtahandan keçmiş bir soydaşımızı tutur. Gənc ziyalı oğlana xitabən rusca -“üzr istəyirəm, hansı millətdənsiniz” –soruşdum. O da rusca “azərbaycalıyam” dedi. İmtahanda 20 sualdan 19-na cavab verdiyini bildirdi. Hər yandan ona suallar yağdırmağa başladılar. “Çətindirmi, tarixdən nə soruşulur, hüquq sualları necədir”. Ziyalı həmyerlimiz “çox asandır” deyib güldü. “Hətta gülməli suallardır”.

Nəsibə yenə əndişəlidir. Bu arada Kievin yaxınlığından olduğunu deyən Marina da “imtahan, necə olsa imtahandır”-deyib təzəcə dostlaşdığı Nəsibəni sakitləşdirir. “Mən də həyəcanlıyam, narahat olma”-deyir.

İmtahat verilən zala keçdik. İmtahan üçün ayrılan otaqlar çoxdur. Biz 5-ci otaqda yerimizi tutduq. Qarşıda manitor və 40 dəqiqə zaman. Əsl imtahan həyəcanı var hamıda. Çox sakit və soyuqqamlı olduğuma baxıb qibtə edənlər də var. Arada rus dilinin daşıyıcıları olan yeni tanışıb isnişdiklərimə “siz nədən qorxursunuz”-deyə zarafat edirəm.

Nə isə. İki nəzarətçi qadın hər kəsin onlara diqqətlə qulaq asmasını xahiş etdi. Əvvəl böyük monitorda qarşımızda olan monitorlardan necə istifadə edəcəyimiz haqqında məlumat verildi. “İmhatan 40 dəqiqə davam edəcək və 20 sualdan ən azı 11-nə cavab verən testdən keçmiş sayılacaq”.

Beləcə monitorlarımızda zaman başlayır. Sualları dinlədikcə sanki krassvord oyunu oynayırmış kimi hiss edirsən özünü. Bilmirəm, bəlkə mənə görə bu suallar hər kəsin biləcəyi asan suallardır. 20 sualın cavabı tez bitir. Və mən nəzarətçiyə “vaxtından əvvəl bitdi” komandasını verə bilərəmmi-deyə soruşdum. Təəccübləndi. Hətta bir az daha düşünməyimi məsləhət gördü. Razılaşmayıb “tapşırıq yerinə yetirildi” düyməsni basıram. Nəzarətçi 20 sual doğru, yekun -100% nəticəsini görüb üzümə sevinc və çaşqınlıqla baxır. “Günümüzün ilk əlaçısı”-deyib məni təqdir edir.

Və sizin peşəniz nədir-deyə maraqlandı. “Jurnalsitəm”-dediyimdə yenə söhbəti davam etdirdi. Niyə burada olduğumu, harada işlədiyimi soruşub əlavə etdi. “Savadlı, ziyalı insanlara hörmətim böyükdür”.

Bu arada qonşu partada oturan işçi özbəyə kömək etmək istəyimə nəzarətçinin sərt baxışı mane olur. Adı İsmayıl olan özbək fəhlə 20 sualdan 9-na düz cabab verib və keçməyib. İndi nəzarətçi qızlar da üzgündürlər. Rusca pis danışan bu zəhmətkeş və kasıblığı üzündən oxunan adama acıyırlar. Yenə 500 rubl rüsum keçirib təkrar imtahan verə bilər. “Bu günə yenidən yetişə bilərəmmi” –deyə soruşdu. Qızlar “hə” cavabını verəndən sonra pul keçirməyə tələsdi.

Onu da qeyd edim ki, imtahanı uğursuz verənlərin pulunu keçirib özünü 5 dəfə sınaya bilmək imkanı var.

Yenises.ru-nun baş redaktoru miqrant rolunda
Suallar əslində çox asandır: “ Xarici vətəndaş miqrasiya kartını itirərsə neçə gün ərzində Miqrasiya xidməti idarəsinə xəbər verməlidir”, “1917-ci ildə Rusiyada hansı tarixi hadisə baş verib” və Çoxfunksiyalı Miqrasiya mərkəzinin yerləşdiyi “Troitskin bir başqa adı nədir” kimi hamının bilə biləcəyi suallar da testdə yer alıb. Amma yenə yüzdə yüz cavab verə bilən azdır. Ukraynalı Marina 17 suala doğru cavab verdiyini deyir. Səidə müəllimənin 18-doğru cavabı olub.

Günün qəhrəmanı isə imtahandan qorxan həmyerlimiz Nəsibədir. 20 suala cavab verdiyini deyəndə ona baxıb “bu da imtahandan qorxan”-deyib qibtələrini gizlətmədilər.

Hava çoxdan qaralıb. Saat 18:00-u göstərir. Bu gün bütün prosedurlardan keçmək imkansızdır. Bizi geri gətirəcək avtobusa tələsirik. Burada sürücüdən tutmuş sərnişinlərə kimi hamı sanki bir müəssisənin işçiləri, eyni kollektivdə çalışanlar kimi hamı bir-biriylə deyib gülür. Kimi imtahandakı qəliz, kimi isə asan sualları müzakirə edir. Mənim 20 almağımı Moskvada bir rus ailəsinin ev xidmətçisi işlədiyini deyən yaşlı özbək qadını Maya xala- “Gəl də bu bilməsin, ali təhsilli jurnalistdir”-deyib bəraətləndirir. 50 yaşlarındakı moldovalı Viktor dayı da 16 suala cavab verdiyindən və görəsən hansı sualın cavabının doğru olmamasının düşündüyünü deyir. “Deyəsən mən milli birlik günü” cavabını doğru bilmədim. Hər şeyi mən bilirmişəmmiş kimi məndən soruşur.

Beləcə şirin söhbət və polemika ilə yenə geriyə Moskvaya yol başlayır. Səhər uzun növbəni görüb narahat olanlar yorğun olsalar da məmnundurlar. Xidmət, abu-hava xoş təsirini göstərib. Amma hər kəsi düşündürən yeni suallar, yenə suallar var, olacaq. Yenə yeni suallara cavab üçün miqrantlara xidmət göstərən mərkəzdə yeni tanışlarla görüşəcəyik.

Onu da qeyd edim ki, ilkin mərhələdə bütün prosedurlardan keçib patent almaq orta hesabla 14 500 rubla başa gəlir.

O mərkəzdə bir qrupu başına yığıb gətirən, həmyerlilərinə yardım edən tacik, özbək diasporunun nümayəndələri də vardı. Və orada bizimkilər başqa millətlərə nəzərən barmaq hesabıyla hesablanacaq qədər idi.Rusiyada miqrant sayına görə adımızın üst sıralarda olmasına baxmayaraq.

Miqrant üçün bir imtahan günü də beləcə bitdi. Amma nə zamana kimi miqrantdırlar, həyatla savaş-barışa əlavə edilən bu imtahanlar çox uzanacaq…

Xüsusi qeyd: Troitsk çoxfunksiyalı miqrasiya mərkəzində telefonla danışmağa və şəkil çəkməyə qoymurdular.

Tünzalə Vəliqızı
Moskva, Troitsk, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir